XƏBƏRLƏR / Diplomatiya

Brüsseldə NATO-Azərbaycan formatında görüş keçirilib

Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib

Brüsseldə NATO-Azərbaycan formatında görüş keçirilib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 15:29

    Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun Daimi Nümayəndələrinin müavinləri Komitəsi ilə görüş keçirib.

    Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib.

    O bildirib ki, NATO-Azərbaycan formatında keçirilən görüş Azərbaycan-NATO tərəfdaşlığında əldə olunan irəliləyişi qiymətləndirmək, həmçinin regional və beynəlxalq gündəmdəki prosesləri müzakirə etmək imkanı yaradıb.

    Hikmət Hacıyev Azərbaycanın etibarlı NATO tərəfdaşı kimi beynəlxalq sülh və təhlükəsizliyə, o cümlədən beynəlxalq sülhə dəstək əməliyyatlarında iştirakı vasitəsilə ardıcıl töhfə verdiyini qeyd edib.

    Onun sözlərinə görə, illər ərzində Azərbaycan-NATO əməkdaşlığı siyasi dialoqu, müdafiə, təhlükəsizlik və potensialın gücləndirilməsi sahələrində praktiki əməkdaşlığı əhatə edən çoxşaxəli tərəfdaşlığa çevrilib.

    “Azərbaycan 1994-cü ildə müharibə və qeyri-müəyyənlik şəraitində bu tərəfdaşlığa qoşulub. Bu gün isə sizin qarşınızda bərpa edilmiş suverenlik, real sülh və artan regional məsuliyyət mövqeyindən çıxış edirik. Tərəfdaşlığımız qarşılıqlı hörmətə, ortaq maraqlara və praktiki əməkdaşlığa əsaslanır. Təhlükəsiz, əlaqəli və sülh içində olan Cənubi Qafqaz naminə bu tərəfdaşlığı daha da irəli aparmağa hazırıq”, – Hikmət Hacıyev bildirib.

    ***

    13:49

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Kevin Hamiltonla görüşüb.

    Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib.

    Görüşdə Azərbaycan–NATO tərəfdaşlığının hazırkı vəziyyəti və gələcək perspektivləri, o cümlədən əməkdaşlığın yeni modellərinin hazırlanması məsələləri müzakirə olunub.

    Hikmət Hacıyev Azərbaycanın NATO-nun fəal və etibarlı tərəfdaşı olduğunu vurğulayıb. O, ölkənin hərbi imkanları, strateji coğrafi mövqeyi, regional bağlantıların inkişafı və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələr barədə danışıb.

    Həmçinin, Azərbaycan–NATO əməkdaşlığının daha da inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.