Hikmət Mirzəyev Ankarada Metin Gürak ilə görüşüb
Quru Qoşunların komandanı Türkiyə SQ-nin Baş qərargah rəisi ilə hərbi, hərbi-texniki və hərbi-təhsil məsələlərini müzakirə edib

Azərbaycan Quru Qoşunları komandanının Türkiyədə səfəri davam edir.
Türkiyədə səfərdə olan Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-polkovnik Hikmət Mirzəyev bu ölkənin Silahlı Qüvvələrinin Baş qərargah rəisi ordu generalı Metin Gürak ilə görüşüb.
Ordu generalı Metin Gürak görüşdə Azərbaycan-Türkiyə arasında mövcud olan dostluq və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığımızın inkişafına göstərdiyi müsbət təsiri xüsusi qeyd edib, icra olunan birgə fəaliyyətlərin bundan sonra da genişləndiriləcəyinə əmin olduğunu bildirib.
Göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlıq bildirən müdafiə nazirinin müavini səfər çərçivəsində keçirdiyi görüşlərlə bağlı xoş təəssüratlarını çatdırıb.
Görüşdə tərəflər hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran mövzulara dair geniş fikir mübadiləsi aparıblar.