
07:53
Hindistan ordusu Kəşmirdə nəzarət xəttində yerləşən Çora kompleksində ağ bayraq qaldırıb.
Bu barədə “Daily Pakistan” qəzeti təhlükəsizlik güclərindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Pakistan Ordusunun nəzarət xətti boyunca düşmən postlarına ciddi zərbə vurması Hindistan ordusunun Çora kompleksi postunda ağ bayraq asmasına səbəb olub.
Mənbələr həmçinin, Azad Cammu və Kəşmirdə nəzarət xətti yaxınlığındakı əməliyyatlarda iştirak edən Hindistanın əsas taktiki quruluşu olan 12-ci piyada briqadası, 9-cu diviziya, 15-ci korpusun qərargahının Pakistan Ordusu tərəfindən məhv edildiyini təsdiqləyib.
Xatırladaq ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanın mülki infrastrukturuna zərbələr endirib. Hücum nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər yaralanıb. Pakistan tərəfi Hindistanın təcavüzünə cavab tədbirləri görüb və son məlumata əsasən Hindistanın beş qırıcısı vurulub.
***
06:33
Hindistan ordusunun Pakistana endirdiyi zərbələr nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər yaralanıb.
Bu haqda “Geo TV” Pakistan ordusuna istinadən məlumat yayıb.
Məlumata görə, daha iki nəfər itkin düşüb.
***
05:29
Hindistan Pakistanın üç şəhərinə raket zərbələri endirib.
Bu barədə “ARY News”a Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri məlumat verib.
Onun sözlərinə görə, Hindistan ordusunun hədəfi Pəncab əyalətinin Bahavalpur və Azad Kəşmirin iki şəhəri - Kotli və Müzəffərabad olub. Vurğulanıb ki, hazırda raket zərbələri nəticəsində dəyən ziyan qiymətləndirilir.
General qeyd edib ki, Hindistanın xain hücumu cavabsız qalmayacaq.
KİV-in məlumatına görə, Bahavalpurda dörd partlayış qeydə alınıb, vətəndaşlar təşvişə düşərək evlərindən çıxıblar.
Pakistan üç şəhərinə endirilən raket zərbələrinə cavab olaraq Hindistandakı hədəfləri vurub.
Bu barədə “Samaa TV” mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, qərar Hindistanın mülki şəxslərə hücumu səbəbindən qəbul edilib.
Yerli mənbələrin məlumatına görə, Pakistan Hərbi Hava Qüvvələri bir neçə Hindistan təyyarəsini vurub.
Bu barədə “Geo News” telekanalı təhlükəsizlik xidmətindəki mənbələrə istinadən məlumat yayıb.
“Hazırda Pakistan Hərbi Hava Qüvvələri Fransa istehsalı olan iki “Rafale” və Rusiya istehsalı olan bir “Su-30” qırıcısı daxil olmaqla beş Hindistan təyyarəsini vurub”, - telekanalın mənbələri qeyd ediblər.
Təyyarələrdən biri Pakistanın “hava-hava” tipli raketi ilə məhv edilib. Pakistanın müdafiə naziri Xavaca Asif xəbəri təsdiq edib.
Bu arada Hindistan Hərbi Hava Qüvvələri gecə hücumu zamanı Pakistanda mülki infrastruktura, o cümlədən dörd məscidə zərbələr endirib.
Bunu Pakistan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri deyib.
Onun sözlərinə görə, zərbələr Əhmədpur İst və Muridke (Pəncab əyaləti), Müzəffərabad və Kotli (Azad Cammu və Kəşmirin Pakistan ərazisi) şəhərlərindəki məscidlərə endirilib.
Daha bir mərmi Sialkot şəhəri yaxınlığındakı kəndə düşüb, lakin partlayış baş verməyib.