Suriyada üsyançı qruplar Müdafiə Nazirliyinə tabe olacaq
Suriyanın d- facto lideri Əhməd əl-Şara keçmiş üsyançı qrupların rəhbərləri ilə razılığa gəlib

Suriyanın de-facto lideri Əhməd əl-Şara çərşənbə axşamı keçmiş üsyançı qrupların rəhbərləri ilə razılığa gələrək, onların qruplarını ləğv edib Müdafiə Nazirliyi altında birləşdirmək qərarına gəlib. Bu barədə Dəməşqdən yeni qurulan administrasiyanın bəyanatında məlumat verilib.
"Reuters" xəbər verir ki, bu razılaşma Suriyanın davam edən siyasi strukturlaşmasında mühüm bir addımı təmsil edir. Keçən həftə Baş nazir Məhəmməd əl-Bəşir Müdafiə Nazirliyinin islahatını elan edərək, keçmiş üsyançı qrupları və Prezident Bəşər Əsədin ordusundan döyüşdən çıxan zabitləri nazirliyə daxil etməyi planlaşdırdığını bildirmişdi.
Əl-Şara indi ideologiyalar və bağlılıqlar baxımından tarixi olaraq bölünmüş olan müxtəlif üsyançı qrupları arasında qarşıdurmaların qarşısını almaq kimi çətin bir tapşırıqla üzləşir. Yeni hökumət, Əsədi devirməyi bacaran hərəkatın tanınmış fiquru Murhaf Əbu Qasrı müvəqqəti hökumətin müdafiə naziri təyin edib.
Bu qərarın həmçinin Suriya əhalisinin müxtəlif etnik və dini qrupları üçün nəticələri var. Bunlara müsəlman kürdlər, şiələr, suriyalı, yunan və erməni pravoslav xristianları ilə druz icması daxildir. Bu azlıqlar vətəndaş müharibəsi dövründə gələcəkdəki sünni islamçı hökumətin həyat tərflərinə təhdid yarada biləcəyindən narahatlıqlarını ifadə ediblər.
Şara Qərbdən gələn nümayəndələrə verdiyi bəyanatında onun qrupu olan "Heyət Təhrir əl-Şam"ın (HTŞ) əvvəllər əl-Qaidə ilə əlaqəli olan, keçmiş rejimə qarşı intiqam almayacağını və dini azlıqları təqib etməyəcəyini vurğulayıb.
Xatırladaq ki, Suriya üsyançıları 8 dekabrda Dəməşqi ələ keçirərək, Əsədi 13 ildən çox davam edən vətəndaş müharibəsindən sonra qaçmağa məcbur etdilər və onun ailəsinin ölkə üzərindəki onilliklərə dayanan hakimiyyətini faktiki olaraq sona çatdırdılar.