XƏBƏRLƏR / Münaqişə

Rusiya-Ukrayna danışıqlarının vaxtı hələ də bəlli deyil

YENİLƏNİR

Rusiya-Ukrayna danışıqlarının vaxtı hələ də bəlli deyil
  • Oxuma müddəti:

    6 dəqiqə

  • 18:59

    İstanbulda baş tutacaq Rusiya və Ukrayna danışıqlarının vaxtı hələ də bəlli deyil.

    Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

    Rusiya danışıqların saat məsələsi ilə bağlı sadəcə Ukraynaya deyil, bütün tərəflərə qarşı hörmətsizlik edir.

    Zelenski Ukrayna heyətinin bü gün və sabah İstanbulda qalacağını da vurğulayıb.

    O, görüşün sabah da baş tuta biləcəyini əlavə edərək, hər kəsin Rusiya tərəfinin addımını gözlədiyini bildirib.

    Zelenski əlavə edib: "Rusiya nümayəndə heyətinin səviyyəsini görəndən sonra anladıq ki, onlar ciddi danışıqlara hazır deyillər".

    Zelenskinin sözlərinə görə, Rusiya ilə danışıqlarda Baş Qərargah rəisi və təhlükəsizlik xidmətinin rəhbəri olmayacaq. Ukraynanın müdafiə naziri Rustem Umerov İstanbulda Rusiya ilə danışıqlarda iştirak edəcək. Ukrayna nümayəndə heyətinə o başçılıq edəcək.

    “Nümayəndə heyətimizin gündəmində atəşkəs olacaq, lakin Rusiya nümayəndə heyətinin bu əhval-ruhiyyədə olduğuna əmin deyilik. Danışıqlarda iştirak edənlər arasında biz əslində qərar qəbul edənləri görmürük. Mən hələ də düşünürəm ki, Rusiya bu görüşlərə ciddi yanaşmır, müharibəni dayandırmaq istəmir”.

    Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski media üçün brifinqdə deyib ki, Rusiya nümayəndə heyətinin vəzifəsi uzunmüddətli sülhün bərqərar olması və münaqişənin səbəblərinin aradan qaldırılmasıdır.

    O bildirib ki, Rusiya nümayəndə heyəti İstanbuldakı danışıqları 2022-ci ildə dayandırılmış sülh prosesinin davamı hesab edir:

    "Rusiya nümayəndə heyəti konstruktiv əhval-ruhiyyə və münaqişənin həlli yollarını axtarır. Rusiyanın İstanbuldakı nümayəndə heyəti lazımi səlahiyyətlərə malikdir".

    ***

    17:34

    İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında görüşün başlaması ilə bağlı yayılan xəbərlər doğru deyil. Bu barədə TASS mənbəyə istinadən məlumat yayıb.

    “Bu doğru deyil”, - agentliyin mənbəsi Türkiyənin “TRT Haber” telekanalına istinadən nümayəndə heyətləri arasında danışıqların başlaması ilə bağlı xəbəri şərh edib.

    Bundan əvvəl Ukrayna Rusiya nümayəndə heyəti ilə İstanbulda görüşməyə hazır olduğunu bəyan edib. "Reuters"in mənbəsinə görə, “Rusiya nümayəndə heyəti ciddi danışıqlara hazır olarsa” Ukrayna nümayəndə heyəti təmasda ola bilər.

    Eyni zamanda, Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdən sonra Rusiya ilə danışıqların pozulması ehtimalını qeyd edib.. Siyasətçi bəyan edib ki, Kiyevin Ukraynadakı münaqişənin həlli ilə bağlı mühüm qərarlar qəbul etmək üçün “bir neçə saatı olacaq”.

    ***

    11:30

    Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda danışıqların başlaması “nahardan sonraya” təxirə salınıb. Bu barədə Türkiyə KİV xəbər yayır.

    ***

    09:31

    Dünyanın diqqəti bu gün İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarına yönəlib.

    Kreml Ukraynanın Zelenski-Putin görüşü çağırışına mənfi cavab verib. Lakin Putin yüksək səviyyəli rus diplomatları və müdafiə rəsmilərindən ibarət nümayəndə heyətini göndərib.

    Ukrayna Prezidenti Zelenski Türkiyə lideri Ərdoğanla görüşmək üçün Ankaraya gəlib.

    Qeyd edək ki, Ukrayna məsələsi üzrə İstanbul danışıqları Moskva vaxtı ilə saat 10:00-da (Bakı vaxtı ilə saat 11:00) başlayacaq.

    Bu barədə TASS-a adının açıqlanmasını istəməyən mənbə məlumat verib.

    Görüş mətbuat üçün qapalı keçiriləcək.

    Görüşün Dolmabahça sarayında təşkil olunması gözlənilir.

    Xatırladaq ki, Rusiyanın 24 fevral 2022-ci ildə Ukraynaya hücumu ilə başlayan müharibədə Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojya bölgələri böyük ölçüdə ilhaq edilib.

    2014-cü ildə Krımın Rusiya tərəfindən ilhaq ilə Ukrayna ərazisinin təxminən beşdə birinə nəzarəti itirib.

    ABŞ və Avropa ölkələri Ukraynaya geniş iqtisadi və hərbi yardım göstərir, Rusiyaya qarşı ağır sanksiyalar tətbiq edir.

    Belarusdakı danışıqlardan sonra Rusiya və Ukrayna xarici işlər nazirləri 10 mart 2022-ci il tarixində Antalya Diplomatiya Forumunda görüşmüşdülər.

    Türkiyə tərəfləri 29 mart 2022-ci ildə İstanbulda bir araya gətirib.

    İstanbul danışıqlarında tərəflərin əldə etdiyi razılaşma Buça şəhərində mülki vətəndaşların öldürüldüyünə dair ittihamlarla pozulub, İngiltərə və ABŞ-ın razılaşmaya qarşı çıxdığı iddiaları irəli sürülüb.

    Müharibənin şiddətlənməsinə baxmayaraq sülh səylərini davam etdirən Türkiyə eyni il Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəyi ilə tərəfləri yenidən bir araya gətirdi və dünyada geniş əks-səda doğuran Qara Dəniz Taxıl Təşəbbüsü Müqaviləsinin imzalanmasını təmin etdi.

    Rəcəb Tayyib Ərdoğan sülh danışıqlarına ev sahibliyi etmək və vasitəçilik etmək təklifini davam etdirərkən, ABŞ-da Donald Trampın prezident seçilməsi ilə diplomatiya yenidən sürət qazanıb.

    Rusiya Prezidenti Vladimir Putin mayın 11-də İstanbulda 3 il əvvəl kəsilən birbaşa danışıqların mayın 15-də heç bir şərt olmadan yenidən başlaması təklifini gündəmə gətirib və prezident Ərdoğandan danışıqlara ev sahibliyi etməsini istəyib.

    Ukrayna administrasiyası buna müsbət cavab verib, beynəlxalq ictimaiyyət də İstanbul sülh danışıqlarının gündəmini alqışlayıb.