Hindistanın Aya göndərdiyi kosmik cihazın tədqiqat işləri
Bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı bildirib
Hindistanın “Çandrayaan-3” avtomatik stansiyası tərəfindən bir gün əvvəl Aya çatdırılan “Praqyan” lunoxodu Yerin peykinin səthində tədqiqatlara başlayıb.
Bu barədə Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) bildirib.
“Bütün sistemlər (enişdən sonra) normaldır. Roverin hərəkəti başlayıb”, - deyə məlumatda qeyd olunur.
Bundan əvvəl ISRO məlumat vermişdi ki, Aysal roveri çərşənbə günü Aya enən "Çandrayaan-3" avtomatik planetlərarası stansiyasının Vikram eniş aparatının platformasından ayrılıb.
Müxtəlif tədqiqat avadanlığı ilə təchiz edilmiş “Praqyan” Aysal roveri Yerin peykinin səthinin kimyəvi analizini aparacaq. Çəkisi 20 kq olan roverin missiyası Yer təqvimi ilə 14 gün üçün nəzərdə tutulub.
LVM3 raketinin “Çandrayaan-3” avtomatik planetlərarası stansiyası ilə buraxılışı iyulun 14-də Şriharikota adasında yerləşən Satish Dhawan Kosmik Mərkəzinin buraxılış meydançasından həyata keçirilib. Avqustun 5-də stansiya Ayın orbitinə buraxılıb.
Qeyd edək ki, Hindistan keçmiş SSRİ, ABŞ və Çindən sonra aparatını Aya endirən dördüncü ölkə olub.