Hindistanın Baş naziri qırıcı təyyarədə səmaya qalxıb VİDEO
“Tejas” 2015-ci ildə Hindistan Hərbi Hava Qüvvələrində silahlanmaya qəbul olunub
Hindistanın Baş naziri Narendra Modi yerli istehsal olan “Tejas” yüngül qırıcı təyyarəsində uçuş həyata keçirib.
Hindistan hökumətinin rəhbəri bu barədə özünün sosial media hesabında yazıb. Uçuş ölkənin cənubundakı Karnataka ştatının Banqalor şəhərində baş tutub. “Tejas” bir nəfərlik qırıcı təyyarə olsa da, Narendra Modi onun iki yerlik təlim versiyasında səmaya qalxıb.
Hindistanın “Aeronautics Limited” kompaniyası tərəfindən istehsal olunan “Tejas” qırıcı təyyarəsi üzərində çalışmalar 1980-ci illərdən bəri davam edir. Təyyarə 2015-ci ildə Hindistan Hərbi Hava Qüvvələrində silahlanmaya qəbul olunub. Hazırda onun “Tejas Mk2” modifikasiyası üzərində işlər gedir.
“Aeronautics Limited” kompaniyasının məlumatına görə, “Tejas” qırıcısının dörd ölkəyə - Malayziya, Misir, Argentina və Botsvanaya satışı ilə bağlı danışıqlar aparılır.