Hitlerin evində insan hüquqları təlimi keçiriləcək FOTO
2019-cu ilin noyabrında Hitlerin doğulduğu evin polis bölməsinə çevrilməsinə qərar verilib və bu çərçivədə bütün Avropada layihə müsabiqəsi keçirilib
Avstriyanın Braunau am İnn qəsəbəsində Hitlerin doğulduğu ev 2019-cu ildə alınan qərarla polis bölməsinə çevrildikdən sonra polis qüvvələrinə insan haqları sahəsində təlim keçiləcəyi açıqlanıb.
“Hitlerin evi” kimi tanınan binanın və ya nasist liderinin doğulduğu evin nasist rəğbətçilərinin tez-tez ziyarətgahına çevrilməsinin qarşısını almaq və təkrar istifadəsini təmin etmək üçün yaradılan komissiyanın üzvü, tarixçi Oliver Razkolb açıqlama verib.
Razkolb bildirib ki, Hitlerin doğulduğu evin taleyi ilə bağlı keçirilən rəy sorğularında əhalinin 53 faizi onun anti-nasist dünyagörüşü qurumuna çevrilməsi lazım olduğunu, 23 faizi isə hüquqi tənzimləmələrə görə binanın sökülməsinin mümkün olmadığını bildirib.
2026-cı ildə polis bölməsi kimi istifadə ediləcək binanın hər iki istiqamətə xidmət göstərəcəyini qeyd edən Razkolb "Yuxarı Avstriya əyalətindəki polislər gələcəkdə burada insan haqları sahəsində təhsil alacaqlar. Eyni zamanda, ölkədəki bütün polis qüvvələri üçün təlim mərkəzi kimi xidmətə açıq olacaq” deyib.
Polis bölməsinə çevirmək qərarı
1889-cu ildə Yuxarı Avstriya əyalətinin Braunau am İnn şəhərində nasist lideri Adolf Hitlerin doğulduğu ev ölkədə ciddi müzakirələrə səbəb olub.
2019-cu ilin noyabrında Hitlerin doğulduğu evin polis bölməsinə çevrilməsinə qərar verilib və bu çərçivədə bütün Avropada layihə müsabiqəsi keçirilib.
Daxili işlər naziri Karl Nehammer 2020-ci ilin iyununda Hitlerin doğulduğu evdə tikiləcək polis bölməsinin layihəsini ictimaiyyətlə bölüşüb.