İlk insanların Avstraliyaya gəldiyi marşrut müəyyən edilib
İnsanların materikə köçü 70 min il əvvəl başlayıb, 35 min il əvvəl başa çatıb
Tədqiqatçıların qənaətinə görə, qədim insanlar Avstraliyaya piyada gəliblər. Bu tezislə bağlı alimlərdə uzun illərdir ümumi razılıq olsa da, marşrut barədə yekdil fikir yox idi. İndi isə, insanların qitəyə gəlişi marşrutu da məlum olub.
Bu barədə elmi tədqiqatların nəticələri “Nature Communications” jurnalında dərc edilib.
Məqalə müəllifləri bildirirlər ki, qədim insanlar Avstraliyaya Sahul adlanan yolla gəliblər. Bu yol Şərqi Timordan Avstraliyayadək uzanırdı.
İnsanların materikə köçü 70 min il əvvəl başlayıb, 35 min il əvvəl başa çatıb. Proses Buz dövründə baş verib. Buzlaşmaya görə bir çox ərazi quru sahəsinə çevrilib. Yığıcılıq və ovçuluqla məşğul olan insanlar ildə təqribən 1 kilometr Avstraliyaya doğru irəliləyiblər. O dövr insanı üçün tanımadığı ərazidə bu, çox böyük sürətdir. Çünki hər addım yeniliklərlə dolu idi. Buz dövrü başa çatdıqdan sonra yol su altında qalıb və insanlar qitəni bir daha tərk edə bilməyiblər.
Tədqiqatçılar bildirirlər ki, marşrutun dəqiqləşdirilməsi arxeoloqlar üçün yeni tədqiqat sahələri açır.