Horadiz - Ağbənd dəmir yolu üzərində stansiyalar tikiləcək
Yolun ümumi uzunluğu 110,4 km təşkil edir
Yaxın aylarda Horadiz - Ağbənd dəmir yolu üzərində stansiyaların inşası planlaşdırılır.
Bu barədə bu gün Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-nin tikintiyə nəzarət şöbəsinin rəisi Tural Abbaslı Horadiz-Ağbənd dəmir yolunun tikintisinə həsr olunmuş mediaturda deyib.
Onun sözlərinə görə, doqquz stansiyanın tikintisinin layihə işləri üzrə maketlər və sənədlər hazırlanaraq ekspertizaya təqdim edilib.
"Yaxın aylarda Horadiz, Mərcanlı və Mahmudlu stansiyalarının tikintisinə başlayacağıq. İkinci və üçüncü mərhələlər bitdikdə isə Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd stansiyaları inşa olunacaq", - o əlavə edib.
Qeyd edək ki, bu dəmir yolunun tikintisi 13 mart 2021-ci il tarixində başladılıb. Onun uzunluğu 110,4 km təşkil edir. Layihəyə əsasən, doqquz stansiyanın (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz və Ağbənd) inşası nəzərdə tutulub. Yolda, həmçinin, 469 mühəndis qurğusu, o cümlədən, 41 körpü, 22 avtomobil keçidi, üç tunel və digər qurğular inşa olunacaq. Tikinti üç mərhələdə tamamlanacaq.