Xankəndi sakinlərinin qayıdışı müzakirə edilir
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Xankəndidən məcburi köçkün düşmüş vətəndaşların bir qrupu ilə görüşüb.
Bu barədə Komitədən məlumat verilib.
Torpaqlarımızın işğaldan azad edilməsinin, ölkəmizin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasının xalqımızda böyük qürur hissi doğurduğu qeyd olunub. Xankəndidən olan məcburi köçkünlər doğma yurda qayıtmaq imkanın yaranmasından hədsiz sevinc hissi keçirdiklərini və buna görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdar olduqlarını bildiriblər. Xankəndi şəhərinin inzibati ərazisinə daxil olan Kərkicahan qəsəbəsinin azərbaycanlı sakinlərinin erməni separatçılarına və işğalçılarına qarşı mübarizədə xüsusi fədakarlıqlar göstərdikləri xatırlanıb, şəhidlərin ruhuna ehtiram ifadə edilib.
Bir daha vurğulanıb ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllinə daim xüsusi diqqət yetirir, onların yaşayış şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər görür. Bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da mühüm xidmətləri vardır.
İşğaldan azad edilmiş ərazilərdə, dövlətimizin başçısının təsdiqlədiyi Dövlət Proqramı əsasında, genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı, doğma yurd yerlərimizə Böyük Qayıdışın başlandığı məmnunluqla qeyd edilib. Bildirilib ki, Xankəndinin 31 il əvvəl ata-baba ocağını tərk etmək məcburiyyətində qalmış azərbaycanlı sakinləri də geri dönmək, öz ev-eşiklərinə sahib çıxmaq arzusundadırlar və bu arzunun tezliklə gerçəkləşəcəyinə əmindirlər. İndilikdə isə onlar, müvafiq dövlət orqanlarının icazəsi olduğu təqdirdə, Xankəndinə, Kərkicahana baş çəkmək, doğma yurdu ziyarətə getmək üçün şərait yaradılmasını xahiş edirlər.
Görüş iştirakçılarının müraciətləri qeydə alınıb, sualları cavablandırılıb, onlara Böyük Qayıdış prosesi ilə bağlı ətraflı məlumat verilib.
Xatırladaq ki, 1988-ci ildə 15 min azərbaycanlı Xankəndidən didərgin düşüb. Kərkicahan qəsəbəsinin isə 2 min nəfər əhalisi olub.
Qeyd edək ki, Xankəndidə indi 200-500 arası erməni əsilli yaşayır. Onların ərzaqlarını Azərbaycan tərəfi təmin edir. Bu barədə ANS Press-ə Qarabağdakı mənbələr xəbər verib.