XƏBƏRLƏR / Qayıdış

Xocalı sakinlərinə evlərinin açarları verildi YENİLƏNİB

Bu gün Ballıca kəndinə 152 nəfər keçmiş məcburi köçkün qayıdıb FOTO

Xocalı sakinlərinə evlərinin açarları verildi YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Xocalının Ballıca kəndinə yola salınan köç karvanı kəndə çatıb, yeni ailələrə mənzillərin açarları təqdim edilib.

    Mərasimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndiliyini təmsil edən şəxslər iştirak ediblər.

    Bu mərhələdə Xocalıya 27 ailə (152 nəfər) köçürülüb.

    Köçürülən ailələr yenidən tikilən evlərdə məskunlaşacaqlar.

    ***

    16:12

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Dekabrın 13-də növbəti köç karvanı Xocalı rayonunun Ballıca kəndinə çatıb.

    Xocalı 32 ildən sonra doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 27 ailə olmaqla, 152 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub.

    Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

    ***

    11:38

    Xocalının Ballıca kəndinə köç karvanı yola salınır.

    Bu gün Xocalı rayonunun Ballıca kəndinə 27 ailə (152 nəfər) köçürülür.

    Hazırda kənddə 192 fərdi yaşayış evinin təmir olunması nəzərdə tutulub. O cümlədən, 1-ci mərhələdə təmir olunması nəzərdə tutulan fərdi ev sayı 82, 2-ci mərhələdə təmiri aparılacaq fərdi ev sayı isə 110-dur.

    Kənd eyni zamanda, su, qaz, elektrik enerjisi ilə təchiz edilib, internet xətti çəkilib. Tibb və polis məntəqəsinin binaları, 200 şagird yerlik tam orta məktəb və 35 çarpayılıq uşaq bağçası hazırdır.

    Qeyd edək ki, Xocalı rayonunun Ballıca kəndi Xocalı şəhərindən 10,6 km məsafədə yerləşir. Yaşayış məntəqəsi XIX əsrədək Gəncə qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylağı olub. 1992-ci ildə Ermənistan tərəfindən işğal olunub və Ermənistan ordusu tərəfindən silah anbarı kimi istifadə edilib. 2020-ci oktyabrın 5-də Vətən müharibəsi zamanı silah anbarı Azərbaycan Ordusu tərəfindən məhv edilib. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində kənd azad olunub.

    Xatırladaq ki, hazırda işğaldan azad olunmuş ərazilərdə 30 mindən artıq insan yaşayır.