XƏBƏRLƏR / Siyasət

İlham Əliyev Almaniyada görüşlər keçirir

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb

İlham Əliyev Almaniyada görüşlər keçirir
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 12:05

    Fevralın 17-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İraq Kürdüstan Regionunun Başçısı Neçirvan Bərzaninin görüşü olub.

    Neçirvan Bərzani dövlətimizin başçısına prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb.

    Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib, ondan da səmimi təbrik məktubu almasını məmnunluqla qeyd edib.

    İraq Kürdüstan Regionunun Başçısı Azərbaycana səfərini və dövlətimizin başçısı ilə keçirdiyi görüşləri məmnuniyyətlə xatırladıb. Səfər zamanı müzakirə olunmuş məsələlərin həyata keçirilməsi istiqamətində hər iki tərəfin nümayəndələrinin yaxından çalışdıqları vurğulanıb. Həmçinin İraqın mərkəzi hökuməti ilə Azərbaycan arasında əlaqələr məmnunluqla qeyd olunub.

    Söhbət əsnasında İraqın müxtəlif şəhərləri ilə Azərbaycan arasında birbaşa uçuşların olmasının önəmi qeyd edilib. Regionla Azərbaycan arasında iqtisadi-ticari, mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsi istiqamətində məsələlər nəzərdən keçirilib.

    Neçirvan Bərzani COP29-un Azərbaycanda keçirilməsi münasibətilə də təbriklərini çatdırıb.

    Dövlətimizin başçısı İraq Kürdüstan Regionunun Başçısını COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət edib.

    Söhbət zamanı iqlim dəyişikliyi istiqamətində də birgə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı.

    ***

    Fevralın 17-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin görüşü olub.

    Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

    Con Kerri dövlətimizin başçısını prezident seçkilərində qələbə və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi münasibətilə təbriklərini çatdırıb, Prezident İlham Əliyev ilə görüşlərini məmnunluqla xatırlayıb.

    Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirib.

    Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan COP-la əlaqədar bir daha özünün iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləmək əzmini nümayiş etdirib. Azərbaycan, eyni zamanda, milli səviyyədə bərpaolunan enerji və yaşıl keçid prosesi sahəsində ciddi tədbirlər həyata keçirməkdədir, bu istiqamətdə region səviyyəsində və qlobal miqyasda olan tədbirləri yaxından dəstəkləyir. İqlim maliyyələşdirilməsi COP29-un əsas mövzusu olacaq ki, Azərbaycan da bu xüsusda qlobal həmrəyliyə, xüsusilə də qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini davam etdirəcək. Bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatına dörd il sədrlik edən dövlət kimi çox yaxşı təcrübəsi var. Eyni zamanda, Azərbaycan digər müxtəlif platformalarda fəal şəkildə iştirak edir ki, bundan da istifadə edərək qlobal həmrəyliyə nail olunmasına dəstək verəcəkdir.

    Dövlətimizin başçısı regional səviyyədə reallaşdırılan tədbirlər kontekstində Qara dənizin dibi ilə keçən layihəni qeyd edib, həmçinin Xəzər dənizinin dibində bərpaolunan xəttin qurulması və bu xüsusda Mərkəzi Asiya dövlətləri ilə birgə işi diqqətə çatdırıb.

    Con Kerri iqlim maliyyələşdirilməsi mövzusunun gündəlikdə duran əsas məsələlərdən biri olduğunu vurğulayıb. O, hazırda yaşıl keçidlə əlaqədar texnoloji inkişafın çox sürətlə getdiyini və bu istiqamətdə yaxşı nəticələrin əldə olunduğunu, Bakıda da qəbul ediləcək qərarların iqlim dəyişikliyi prosesində beynəlxalq səylərə ciddi təkan verəcəyinə ümidvarlığını bildirib.

    Prezident İlham Əliyev Con Kerrini COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət edib.

    Con Kerri COP29-da məmnuniyyətlə iştirak edəcəyini diqqətə çatdırıb.