İlham Əliyev beynəlxalq konfransda iştirak edir VİDEO
Qonaqlar arasında ABŞ, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Kanada, Misir, Türkiyə nümayəndələri var
12:20
Son iki ayda mən Pakistanın Baş naziri Şahbaz Şəriflə iki dəfə görüşmüşəm və biz ikitərəfli münasibətlərimizin gündəliyini, dostluq və qardaşlıq gündəliyini geniş müzakirə etmişik. Biz Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsində daimi dəstəyə görə Pakistana minnətdarıq. İstər işğal dövründə, istər müharibə zamanı, istərsə də torpaqlarımızın azad edilməsindən sonra Pakistan hər zaman bizim yanımızda olub. Bu siyasi və mənəvi dəstək Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirilir. Bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.
Pakistanın Baş naziri ilə ticari-iqtisadi əlaqələrin canlandırılmasını da müzakirə etdiklərini vurğulayan dövlətimizin başçısı bildirib: “Biz bir-birimizi hansı məhsullarla təmin edə biləcəyimizi müzakirə etdik. Biz qardaş ölkədən keyfiyyətli düyü ala biləcəyimiz təqdirdə nə üçün onu başqalarından almalıyıq?”
Asiya regionunun digər liderləri ilə təmaslara da toxunan Prezident İlham Əliyev deyib: “Mən dəfələrlə Mərkəzi Asiya ölkələrinə səfər etmişəm. Cari ilin aprel ayından bu günədək Özbəkistana üç dəfə səfər etmişəm. Bu səfərlər həm rəsmi, həm də beynəlxalq tədbirlərdə iştirakla bağlı olub. Mən Qırğızıstanda dövlət səfərində oldum. Cari ilin avqustunda Qazaxıstan Prezidenti Azərbaycana səfər edib. Bundan öncə mənim Türkmənistana səfərim olub. Gələn il Tacikistana səfərim olacaq. Tacikistan Prezidenti məni dəvət edib”.
12:06
Bu ilin iyul ayında biz qaz təchizatının iki dəfə artırılması üçün Avropa Komissiyası ilə Anlaşma Memorandumu imzalamışıq və burada potensial mövcuddur. Bu fikri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransında çıxışında deyib. Dövlətimizin başçısı bildirib ki, qarşıdakı illərdə istifadəyə veriləcək yeni qaz yataqları, enerji şirkətimiz olan SOCAR-da aparılan ciddi islahatlar, yeni korporativ idarəetmə, şəffaflıq və səmərəlilik bizə əlavə qaz həcmlərini tədarük etməyə imkan yaradacaq.
11:30
Ağalı kəndi Qarabağın yenidən qurulmasının nümunəvi modeli olacaq. Bu fikirləri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.
Ağalı kəndinin sakinlərinin artıq məskunlaşdıqlarını qeyd edən dövlətimizin başçısı bildirib: “Bu, yalnız Qarabağın işğalı dövründə əziyyət çəkmiş keçmiş köçkünlər qarşısında bizim mənəvi borcumuzun təzahürü deyil. Biz Qarabağın və Zəngəzurun bərpasını bütün ölkənin yenidən qurulmasının modeli hesab edirik”.
11:25
Azərbaycan Türkmənistan ilə təbii qazla bağlı svop əməliyyatlarına başlayıb. Bu, Azərbaycanın qaz sənayesində artan tələbatı və daha böyük həcmdə qaza ehtiyacı nəzərə aldıqda bu olduqca vacibdir. Bunu Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransın açılışındakı çıxışında deyib.
Azərbaycanın, həmçinin beynəlxalq neft şirkətləri ilə də işi davam etdirdiyini diqqətə çatdıran dövlətimizin başçısı bildirib: “Biz istismarda olan və növbəti ildən istismara veriləcək yeni yataqlardan, o cümlədən Abşeron qaz-kondensat yatağından qaz hasilatını artırmağı planlaşdırırıq”.
11:10
"Hesab edirəm ki, karbohidrogen ehtiyatlarının nəqli üçün istismarda olan marşrutlar Xəzər regionunun bütün ölkələrinə daha inteqrasiya edilmiş vəziyyətdə olmağa imkan verəcək". Bu fikirləri Prezident İlham Əliyev “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı beynəlxalq konfransın açılışındakı çıxışında deyib.
Azərbaycanın Türkmənistan ilə əməkdaşlığının uzun tarixi olduğunu vurğulayan dövlətimizin başçısı qeyd edib: “Bu gün Azərbaycan Türkmənistandan yüklərin tranziti üçün geniş imkanlar təqdim edir. Ələtdəki dəniz limanının ərazisində Türkmənistandan göndərilən yüklər üçün xüsusi yer ayrılıb”.
10:55
Azərbaycanın əlverişli coğrafi mövqedə, iki qitənin - Avropa və Asiyanın qovuşuğunda yerləşməsinin üstünlüyü, əlbəttə ki, bizə əlaqələrin qurulması məsələsində mühüm rol oynamaq imkanı verir. Bu fikirləri Prezident İlham Əliyev “Orta dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” adlı beynəlxalq konfransında çıxışında deyib.
"Beş il əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. Biz bu gün ölkəmizdən keçən tranzit yüklərin həcminin artdığını müşahidə edərək Bakı-Tbilisi-Qars layihəsinin Gürcüstan seqmentinin genişləndirilməsinə investisiya yatırmağa başladıq".
10:30
Azərbaycanda uzun illərdir sabitlik mövcuddur və bu, iqtisadi inkişafımızın əsas amillərindəndir. Bu fikri Prezident İlham Əliyev noyabrın 25-də ADA Universitetində keçirilən “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfransında çıxışında deyib.
Dövlətimizin başçısı bildirib ki, güclü iqtisadiyyat, siyasi-iqtisadi sabitlik, hökumətimizin yürütdüyü proqnozlaşdırılan siyasət – bütün bu amillər və çoxsaylı dövlətlərlə sıx münasibətlərin qurulması bugunkü reallığın yaradılmasına kömək edib.
***
Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfrans işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransın açılışında iştirak edir. Tədbir iştirakçıları arasında ABŞ, Belçika, Bolqarıstan, Böyük Britaniya, Fransa, İsrail, İsveçrə, İtaliya, Gürcüstan, Kanada, Misir, Pakistan, Polşa, Rumıniya, Rusiya və Türkiyənin aparıcı beyin mərkəzlərinin rəhbərləri və nümayəndələri də var.
Konfransda Orta Dəhlizin təhlükəsizlik aspektləri, regionun iqtisadi imkanları müzakirə olunur. Xüsusilə bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti, Şərq-Qərb dəhlizinin yaradacağı yeni nəqliyyat imkanları, beynəlxalq yükdaşımalarının genişləndirilməsi və şaxələndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılır.
Qeyd edək ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının artması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir.
Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir.
Bu istiqamətdə görülən işlər dövlətlərlə yanaşı, aparıcı beyin mərkəzləri, tanınmış ekspert və analitiklər tərəfindən də diqqətlə izlənilir. Təkcə cari il ərzində Bakı ilə yanaşı, işğaldan azad olunan ərazilərdə keçirilmiş forum və konfranslarda yüksək iştirak səviyyəsi bunu deməyə əsas verir. Belə ki, aprelin 10-13-də ADA Universitetində “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq”, 29-da isə “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfranslar, oktyabrın 5-6-da Ağdamda Milli Şəhərsalma Forumu və digər tədbirlər böyük maraqla qarşılanıb.