Mayın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kişineuda Moldova Respublikasının Baş naziri Dorin Reçan ilə görüşüb.
Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu bildirən Moldovanın Baş naziri dövlətimizin başçısının “Avropa siyasi birliyi” nin Zirvə Toplantısında iştirakına görə minnətdarlığını ifadə edib. Dorin Reçan Müstəqillik Günü və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Prezidentini təbrik edib. O, Ümummilli Liderin nümunəvi şəxsiyyət olduğunu vurğulayıb.
Prezident İlham Əliyev “Avropa siyasi birliyi” nin Zirvə Toplantısının Moldovada keçirilməsi münasibətilə təbriklərini çatdırıb.
Baş nazir Azərbaycanın Moldovaya göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.
Söhbət zamanı ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğu qeyd edilib, Azərbaycan ilə Moldova arasında iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğu bildirilib. Hazırkı ticarət dövriyyəsinin qənaətbəxş olmadığı qeyd edilib. Ticarət dövriyyəsinin şaxələndirilməsinin vacibliyi diqqətə çatdırılıb. Bu xüsusda hökumətlərarası komissiyanın fəaliyyətinin daha da intensivləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
Söhbət zamanı Azərbaycan ilə Moldova arasında kənd təsərrüfatı, elektroenergetika, sərmayələr, infrastruktur layihələri ilə bağlı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğu qeyd edilib. Moldovanın üzümçülük və şərabçılıq sahəsində geniş təcrübəsinin, Azərbaycanın da bu sahədə zəngin ənənələrinin olduğu vurğulanıb. Bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olduğu bildirilib.
Dövlətimizin başçısı Moldovanın Baş nazirini Azərbaycana səfərə dəvət edib.
Dəvət məmnunluqla qəbul olunub.