XƏBƏRLƏR / Rəsmi

İlham Əliyev Çernobbioda görüşlər keçirir YENİLƏNİB

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti xəbər verib

İlham Əliyev Çernobbioda görüşlər keçirir YENİLƏNİB
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 13:19

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da İtaliyanın Çernobbio şəhərində Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri, Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında Hökumətlərarası Müştərək Komissiyanın həmsədri Xalid bin Əbdüləziz Əl-Falih ilə görüşüb.

    Xalid bin Əbdüləziz Əl-Falih Səudiyyə Ərəbistanı Krallığının Ali rəhbərliyinin salamlarını dövlətimizin başçısına çatdırıb.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Səudiyyə Ərəbistanı Krallığının Ali rəhbərliyinə çatdırmağı xahiş edib.

    Xalid bin Əbdüləziz Əl-Falih Azərbaycana səfərlərini və dövlətimizin başçısı ilə görüşlərini məmnunluqla xatırlanıb.

    Söhbət zamanı iki ölkə arasında xüsusilə enerji sektorunda əməkdaşlıq məsələləri, o cümlədən Səudiyyə Ərəbistanı Krallığının “Acwa Power” şirkətinin fəaliyyəti müzakirə olunub. Hazırda Azərbaycanda və regionda ən böyük külək enerjisi stansiyasının tikintisinin davam etdirildiyi qeyd olunub, gələn ilin sonunda həmin stansiyasının istifadəyə veriləcəyi bildirilib. “Acwa Power” şirkəti ilə Azərbaycanın Energetika Nazirliyi arasında ölkəmizdə ilk dəfə 200 MVa saxlama güclərinin yaradılması ilə bağlı razılaşmaya uyğun olaraq birgə fəaliyyətin həyata keçirildiyi vurğulanıb, bu işlərin COP29-dək başa çatdırılmasının nəzərdə tutulduğu qeyd edilib.

    Görüşdə “Acwa Power” şirkətinin Azərbaycandan Avropaya yaşıl enerjinin ixracı sahəsində əməkdaşlıqda maraqlı olduğu diqqətə çatdırılıb. Bununla bağlı Azərbaycanın Energetika Nazirliyi və “Acwa Power”in Xəzər dənizində külək enerjisi layihələri üzərində iş apardıqları qeyd edilib, bunun da növbəti mərhələdə yaşıl enerjinin ixracı üçün mənbə kimi rol oynayacağı vurğulanıb.

    ***

    12:35

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 6-da Çernobbio şəhərində İtaliyanın “Ansaldo Energia” şirkətinin baş icraçı direktoru Fabrizio Fabbri ilə görüşüb.

    Söhbət zamanı “Ansaldo Energia” şirkətinin hazırda Mingəçevirdə Azərbaycanın ən böyük İstilik Elektrik Stansiyasının yenidən qurulmasında iştirakı məmnunluqla qeyd olunub. Orada 1280 meqavat gücündə yeni tikilən stansiya üçün “Ansaldo Energia” şirkəti tərəfindən istehsal olunan dörd ədəd qaz turbininin Azərbaycana gətirilərək quraşdırılmaqda olduğu vurğulanıb. Bildirilib ki, layihənin bu ilin sonunda və ya gələn ilin əvvəlində yekunlaşdırılması nəzərdə tutulur.

    Görüşdə “Ansaldo Energia” şirkəti ilə, o cümlədən “yaşıl enerji” sahəsində fəaliyyətin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, bu şirkət Azərbaycanın enerji sisteminin təkmilləşdirilməsində iştirakda çox maraqlıdır. Bu xüsusda, şirkətin “AzərEnerji” ASC ilə əməkdaşlıq etmək niyyətində olduğu vurğulanıb.

    Azərbaycanın Energetika Nazirliyi və “AzərEnerji” ASC ilə “Ansaldo Energia” şirkəti arasında əməkdaşlıq haqqında müqavilələrin imzalandığı xatırlanıb, birgə fəaliyyətin gələcəkdə də davam etdiriləcəyinə əminlik bildirilib.