İlham Əliyev "Formula 1" prezidentini qəbul edib
Görüşdə Formula 1 yarışlarının Azərbaycanda uğurla keçirilməsinin önəmi vurğulandı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də "Formula 1" Qrupunun İdarə Heyətinin sədri və prezidenti Stefano Domenikalini və "Formula 1" Qrupunun məsləhətçisi Flavio Briatoreni qəbul edib.
Görüşdə "Formula 1" yarışlarının Azərbaycanda uğurla keçirilməsinin önəmi vurğulandı, dünyada bu yarışlara marağın getdikcə artdığı bildirildi və yarışları seyr etmək üçün ölkəmizə xeyli sayda turistlərin gəldiyi məmnunluqla qeyd olunub.
Dövlətimizin başçısı Azərbaycanın turizm potensialının hər il daha da genişləndiyini bildirib.
"Formula 1" Qrupunun İdarə Heyətinin sədri və prezidenti Stefano Domenikali və "Formula 1" Qrupunun məsləhətçisi Flavio Briatore ölkəmizdə bu yarışların daha da inkişaf etməsi üçün əllərindən gələni əsirgəməyəcəklərini qeyd ediblər, yarışlara beynəlxalq və Azərbaycan ictimaiyyətini daha çox cəlb etməyə çalışdıqlarını deyiblər. Onlar artıq dünyada çox tanınan Bakı şəhər halqasının "Formula 1" üzrə dünya çempionatının ən gözəl treklərindən biri olduğunu, bu yarışların keçirilməsi üçün Bakıda gözəl və müasir infrastrukturun yaradıldığını vurğulayıblar.
Görüşdə ölkəmizə xaricdə böyük marağın olduğu nəzərə alınaraq "Formula 1" yarışlarını izləmək üçün çoxlu sayda tanınmış şəxslərin Azərbaycana dəvət olunması barədə fikir mübadiləsi aparılıb.
Stefano Domenikali və Flavio Briatore Bakı şəhərinin gözəlliyinin, təmizliyinin və işıqlandırma sisteminin onlarda xoş təəssürat yaratdığını qeyd ediblərər və bununla bağlı Prezident İlham Əliyevə təbriklərini çatdırıblar. Onlar paytaxtımızın gözəlliyi barədə məlumatın beynəlxalq səviyyədə daha geniş yayılması üçün səylərini əsirgəməyəcəklərini vurğulayıblar.
İşğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq layihələri ilə bağlı da dövlətimizin başçısını təbrik edən qonaqlar həmin ərazilərdə yol hərəkətinin təhlükəsizliyi istiqamətində görülən işlərin, xüsusilə minlərlə kilometr yeni avtomobil yollarının çəkilməsinin əhəmiyyətini bildirdilər.