XƏBƏRLƏR / Rəsmi

İlham Əliyev hökumətlə bağlı sərəncam imzaladı

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti xəbər verib

İlham Əliyev hökumətlə bağlı sərəncam imzaladı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Fevralın 14-də Prezident İlham Əliyev Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında Sərəncam imzalayıb.

    Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə uyğun olaraq, Nazirlər Kabinetinin istefa verməsini nəzərə alaraq, Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra olunmasını bu Sərəncamla Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edib.

    Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.

    Konstitusiyanın 118-ci maddəsinə görə, Baş naziri Milli Məclisin razılığı ilə Prezident təyin edir. Baş nazir vəzifəsinə namizədlik haqqında təklifi Prezident öz vəzifələrinin icrasına başladığı gündən bir ay və ya Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətindən gec olmayaraq Milli Məclisinin müzakirəsinə təqdim edir. Milli Məclis Baş nazir vəzifəsinə namizədlik haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən qayda pozularsa və ya Prezidentin təqdim etdiyi namizədlərin Baş nazir vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Prezident Baş naziri Milli Məclisin razılığı olmadan təyin edə bilər.