İlham Əliyev oktyabrın 23-də Sumqayıtda olub FOTO
O, bir sıra müəssisələrin açılışında və təməlqoyma mərasimlərində iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Sumqayıtda olub.
İlham Əliyev əvvəlcə Sumqayıt Kimya Sənayesi Parkında “Çinar-Servis” İstehsal-kommersiya firmasının Texniki qazların istehsalı müəssisəsinin təməlini qoyub, “Novus Plastica” MMC-nin Polimer qatqıları istehsalı müəssisəsinin, “Universal Qablaşdırma Sənayesi” QSC-nin Qablaşdırma məhsulları istehsalı müəssisəsinin, “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılışında iştirak edib, “Kartaş Kimya” MMC-nin müxtəlif Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin təməlini qoyub.
Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkı Azərbaycan Prezidentinin 2011-ci il 21 dekabr tarixli Fərmanı ilə yaradılıb. Bu, Azərbaycanda yaradılmış ilk, Cənubi Qafqazda isə ən böyük sənaye parkıdır.
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov dövlətimizin başçısına Sumqayıt Kimya Sənaye Parkında görülən işlər barədə məlumat verib.
Bildirilib ki, hazırda ərazisi 583,5 hektar təşkil edən sənaye parkında neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. Parkda ümumi investisiyalarının həcmi təqribən 5,8 milyard manata yaxın olan 38 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. İndiyədək sənaye parkına rezidentlər tərəfindən 5,4 milyard manatdan çox investisiya yatırılıb. Qeydiyyata alınmış 38 rezidentdən artıq 20-si fəaliyyət göstərir. Bu gün “Azərbaycan Vanhong Ceramics Co.” MMC, “Novus Plastica” MMC və “UPI - Universal Packing Industry” QSC-nin açılışı ilə Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı 23-ə çatır.
İndiyədək Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən ümumilikdə 9,5 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, onun da 3,3 milyard manatdan çox hissəsi - təqribən 35 faizi ixracın payına düşür. Sənaye parkında 2023-cü ilin 9 ayında 2,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 674,4 milyon manatlıq hissəsi ixrac olunub.
Qeyd edilib ki, hazırda burada 6600-dən çox insan daimi işlə təmin olunub. Bundan əlavə, mövcud layihələr üzrə sənaye parkına əlavə olaraq 394 milyon manatdan artıq investisiyanın yatırılması, 2000-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Parkda istehsal olunan məhsullar Türkiyə, Rusiya, Ukrayna, Belarus, Çin, Tayvan, Bolqarıstan, Rumıniya, Polşa, Hollandiya, İtaliya, Makedoniya, Litva, Avstriya, Estoniya, Danimarka, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Tacikistan, Gürcüstan, Qırğızıstan, Braziliya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Livan, İraq, Yaponiya, Amerika Birləşmiş Ştatları, Kanada və digər ölkələrə ixrac olunub.
Prezident İlham Əliyev əvvəlcə parkda “Çinar-Servis” İstehsal-kommersiya firmasının Texniki qazların istehsalı müəssisəsinin təməlqoyma mərasimində iştirak edib.
Məlumat verilib ki, “Çinar-Servis” 2022-ci ilin mayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Şirkət sənaye parkının 2 hektara yaxın ərazisində sıxılmış azot, oksigen, arqon və maye helium qaz məhsullarının istehsalı ilə məşğul olacaq.
İnvestisiya həcmi 13,3 milyon manat olan layihə çərçivəsində 70 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. İstehsal olunan məhsulların daxili bazara satılmaqla yanaşı, xarici ölkələrə də ixracı planlaşdırılır. “Çinar-Servis” tərəfindən istehsal olunan sənaye qazları ölkəmizdə bu məhsullara tələbatı ödəməklə yanaşı, Gürcüstana, Türkiyəyə, Rusiyaya da ixrac ediləcək.
Dövlətimizin başçısı istehsal müəssisəsinin təməlini qoyub.
Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri də “Novus Plastica” Məhdud Məsuliyyətli Cəmiyyətdir. Prezident İlham Əliyev “Novus Plastica” MMC-nin Polimer qatqıları istehsalı müəssisəsinin açılışını edib.
Bildirilib ki, “Novus Plastica” MMC-yə 2020-ci ilin avqustunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Sənaye parkının 3,5 hektar ərazisində inşa edilmiş müəssisədə iki növ məhsulun – polietilen borular üçün qara karbon konsentrat qatqısının və sənaye sahəsində qablaşdırmada istifadə edilən polietilen örtüklərin istehsalı həyata keçirilir. İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə istehsal olunan məhsulların daxili bazarda satışı ilə yanaşı, Türkiyəyə, MDB ölkələrinə ixracı da planlaşdırılır. İnvestisiya kapitalı 12,1 milyon manatdan çox olan müəssisədə 50-dək insan daimi işlə təmin ediləcək.
Qeyd edək ki, “Novus Plastica” MMC tərəfindən “SOCAR Polymer” MMC-nin və “Azərikimya” İstehsalat Birliyinin məhsullarından xammal kimi istifadə olunacaq.
Dövlətimizin başçısı müəssisəni işə salıb.
Sonra Prezident İlham Əliyev “Universal Qablaşdırma Sənaye” Qapalı Səhmdar Cəmiyyətinin Qablaşdırma məhsulları istehsalı müəssisəsinin açılışında iştirak edib.
Diqqətə çatdırılıb ki, sənaye parkının bir hektar ərazisində inşa edilmiş müəssisədə qablaşdırmada istifadə olunan qofro karton, fayl və digər məhsullar istehsal ediləcək. İtaliya və Çin texnologiyalarının tətbiq edildiyi müəssisədə 20 çeşiddə məhsul istehsal olunacaq. Ümumi investisiya dəyəri 4,8 milyon manat olan müəssisədə ilkin mərhələdə 50 nəfər daimi işlə təmin ediləcək. Növbəti mərhələdə isə işçilərin sayının 65 nəfərə çatdırılması nəzərdə tutulur.
Dövlətimizin başçısı müəssisəni işə salıb.
Daha sonra “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılışı olub.
Prezident İlham Əliyev müəssisədə yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, sənaye parkının 20 hektardan çox ərazisində Çinin qabaqcıl texnologiyalarının tətbiqi ilə yüksək keyfiyyətli, müxtəlif ölçülərdə keramik plitələrin istehsalı həyata keçiriləcək. Yüz faiz Çin kapitallı müəssisə üçün investisiya dəyəri 40 milyon ABŞ dolları, işçi sayı 400 nəfər nəzərdə tutulsa da, hazırda müəssisəyə 50 milyon ABŞ dolları məbləğində investisiya yatırılıb və 484 nəfər işlə təmin olunub. İllik istehsal gücü 18 milyon kvadratmetr olan müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, region və MDB ölkələrinə ixrac olunacaq.
Qeyd edək ki, “Vanhong Ceramics”in hazırda Çində 5 zavodu var, həmçinin dünyanın 5 ölkəsində müəssisələri fəaliyyət göstərir.
“Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin baş direktoru Ciyi Vanq deyib: Möhtərəm cənab Prezident, “Azərbaycan Vanhong Ceramics Co.” MMC-nin Keramik plitələr istehsalı müəssisəsinin açılış mərasimində iştirakınızla bizi qürurlandırdığınız üçün Sizə minnətdarlığımı bildirirəm.
Prezident İlham Əliyev: Azərbaycana bu qədər vəsait qoyursunuz, 81 milyon manat investisiya çox böyük rəqəmdir. Bu investisiyalar şirkətiniz, yəni, Çin şirkəti tərəfindən qoyulur. İndi mən gördüm ki, işçilərin sayı da 500-ə yaxındır. Bu, eyni zamanda, iş yerlərinin yaradılması proqramımıza da növbəti töhfədir. Əlbəttə ki, belə müəssisələr Çin-Azərbaycan dostluğunu daha da gücləndirir. Bu zavod cəmi bir il yarıma inşa edildi. Yəni, ilyarım bundan əvvəl mən onun təməlini qoymuşam.
Ciyi Vanq: Bəli.
Prezident İlham Əliyev: Ona görə əminəm ki, fəaliyyəti də uğurlu olacaq və siz işinizi davam etdirəcəksiniz.
Ciyi Vanq: Sizin köməyinizlə hər şey yaxşı olacaq.
Prezident İlham Əliyev: Gözəl məhsuldur. İdxala da ehtiyac qalmır. Daxili bazarı təmin edəcəksiniz?
Ciyi Vanq: Təmin edəcəyik.
Dövlətimizin başçısı müəssisəni işə salıb.
Daha sonra “Kartaş Kimya” MMC-nin Tikinti kimyəvilərinin istehsalı müəssisəsinin təməli qoyulub.
Prezident İlham Əliyevə müəssisə barədə məlumat verilib.
Diqqətə çatdırılıb ki, “Kartaş Kimya” MMC-yə 2022-ci ilin iyulunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib. Şirkət tərəfindən sənaye parkının 2,5 hektar ərazisində müxtəlif tikinti kimyəvilərinin istehsalını həyata keçirəcək müəssisə inşa ediləcək. İnvestisiya dəyəri 17 milyon manat olan müəssisədə 250 daimi iş yerinin yaradılması nəzərdə tutulur. İstehsal olunan məhsullar daxili bazara satılmaqla yanaşı, Türkiyə və MDB ölkələrinə ixrac ediləcək.
Dövlətimizin başçısı müəssisənin təməlini qoyub.
Sonra dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edib.
İlham Əliyev yenidən qurulan Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda yaradılan şəraitlə tanış olub.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov dövlətimizin başçısına stadionda görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 21 noyabr tarixli Sərəncamına əsasən 2020-ci ildə başlanılıb. Tikinti işləri mərhələli şəkildə icra edilməklə 2022-ci ildə başa çatdırılıb.
Tamaşaçı tutumu 9502 nəfər olan stadionun ərazisi 6,8 hektardır. İyirmi iki sektordan ibarət stadionda 545 nəfərlik VİP və KİV tribunası da yaradılıb, ərazi abadlaşdırılıb, yaşıllıq zonaları salınıb.
Bildirilib ki, tikilialtı sahədə cüdo, boks və karate zalları fəaliyyət göstərəcək. Burada, eyni zamanda, 2 trenajor otağı, 40 nəfərlik konfrans zalı, inzibati otaqlar, jurnalistlər, hakim, həkim, şərhçilər, məşqçilər üçün otaqlar və digər texniki-köməkçi otaqlar var.
Son illər ölkəmizdə idmanın inkişafına böyük diqqət və qayğı göstərilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan idmançıları beynəlxalq yarışlarda yüksək göstəricilər əldə edir, üçrəngli Bayrağımızı ucaldırlar. Bütün bunlar göstərir ki, ölkəmizdə idmanın inkişafının və onun kütləviliyinin təmin olunması istiqamətində dövlət siyasəti uğurla davam etdirilir. Bu diqqət və qayğı həm də yeni nəslin sağlam ruhda böyüməsinə, gənclərin idmana marağının artırılmasına yönəlib ki, belə idman obyektlərinin istifadəyə verilməsi bu məqsədin həyata keçirilməsində mühüm rol oynayır.
Daha sonra ölkə başçısı 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının yeni binasının açılışında iştirak edib.
Səhiyyə naziri Teymur Musayev dövlətimizin başçısına xəstəxanada yaradılan şərait barədə məlumat verib.
Bildirildi ki, 150 çarpayılıq xəstəxananın bina və qurğuları 6,1 hektar sahədə inşa edilib, tikililərin ümumi sahəsi 18 min 288,4 kvadratmetrdir.
Qeyd edilib ki, səhiyyə ocağının tikinti işlərinə 2019-cu ildə başlanılıb və 2022-ci ildə başa çatdırılıb.
Xəstəxana poliklinika, təcili tibbi yardım, 30 çarpayılıq terapiya, 30 çarpayılıq cərrahiyyə, şüa diaqnostika, hemodializ, oftolmologiya, endokrinoloji terapiya, endokrinoloji cərrahiyyə, nevrologiya, 10 çarpayılıq əməliyyat bloku, reanimasiya və sair şöbələrdən, həmçinin laboratoriyadan, digər tikili və qurğulardan ibarətdir.
Müalicə ocağı müasir tələblərə cavab verən və böyük vəsait tələb edən tibbi avadanlıqlar – çoxkəsikli kompüter tomoqrafiyası (KT), rəqəmsal teleskopik rentgen cihazı, rəqəmsal DR rentgen qurğusu, oftalmoloji müayinə üçün mikroskop, oftalmoloji cərrahi əməliyyatlar üçün PHACO AMO cihazı və iki ədəd rəqəmsal stasionar ultrasəs müayinə cihazı ilə təchiz olunub.
Xəstəxananın həyəti abadlaşdırılıb, yaşıllıq sahələri salınıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığı ilə son illər Azərbaycanda səhiyyə sisteminin təkmilləşdirilməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülüb. Bu sahədə aparılan davamlı islahatlar, həyata keçirilən layihələr sayəsində ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyəti və əhatə dairəsi yüksəlib. Görülən işlər əhalinin sağlamlığının qorunmasına, onların hərtərəfli tibbi xidmətlərlə əhatə olunmasına imkan verir ki, bu da vətəndaşlar tərəfindən məmnunluqla qarşılanır.