XƏBƏRLƏR / Siyasət

İlham Əliyev İraq Kürdüstan Regionunun başçısını qəbul edib

Neçirvan Bərzani Azərbaycanda səfərdədir

İlham Əliyev İraq Kürdüstan Regionunun başçısını qəbul edib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 13:35

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanini qəbul edib. Bu barədə rəsmi "president.az" saytı yazıb. 

    Söhbət zamanı Prezident İlham Əliyev ilə Neçirvan Bərzani arasında bu ilin fevralında Münxendə keçirilən görüş xatırlanıb. Həmin görüşdə əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd olunub, Neçirvan Bərzaninin səfərinin əməkdaşlığımızın dinamikasının artması işinə töhfə verəcəyi bildirilib.

    Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.

    Görüşdə dövlətimizin başçısı İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Qoşulmama Hərəkatının Zirvə toplantısı çərçivəsində bu ilin martında Azərbaycana səfəri və ikitərəfli əlaqələrimizin inkişafına dair onunla apardığı müzakirələri, həmçinin İraq Baş nazirinin müavini, xarici işlər naziri Fuad Hüsseynin ölkəmizə səfəri zamanı keçirdiyi görüşü və əlaqələrimizin inkişafı ilə əlaqədar müzakirələri məmnunluqla xatırladıb.

    Söhbət zamanı İraq Kürdüstan Regionu ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, sərmayələr, enerji sahəsində əməkdaşlıq, turizm imkanlarının artırılması, birbaşa aviareyslərin açılması və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

    ***

    İraq Kürdüstan Regionu mənbələri xəbər yayıb ki, Əliyevlə görüş üçün prezident sarayına yola düşməzdən əvvəl Bərzanini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov qarşılayıb.

    Prezident Bərzaninin ofisinin görüşdən əvvəl verdiyi açıqlamaya görə, iki lider İraq və Kürdüstan bölgəsinin Azərbaycanla münasibətlərini və əməkdaşlığın inkişaf etdirilməsi yollarını müzakirə edəcəklər.