XƏBƏRLƏR / Siyasət

İlham Əliyev Kaya Kallası qəbul edib

Avropa İttifaqının ali nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyəti Bakıda səfərdədir

İlham Əliyev Kaya Kallası qəbul edib
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

    Söhbət zamanı Prezident İlham Əliyevin Kaya Kallasla görüşləri məmnunluqla xatırlanıb, onun 2025-ci ildə ölkəmizə səfəri zamanı əməkdaşlığın genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd edilib.

    Kaya Kallas Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın salamlarını dövlətimizin başçısına çatdırıb.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Antonio Koştaya çatdırmağı xahiş edib.

    Kaya Kallas Antonio Koştanın ölkəmizə səfəri zamanı dövlətimizin başçısı və Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən birgə bəyanatın qəbul edilməsinin, həmin sənəddə Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin strateji xarakterinin vurğulanmasının əhəmiyyətinə toxunub.

    Qonaq Azərbaycanın Avropa İttifaqı üçün vacib tərəfdaş olduğunu deyib.

    Prezident İlham Əliyev ölkəmizlə Avropa İttifaqı arasında enerji, bağlantılar, təhlükəsizlik, ticarət və digər sahələrdə əməkdaşlığın perspektivlərinə toxunub. Dövlətimizin başçısı Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, eyni zamanda, ölkəmizin isə enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu vurğulayıb. Bu xüsusda dövlətimizin başçısı qeyd edib ki, bu yaxınlarda Azərbaycan qazı Avropa İttifaqının daha iki üzv ölkəsinə - Almaniyaya və Avstriyaya çatıb.

    Söhbət zamanı Azərbaycan-Ermənistan sülh prosesinə toxunulub, ölkəmizin sülh gündəliyinin gücləndirilməsi istiqamətində atdığı addımlar vurğulanıb. Azərbaycanla Ermənistan arasında artıq iqtisadi-ticari münasibətlərin yaradıldığı qeyd edilərək, bu xüsusda ölkəmizin Ermənistana gedən tranzit yüklərlə bağlı məhdudiyyəti birtərəfli qaydada aradan qaldırdığı bildirilib. Ötən gün İrəvanda keçirilmiş “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında Azərbaycan Prezidentinin videobağlantı formatında iştirakı tarixi hadisə kimi dəyərləndirilib.

    Görüşdə vurğulanıb ki, hazırda Azərbaycanla Avropa İttifaqının gündəliyində rəqəmsal transformasiya, süni intellekt, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıqla bağlı məsələlər var.

    Söhbət zamanı Avropa İttifaqının minatəmizləmə sahəsində Azərbaycana dəstəyi təqdir edilib, TRIPP layihəsinin fəaliyyətə başlaması ilə onun regionda bağlantılar baxımından yaxşı imkanlar yaradacağı qeyd olunub.

    Dövlətimizin başçısı və Kaya Kallas Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivlərini və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.