18:00
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də “Xankəndi” hotelinin açılışında iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına “Xankəndi” Mehmanxana Kompleksinə aid “Xankəndi” hotelində yaradılmış şərait haqqında məlumat verib
Bildirilib ki, dördmərtəbəli hotel binasında qonaqların rahat qalması üçün hərtərəfli şərait yaradılıb. Burada ümumilikdə 101 otaq var. Otaqlardan 92-si “deluxe”, 4-ü “superior”, 3-ü “deluxe suite” və 2-si isə “executive suite” kateqoriyalarına aiddir. Hoteldə eyni vaxtda 236 qonaq qala bilər. Burada bir sıra ictimai iaşə obyektləri, o cümlədən kafe, restoranlar və idman zalı fəaliyyət göstərəcək.

Hoteldə 45 nəfər işlə təmin ediləcək. Onlardan 20-si işğaldan azad edilmiş şəhər və rayonlardan olan sakinlərdir.
Qeyd edək ki, işğaldan azad edilmiş digər ərazilərimizdə olduğu kimi, Xankəndidə də turizm infrastrukturunun inkişafına xüsusi önəm verilir. Qədim tarixə malik Xankəndi şəhərində müasir hotellərin, istirahət mərkəzlərinin və iaşə obyektlərinin yaradılması bu gün prioritet istiqamətlərdən biridir. Bu, qonaqlar üçün yüksək standartlara uyğun rahat mühit yaratmaqla yanaşı, Xankəndinin bərpasındakı sürətli dinamikanı və görülən işlərin real miqyasını birbaşa nümayiş etdirir.
***
17:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub.

Dövlətimizin başçısına burada Quzeyxırman və Güneyxırman kəndlərində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlər barədə məlumat verilib.
Sonra Prezident İlham Əliyev hər iki kəndə qayıdan sakinlərlə görüşüb.
VİDEO
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına Quzeyxırman və Güneyxırman kəndlərində sosial infrastrukturla bağlı görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Güneyxırman Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsində yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə keçirilən antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub. İşğaldan əvvəl sakinlər əsasən heyvandarlıq, üzümçülük və əkinçiliklə məşğul olub. Burada 2 məktəb, uşaq bağçası, xəstəxana, mədəniyyət evi, klub, kitabxana, idman kompleksi, çörək istehsalı müəssisəsi və rabitə şöbəsi fəaliyyət göstərib.
Kənddə ümumilikdə 549 fərdi ev var. Onlardan da 170-i yararsız, 379-u qismən yararlıdır. Artıq 50 ev istismara hazırdır, 147 evdə isə təmir işləri davam edir. Digər 182 evin isə təmir-bərpası ilə bağlı hazırlıq işləri gedir.

Bir neçə gün əvvəl kəndə 18 ailə (72 nəfər) qayıdıb.
Kənddə sosial infrastruktur sahəsində bir sıra işlər görülüb, yeni qaz xətti çəkilib, mövcud xətdə isə bərpa işləri aparılıb, subartezian quyularında nasos avadanlıqları quraşdırılıb, nasos stansiyasının tikintisi davam etdirilir. Kənddaxili su şəbəkəsi yenidən qurulub, fiber-optik kabel çəkilib.
***
Quzeyxırman Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. 1992-ci ildə işğal olunan kənd Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib. İşğaldan əvvəl kənd sakinləri üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olublar. Burada orta məktəb, uşaq bağçaları, klub, kitabxana fəaliyyət göstərib.
Quzeyxırman kəndində 447 fərdi ev var. Onlardan da 65-i yararsız, 382-si qismən yararlıdır. 244 evdə təmir-bərpa işləri aparılır və bunlardan da 100-ü artıq istismara hazırdır. Digər 144 evdə görülən işlər növbəti aylarda yekunlaşacaq. Qalan 138 evdə isə təmir-bərpa işlərinə hazırlıq görülür.
Bir neçə gün əvvəl kəndə ilkin mərhələdə 21 ailə (87 nəfər) qayıdıb.
Kənddə sosial infrastrukturun yaradılması istiqamətində bir sıra işlər görülüb. Belə ki, yeni qaz xətləri çəkilib, mövcud xətt bərpa edilib, subartezian quyuları nasos avadanlıqları ilə təchiz olunub, su şəbəkəsi və nasos stansiyası yenidən qurulub. Mövcud transformator məntəqələri, elektrik hava xətləri və kənddaxili elektrik şəbəkəsi bərpa olunub, fiber-optik kabel xətti çəkilib. Bundan başqa, 460 şagird yerlik Quzeyxırman kənd tam orta ümumtəhsil məktəbinin və 40 yerlik körpələr evi-uşaq bağçasının binaları təmir olunub. Kənddə ictimai-iaşə obyektləri istifadəyə verilib.
******
16:03
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilmiş “Yasəmən” hotelinin yeni korpusları ilə tanış olub.

Prezidentin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verib.

Qeyd edək ki, “Yasəmən” hotelinin açılışı 2023-cü ildə Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə olub.
Orijinal görkəminə uyğun üslubda bərpa edilən “Yasəmən” hotelinin eksteryer və interyeri Şuşanın orta əsr üslubuna uyğun layihələndirilib. XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbi tərzində inşa edilmiş bina işğal zamanı dağıdılmışdı. Heydər Əliyev Fondu həmin binada layihələndirmə işləri aparıb və 2023-cü ildən - bərpa işlərindən sonra binada fəaliyyət göstərən hotelin iki korpusu artıq qonaqları qəbul edir. Hazırda isə “Yasəmən” hotelinin yeni korpusları olan daha 4 binada Heydər Əliyev Fondu tərəfindən bərpa və tikinti işləri görülüb.
Bərpa layihəsində qədim Şuşa evlərinin memarlıq xüsusiyyətləri əsas götürülərək yeni konsepsiya əsasında planlaşdırma aparılıb. Butik konseptli yeni korpuslarda, həmçinin aynabənd və terras zonalar yaradılıb.




Bərpadanəvvəlki arxiv fotoşəkillərinə əsasən qapı və pəncərələr orijinal memarlıq üslubuna uyğun olaraq yenidən hazırlanıb.

Həyətyanı sahədə yaşıllaşdırma və abadlaşdırma işləri aparılıb.
***
15:32
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub.

Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən ümumilikdə müxtəlif təyinatlı10 bina inşa edilib.

Onların arasında mehmanxana, apart hotellər, ofislər, iaşə obyektləri var. Tikinti işlərinin aparılması zamanı keyfiyyətlə yanaşı, binaların Şuşanın ümumi görünüşünə uyğun olmasına da xüsusi diqqət yetirilib. Bu layihənin icrası ilk növbədə tarixi şəhərimiz və mədəniyyət paytaxtımız olan Şuşanın inkişafı istiqamətində atılan addımların bir hissəsidir. Binaların inşası şəhərin gözəlliyinə əlavə rəng qatır, burada aparılan bərpa-yenidənqurma işlərinin həcmini göstərir. Bu, eyni zamanda, Şuşanın iqtisadi həyatının canlanmasına, şəhərin sakinlərinin və qonaqlarının rahatlığının təmin olunmasına da töhfə verir.




Qeyd edək ki, layihə həm də Azərbaycanda dövlət-özəl tərəfdaşlığının yüksək səviyyədə qurulduğunu aydın şəkildə nümayiş etdirir.




***
15:12
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşada tarix-memarlıq abidəsi olan “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib.



Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verib.


Bildirilib ki, Şuşa şəhərinin işğalı dövründə bina uzun müddət baxımsız qalıb, nəticədə dam örtüyündə, döşəmələrdə və daş hörgülərdə ciddi aşınma və dağıntılar baş verib. Tikilinin memarlıq elementlərinin bir hissəsi zədələnib, mühəndis-kommunikasiya sistemləri tamamilə yararsız vəziyyətə düşüb.



Azərbaycan Prezidentinin 2022-ci ildə imzaladığı Sərəncama əsasən, Şuşa şəhərində Azərbaycan musiqiçisi, tarzən, bəstəkar və tarı təkmilləşdirən sənətkar Mirzə Əsəd oğlu Sadıqın – Sadıqcanın yaşadığı evin layihələndirilməsi və bərpası məqsədilə vəsait ayrılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ildə Şuşa şəhərində Sadıqcanın yaşadığı evə baxıblar. Bir il sonra dövlətimizin başçısı burada icra ediləcək işlərin layihə konsepsiyası ilə tanış olub və 2024-cü ildə bu tarix-memarlıq abidəsində bərpa işlərinə başlanılıb.
Sadıqcanın zirzəmi və iki mərtəbədən ibarət ev-muzeyi Şuşa şəhərinin Sadıqcan küçəsində yerləşir. Sivri tağlı pəncərələr və giriş qapısının nisbətən iri daşlarla işlənməsi memarlıq baxımından binaya xüsusi gözəllik verir.

Sadıqcanın ev-muzeyi ölkə əhəmiyyətli tarix-memarlıq abidələri siyahısındadır.
Ev-muzeydə Sadıqcanın həyat və yaradıcılığına, Azərbaycan milli musiqi irsinə və Şuşanın zəngin ədəbi-bədii mühitinə həsr olunmuş ekspozisiya sahələri, konsert zalı, muğam ekspozisiya otağı, həmçinin kafe, suvenir mağazası, qeydiyyat bölməsi və musiqi alətləri emalatxanası yaradılıb.

Dövlətimizin başçısına “Əbədiyyatın səsi” əsəri barədə məlumat verilib.
Bildirilib ki, bu heykəltəraşlıq əsəri Azərbaycanın milli musiqi aləti olan tarın rəmzi-bədii interpretasiyasıdır. Kompozisiyada tarın simlərindən doğan ağac obrazı musiqinin torpaqdan qaynaqlandığını, milli yaddaşdan güc aldığını və yenidən həyata çevrildiyini ifadə edir. Ağac forması kök, davamlılıq və dirçəliş ideyasını simvolizə edir.
Əsər Azərbaycanın musiqi beşiyi sayılan Şuşanın zəngin mədəni irsinə ithaf olunub.
Burada musiqi yalnız səs deyil, həm də milli kimliyin, ruhun və tarixi yaddaşın daşıyıcısı kimi təqdim edilir.
Abidənin müəlifi Əməkdar rəssam Rəşad Mehdiyevdir.
***
13:55
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.
Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verib.



Bildirilib ki, Kiçik Qaladərəsində 66 fərdi ev var. Onlardan 19-u yararsız, 47-si isə qismən yararlıdır. Bu evlərdən artıq 26-sı istismara hazırdır. Gələn il isə 21 ev hazır olacaq. İlkin mərhələdə kəndə 15 ailə (51 nəfər) qayıdıb. Bu ilin sonunadək isə daha 11 ailə (45 nəfər) qayıdacaq.
Dövlətimizin başçısı kənd sakini Əsəd Əsədovun evində olub.










Kənddə sosial infrastrukturun yaradılması istiqamətində bir sıra işlər görülüb. Yeni qaz və su xətləri çəkilib, artezian quyusu bərpa edilib və hazırda 26 fərdi ev su şəbəkəsinə qoşulub, transformator məntəqəsi quraşdırılıb, elektrik hava xətləri bərpa olunub. Sakinlərin istirahəti üçün park və Bayraq Meydanı salınıb, kənddaxili yollar asfaltlanıb.
Qeyd edək ki, Kiçik Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsinə daxildir və rayon mərkəzindən 40 kilometr cənub-qərbdə yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 2023-cü ildə antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub.


İşğaldan əvvəl kənd sakinləri əsasən heyvandarlıq, tərəvəzçilik və arıçılıqla məşğul olublar. Kənddə orta məktəb, uşaq bağçası, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi və rabitə şöbəsi fəaliyyət göstərirdi.
Prezident İlham Əliyev kəndə qayıdan sakinlərlə görüşüb.
VİDEO
***
11:13
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Laçında Hoçaz çayının üzərində yerləşən 14,7 meqavatlıq “Ağbulaq-1”, 14,25 meqavatlıq “Ağbulaq-2” və 4 meqavatlıq “Şeylanlı” su elektrik stansiyalarının onlayn formatda açılışında iştirak edib.

“AzərEnerji” ASC-nin İdarə Heyətinin sədri Balababa Rzayev dövlətimizin başçısına Laçın rayonunun enerji potensialı və stansiyaların fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının “yaşıl enerji zonası”na çevrilməsi barədə tapşırıqlarına uyğun olaraq, “AzərEnerji” ASC tərəfindən regionda su elektrik stansiyalarının tikintisi istiqamətində işlər ardıcıllıqla davam etdirilir.

Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçının su ehtiyatları əsasən ölkə ərazisində formalaşır. Belə ki, Kiçik Qafqazın ölkə daxilində Tərtərçaydan sonra ikinci ən böyük çayı hesab olunan Həkəriçay və onun qolları olan Hoçaz, Şəlvə, Zabux çayları üzərində indiyədək ümumi gücü 72,6 MVt olan 11 su elektrik stansiyası tikilib.
Laçın rayonunun 8-10 MVt-lıq elektrik tələbat gücü tam olaraq yaşıl enerji hesabına qarşılanır. Artıq qalan enerji isə ölkə enerjisisteminə ötürülür.
Hazırda ümumi gücü 10,7 MVt olan 3 yeni SES-in tikintisi davam edir və onlar bu ilin sonunadək istismara veriləcək.
Laçın rayonunun 2040-cı il perspektivində elektrik tələbat gücünün 80 MVt olacağı gözlənilir. Mövcud və tikintisi planlaşdırılan SES layihələri nəzərə alınmaqla, rayon 15 il sonra da tam olaraq yaşıl enerji ilə təmin ediləcək.
***
Laçın rayonunun mürəkkəb dağlıq relyefində, dəniz səviyyəsindən 2150 metr yüksəklikdə yerləşən 14,7 MVt-lıq “Ağbulaq-1” Su Elektrik Stansiyası ölkə energetiklərinin icra etdiyi ən çətin mühəndislik layihələrindən biridir. Stansiya yol infrastrukturu olmayan ərazidə inşa edilərək yerli mütəxəssislərin peşəkarlığını və böyük texniki imkanlarını göstərir. Layihə çərçivəsində müasir baş suqəbuledici qurğu tikilib, suyun stansiyaya çatdırılması üçün 4,8 kilometr uzunluğunda, 1200 millimetr diametrli derivasiya boru xətti çəkilib. Stansiyanın fasiləsiz istismarı üçün bütün zəruri infrastruktur yaradılıb.
“Ağbulaq-1”stansiyasında ildə 93,2 milyon kVt-saat ekoloji təmiz elektrik enerjisi istehsal olunacaq. Bu, hər il 21 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 37 min ton karbon emissiyasının qarşısının alınmasına və təxminən 37 min nəfərin elektrik enerjisinə olan tələbatının yaşıl enerji hesabına ödənilməsinə imkan verəcək.
***
Hoçaz çayı üzərində inşa edilən 14,25 MVt-lıq “Ağbulaq-2” Su Elektrik Stansiyası yalnız elektrik enerjisi istehsalı deyil, həm də regionun enerji infrastrukturunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Stansiyada bütün istehsal prosesi müasir avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə həyata keçirilir. Layihə çərçivəsində stansiyanın enerjisistemə etibarlı inteqrasiyasını təmin etmək məqsədilə 110/10 kV-luq, 16 MVA gücündə yeni yarımstansiya tikilib.
Stansiyanın su təminatı üçün 5,7 kilometr uzunluğunda derivasiya xətti çəkilib.
"Ağbulaq-2" SES ildə 87,3 milyon kVt-saat elektrik enerjisi istehsal edəcək. Bunun nəticəsində hər il 19,6 milyon kubmetr təbii qaza qənaət olunacaq, atmosferə 35 min ton karbon emissiyasının atılmasının qarşısı alınacaq və təxminən 35 min nəfərin elektrik enerjisinə olan tələbatı yaşıl enerji hesabına təmin ediləcək.
***
Laçın rayonunda inşa edilən 4 MVt gücündə "Şeylanlı" Su Elektrik Stansiyası layihələndirilərkən ekoloji təhlükəsizliyin qorunması əsas prioritetlərdən biri olub. Çay ekosisteminin mühafizəsi məqsədilə balıqların təbii miqrasiyasına mane olmayan hidrotexniki həllər tətbiq edilib, istifadə olunan hidroaqreqatlar isə suyun təbii axınına və keyfiyyətinə mənfi təsir göstərmir.
Layihə çərçivəsində 1460 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib, mürəkkəb dağlıq relyefdə 4,8 kilometr uzunluğunda derivasiya xətti inşa olunub.
"Şeylanlı" SES-də ildə 19,4 milyon kVt-saat elektrik enerjisi istehsal ediləcək. Bu, hər il 4,4 milyon kubmetr təbii qaza qənaət edilməsinə, 8 min tondan çox karbon emissiyasının qarşısının alınmasına və təxminən 8 min nəfərin elektrik enerjisinə olan tələbatının yaşıl enerji hesabına təmin edilməsinə imkan verəcək. Stansiya regionun enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, ekoloji tarazlığın qorunmasına və iqtisadi inkişafa da töhfə verəcək.
***
Qeyd edək ki, müasir texnologiyalar və beynəlxalq təcrübə əsasında qurulan, SCADA sistemləri ilə təchiz edilən bu üç su elektrik stansiyası ölkənin vahid enerji sisteminə inteqrasiya olunaraq il ərzində ümumilikdə 200 milyon kilovat-saatdan çox ekoloji təmiz elektrik enerjisinin istehsalına imkan verəcək. Nəticədə ildə 45 milyon kubmetr təbii qaza qənaət ediləcək, atmosferə təxminən 80 min ton karbon emissiyasının atılmasının qarşısı alınacaq.
***
10:51
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Laçında “Həkəriçay” su anbarının təməlini qoyub.

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Prezident İlham Əliyevə layihə barədə məlumat verib.

Bildirilib ki, layihəyə əsasən Azərbaycanın hüdudlarında formalaşan Həkəri çayı üzərində ümumi tutumu 100 milyon kubmetr, faydalı həcmi isə 90 milyon kubmetr olan su anbarının yaradılacaq, həmçinin suburaxma qabiliyyəti saniyədə 8 kubmetr, uzunluğu isə 172 kilometrə yaxın magistral boru kəməri inşa ediləcək.

Bu infrastrukturun Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli, Xocavənd və Ağdam rayonları üzrə təqribən 700 min nəfəri saniyədə 2,5 kubmetr həcmində keyfiyyətli içməli su ilə təmin etmək potensialı olacaq.
“Həkəriçay” su anbarından qidalanan magistral boru kəmərinin üzərində ümumi gücü 10.81 MVt olan 3 su elektrik stansiyasının (SES) tikintisi də nəzərdə tutulur.
Qeyd edək ki, “Həkəriçay” su anbarı əhalinin keyfiyyətli və dayanıqlı içməli su təminatı ilə yanaşı, işğaldan azad edilmiş ərazilərimizin su ehtiyatlarının səmərəli idarə olunmasında, bölgənin, habelə ölkəmizin digər iri şəhərlərinin içməli su təchizatının yaxşılaşdırılmasında və regionların sosial-iqtisadi inkişafının dəstəklənməsində mühüm rol oynayacaq.
20 dəqiqə