
13:28
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə Çinin “Dongfang Electric İnternational Corporation” Şirkətinin İdarə Heyətinin sədri Çen Qianqı qəbul edib.
Görüşdə “Dongfang Electric İnternational Corporation” şirkətinin “8 Noyabr” Elektrik Stansiyasının inşasında iştirakının roluna toxunulub, Azərbaycanla Çinin bu şirkəti arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda xatirə şəkli çəkdirilib.
***
11:51
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 24-də Mingəçevirdə İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Söhbət zamanı dövlətimizin başçısının Adolfo Urso ilə görüşləri məmnunluqla xatırlanıb.
Prezident İlham Əliyev Adolfo Ursoya “8 Noyabr” Elektrik Stansiyasının açılışında iştirakına görə minnətdarlığını bildirib, gələcəkdə də birgə layihələrin həyata keçiriləcəyinə ümidvarlığını ifadə edib.
Qonaq İtaliyanın “8 Noyabr” Elektrik Stansiyasının inşasında iştirakını ölkələrimiz arasında dostluğun və uğurlu əməkdaşlığın göstəricisi kimi dəyərləndirib.
Azərbaycana dəfələrlə səfər etdiyini xatırlayan Adolfo Urso bu tədbirdə iştirakdan məmnunluğunu bildirib. O, 2020-ci ildə Gəncə və Ağdam şəhərlərinə səfərinə toxunub.
Dövlətimizin başçısı Adolfo Ursonun işğaldan azad edilmiş torpaqlarımıza Avropa ölkəsini təmsil edən ilk xarici yüksəksəviyyəli şəxslərdən biri olduğunu vurğulayıb və buna görə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə hazırda genişmiqyaslı quruculuq işlərinin aparıldığını və orada artıq 3 beynəlxalq hava limanının istifadəyə verildiyini deyib.
Söhbət zamanı münasibətlərimizin strateji xarakter daşıdığı bildirilib, siyasi əlaqələrimizin çox yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Azərbaycan-İtaliya əməkdaşlığının daha da genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin roluna toxunulub.
Görüşdə Hökumətlərarası Komissiyanın fəaliyyətinin vacibliyi bildirilib, enerji, o cümlədən bərpaolunan enerji, metallurgiya, kənd təsərrüfatı, əczaçılıq, elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb, İtaliya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işlərində iştirakı qeyd edilib. “Azərenerji” ilə “Ansaldo” şirkəti arasında əməkdaşlığın perspektivlərinə dair məsələlər müzakirə olunub.
Sonra xatirə şəkli çəkdirilib.