XƏBƏRLƏR / Rəsmi

İlham Əliyev qəbullar keçirir

YENİLƏNİR

İlham Əliyev qəbullar keçirir
  • Oxuma müddəti:

    6 dəqiqə

  • 12:26

    Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aktivlərin idarə edilməsi üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “BlackRock”un tərkibində fəaliyyət göstərən qlobal infrastruktur investisiya şirkəti - “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib.

    Söhbət zamanı dövlətimizin başçısının bu ilin yanvarında Adebayo Oqunlesi ilə Davosda görüşü xatırlandı.

    Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), “BlackRock” və “Global Infrastructure Partners” (GIP) şirkəti arasında Davosda imzalanmış uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun əhəmiyyətinə toxunuldu.

    Görüşdə Azərbaycan ilə şirkət arasında investisiya əməkdaşlığının inkişafından məmnunluq ifadə edildi, əldə olunmuş nəticələr və tərəfdaşlığın genişləndirilməsi perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

    Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “Global Infrastructure Partners” (GIP) arasında formalaşmış tərəfdaşlığın artıq konkret beynəlxalq investisiya layihələrini əhatə etdiyi vurğulandı. Bu xüsusda Fondun İtaliyanın yüksəksürətli qatar operatoru “Italo”ya və Londonun Qatvik hava limanına bu şirkətlə birgə investisiya yatırdığı qeyd olundu.

    Ölkəmizin infrastruktur sahəsində investisiya imkanları, o cümlədən rəqəmsal və nəqliyyat infrastrukturu istiqamətlərində potensial əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

    Söhbət zamanı Prezident İlham Əliyevin himayəsi altında Bakıda təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu və bu çərçivədə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) və “BlackRock” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqunun əhəmiyyətinə toxunuldu. Bu tədbirlərdə 30 trilyon ABŞ dolları məbləğində aktivləri idarə edən şirkətlərin iştirak etdiyi vurğulandı.

    Qeyd edək ki, “Global Infrastructure Partners” şirkəti 2024-cü ildən dünyanın ən böyük investisiya idarəetmə şirkəti olan “BlackRock”un tərkibində fəaliyyət göstərir. İdarə olunan aktivlərinin həcmi 15,3 trilyon ABŞ dolları təşkil edən “BlackRock” enerji, nəqliyyat, rəqəmsal infrastruktur, su və tullantıların idarə olunması sahələrində ixtisaslaşmış qlobal investisiya şirkətidir. “Global Infrastructure Partners”in (GIP) idarə etdiyi aktivlərin həcmi isə 170 milyard ABŞ dollarıdır. Bu şirkət, həmçinin “BlackRock”, “Microsoft” və “MGX” ilə birlikdə qlobal Süni İntellekt İnfrastruktur Fondunun əsas təsisçilərindəndir.

    ***

    12:00

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də dünyanın aparıcı investisiya şirkətlərindən olan “Brookfield Asset Management”in baş icraçı direktoru Konnor Teskini qəbul edib.

    Söhbət zamanı dövlətimizin başçısının bu ilin yanvarında Davosda Konnor Teski ilə görüşü məmnunluqla xatırlandı. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “Brookfield Asset Management” arasında imzalanmış uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolunun əhəmiyyəti qeyd edildi.

    Görüşdə ölkəmizlə şirkət arasında investisiya əməkdaşlığının genişləndirilməsi, xüsusilə enerji keçidi, bərpaolunan enerji, enerji saxlanc sistemləri və rəqəmsal infrastruktur sahələrində potensial layihələr müzakirə olundu. Azərbaycanın enerji potensialının ölkəmizin regional enerji mərkəzi kimi mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətinə toxunuldu.

    Xatırladaq ki, idarə etdiyi aktivlərin həcmi 1 trilyon ABŞ dollarını ötən “Brookfield” qlobal miqyasda enerji, telekommunikasiya, rəqəmsal infrastruktur, nəqliyyat və digər real aktivlərin iri sahibi və operatorlarından biridir. Şirkətin infrastruktur platforması 308 mindən çox telekommunikasiya obyektini, 77 min kilometr fiber-optik şəbəkəni, 150 data mərkəzini, 36 min 300 kilometrlik dəmir yolu şəbəkəsini və 3200 kilometr ödənişli avtomobil yolunu əhatə edir. Onun kommunal infrastruktur biznesləri dünyada 10 milyondan çox istehlakçıya xidmət göstərir.
    ***

    11:47

    Sentyabrın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın aparıcı investisiya şirkətlərindən olan “Neuberger Berman”ın sədri və baş icraçı direktoru Corc Volkeri qəbul edib.

    Söhbət zamanı Prezident İlham Əliyevin keçən il Nyu-Yorkda Corc Volkerlə görüşü məmnunluqla xatırlandı.

    Dövlətimizin başçısı bu ilin fevralında “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalandığını xatırladaraq, ölkələrimizin qarşılıqlı münasibətlərinin yeni səhifəsinin açıldığını dedi.

    Görüşdə Azərbaycan ilə “Neuberger Berman” şirkəti arasında investisiya əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri müzakirə olundu, qlobal investisiya bazarlarında yaranan yeni imkanlar, qarşılıqlı maraq doğuran layihələr və uzunmüddətli tərəfdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

    2016-cı ildən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “Neuberger Berman” arasında səmərəli əməkdaşlığın həyata keçirildiyi vurğulandı. ARDNF-nin şirkətlə özəl kapital, özəl borc və digər investisiya istiqamətlərini əhatə edən tərəfdaşlığı çərçivəsində əldə olunmuş nəticələr və yeni layihələrdə iştirak imkanları müzakirə edildi.

    Qeyd edək ki, 1939-cu ildə Nyu-Yorkda yaradılmış “Neuberger Berman” dünyanın iri müstəqil investisiya şirkətlərindən biridir. 613 milyard ABŞ dolları məbləğində aktivlərə malik olan şirkətin özəl bazarlar üzrə qlobal investisiya platforması 170 milyard ABŞ dollarından artıq investisiya öhdəliklərini idarə edir. Platformanın investisiya etdiyi fondların portfelləri 10 min 400-dən çox şirkəti əhatə edir ki, bu da “Neuberger Berman”ın qlobal investisiya fəaliyyətinin miqyasını göstərir.