XƏBƏRLƏR / Rəsmi

İlham Əliyev qəbullar keçirdi

Prezidentin Mətbuat xidməti xəbər verir

İlham Əliyev qəbullar keçirdi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 12:25

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Ümumdünya Ticarət Təşkilatının baş direktoru Nqozi Okonyo-İvealanı qəbul edib.

    Görüşdə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxilolma prosesi ilə bağlı fikir mübadiləsi aparılıb.

    Qonaq Azərbaycanın əldə etdiyi iqtisadi nailiyyətləri vurğulayıb.

    COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran Ümumdünya Ticarət Təşkilatının baş direktoru bu tədbir çərçivəsində Ticarət və Sərmayə Gününün təşkil edilməsi ilə bağlı təşəbbüsü dəstəklədiyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

    Söhbət zamanı ölkəmizlə Təşkilat arasında əməkdaşlıq imkanları müzakirə olunub.

    ***

    11:13

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da Qırğız Respublikasının Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevi qəbul edib.

    Nurlanbek Şakiyev Qırğızıstan Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırıb.

    Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Sadır Japarova çatdırmağı xahiş edib.

    Dövlətimizin başçısı ötən ilin oktyabrında Qırğızıstana səfərini məmnunluqla xatırlayıb.

    Söhbət zamanı Azərbaycan ilə Qırğızıstan arasında İnvestisiya Fondunun yaradıldığı və onun büdcəsinin hazırda daha da artırıldığı qeyd edilib.

    Görüşdə Qırğızıstan Prezidentinin Azərbaycana səfəri və səfər çərçivəsində aparılmış müzakirələrin və imzalanmış sənədlərin əhəmiyyəti vurğulanıb. Azərbaycanın işğaldan azad olunmuş Ağdam rayonunda Qırğızıstan tərəfindən məktəbin inşasının həyata keçirilməsi ölkələrimiz arasında dostluğun və qardaşlığın nümunəsi kimi qiymətləndirilib.

    Nurlanbek Şakiyev Azərbaycanın işğaldan azad olunmuş rayonlarına, xüsusən də Şuşa şəhərinə səfər etdiyini və həmin ərazilərin dünyanın ən gözəl guşələrindən biri olduğunu deyib. O, Azərbaycan xalqının səbirlə otuz ilə yaxın bir müddətdə torpaqlarımızın işğaldan azad edildiyi günü gözləməsinin və buna nail olmasının önəmini vurğulayıb. Qonaq torpaqlarımızın işğaldan azad olunması və ölkəmizin inkişafında Prezident İlham Əliyevin liderliyinin yüksək qiymətləndirildiyini qeyd edib.

    Söhbət zamanı Türk Dövlətləri Təşkilatının inkişafı, beynəlxalq təşkilatlarda və təsisatlarda Azərbaycan-Qırğızıstan əməkdaşlığının və ölkələrimizin parlamentləri arasında əlaqələrin vacibliyi vurğulanıb.