İlham Əliyev Şərqi Zəngəzurdadır YENİLƏNİB / FOTO
Sabah Cəbrayıl şəhərinin işğaldan azad olunduğu gündür
15:51
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan rayonunda “Azərenerji” ASC-nin “Sarıqışlar” Su Elektrik Stansiyasının açılışında iştirak edib.
“AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlət başçısına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, “Sarıqışlaq” SES Oxçu çayının üzərində kaskad üsulla tikilən Zəngilan silsiləsindəki 4 SES-dən biridir və buna qədər digər 3 SES - “Cahangirbəyli”, “Şayıflı” və “Zəngilan” Su Elektrik stansiyaları dövlətimizin başçısının iştirakı ilə istismara verilib.
“Yaşıl enerji” zonası konsepsiyasına uyğun olaraq tikilən “Sarıqışlaq” SES-də eyni vaxtda derivasiya borularının montajından, bünövrə işlərindən tutmuş maşın zalının tikilməsinə, açıq paylayıcının qurulmasına qədər bütün işlər tam normativ qaydalara uyğun həyata keçirilib.
Flora və faunanın qorunması üçün xüsusi qurğular quraşdırılmaqla yaradılan baş suqəbuledicidən çıxan suyun 35 faizi çay məcrasında saxlanılmaqla derivasiya boruları çəkilib və borudan çıxan suyun itkisiz şəkildə çaya təkrar buraxılması təmin edilib.
“Sarıqışlaq” SES-də tikilən maşın zalında çayda su azalarkən özünü avtomatik dayandıra bilən 2 ekoturbin quraşdırılıb ki, bu turbinlər Oxçu çayının ekoloji axımından iki dəfə artıq suyun çayda saxlanılmasını təmin edir.
Qeyd olunub ki, su elektrik stansiyasında 110 kV-luq açıq paylayıcı qurğu tikilib. Bu qurğu nəinki “Sarıqışlaq” SES-də, eyni zamanda “Şayıflı” SES-də istehsal olunan “yaşıl enerji”nin sistemə ötürülməsi funksiyasını icra edir. Burada həm yarımstansiya, həm də bütövlükdə su elektrik stansiyası rəqəmsal avadanlıqlarla təchiz edilərək avtomatik idarəetmə sistemi ilə təmin olunub.
“Sarıqışlaq”da il ərzində 33 milyon kilovat-saatadək elektrik enerjisinin istehsal olunması, bununla da 7,4 milyon kubmetr qaza qənaət edilməsi və atmosferə atılan 13 min ton karbon qazının qarşısının alınması nəzərdə tutulur.
Prezident İlham Əliyev “Sarıqışlaq” Su Elektrik Stansiyasını işə salıb.
Qeyd edək ki, “Sarıqışlaq” SES-in də daxil olduğu 4 SES-dən ibarət 42 meqavatlıq Zəngilan silsiləsi işğaldan azad edilən ərazilərdə yaradılan ən böyük silsilədir.
Yerli mütəxəssislər tərəfindən layihələndirilməklə, tam yeni tikilmiş 42 MVt gücündə kaskad tipli bu 4 stansiya qoyuluş gücünün 70 faizdən çox hissəsi ilə çalışır. Burada istehsal olunun enerjinin bir hissəsi daxili tələbata sərf edilir, artıq qalan enerji isə ölkə enerjisisteminə yönləndirilir. Bu da regional enerji müstəqilliyini artırır və ətraf mühitin qorunmasına töhfə verir.
Ümumilikdə isə bu günədək “Azərenerji” tərəfindən Qarabağda və Şərqi Zəngəzurda istismara verilən 270 meqavat gücündə 32 Su Elektrik Stansiyasında hava şəraitindən asılı olan digər bərpaolunan enerji mənbələrindən fərqli olaraq, 24 saat fasiləsiz “yaşıl enerji” istehsal edilir.
Prezident İlham Əliyevin regionunun “yaşıl enerji” zonasına çevrilməsi barədə qəti mövqeyinin nəticəsi kimi ölkə enerjisistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionları istismarda olan su elektrik stansiyaları hesabına ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı bölgəyə çevrilib və elektrik enerjisi tələbatı tam həcmdə “yaşıl enerji” hesabına təmin edilir.
***
15:31
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub.
Prezidentin İşlər müdiri Ramin Quluzadə dövlət başçısına kompleksdə yaradılacaq şərait barədə məlumat verib.
Qeyd edək ki, Zəngilanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Kompleksdəki hotel binasının təməli 2023-cü il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Hotel binasında 111 nömrə, konfrans, iclas və ziyafət zalları, fitnes və spa mərkəzləri, qapalı və açıq hovuzlar, restoran və uşaq əyləncə mərkəzləri yaradılacaq. İstirahət kompleksinin ərazisində, həmçinin 10 kottec də qonaqların istifadəsinə veriləcək.
Hoteldə 70 nəfərdən çox işçinin fəaliyyət göstərməsi nəzərdə tutulub.
Kompleksin ərazisində üzüm və digər meyvə bağları salınacaq.
Bir sözlə, müxtəlif çeşidli yüksək xidmətlərin göstəriləcəyi hotel kompleksi müasir standartlar səviyyəsində inşa olunur. Rayona səfərə gələnlərin rahatlığı üçün burada hər cür şərait yaradılacaq.
***
15:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində 104 mənzilli yaşayış kompleksinin tikintisi ilə tanış olub.
Dövlət başçısına yaşayış kompleksi barədə məlumat verilib.
Qeyd edək ki, Zəngilan şəhərində quruculuq işlərinin geniş vüsət aldığı yerlərdən biri də bu yaşayış kompleksidir. Kompleksin təməli 2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulub.
Bildirilib ki, 12 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 1,92 hektardır və burada 104 mənzil inşa olunub. Kompleksdəki binaların inşasında modern və minimalistik memarlıq yanaşmalarından, həmçinin milli naxış elementlərindən istifadə edilib.
Yaşayış məhəlləsi şəhərin mərkəzi hissəsində, məktəb, uşaq bağçası və şəhər parkının yaxınlığında, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir.
***
15:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində beşinci yaşayış kompleksinin təməlini qoyub.
Dövlət başçısına kompleks barədə məlumat verilib.
Qeyd olunub ki, yaşayış kompleksi şəhərin mərkəzi hissəsində, orta sıxlıqlı və çoxfunksiyalı zonada yerləşir. Kompleksin ərazisi məktəb və uşaq bağçası, Zəngilan Konqres Mərkəzi və şəhər parkının yaxınlığında yerləşir.
Yaşayış məhəlləsi 5 hektar ərazini əhatə edir. Burada binalar 3, 4, 5 və 6 mərtəbədən ibarət olacaq. Ümumilikdə bu yaşayış kompleksində 334 mənzilin inşası nəzərdə tutulub.
Prezident İlham Əliyev yaşayış kompleksinin təməlini qoyub.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Zəngilan şəhərində altıncı yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak edib.
Dövlət başçısına yaşayış kompleksi barədə məlumat verilib.
Bildirilib ki, yaşayış kompleksi orta sıxlıqlı ərazidə, məktəb, uşaq bağçası, inzibati və ticarət zonalarının yaxınlığında yerləşəcək. Kompleks 3 hektar ərazidə yaradılacaq.
Baş plana uyğun olaraq, kompleksdə 3, 4, 5 və 6 mərtəbəli çoxmənzilli binaların inşası nəzərdə tutulur. Burada tikiləcək yaşayış binalarında 177 mənzilin olması planlaşdırılıb.
Prezident İlham Əliyev altıncı yaşayış məhəlləsinin təməlini qoyub.
***
14:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib.
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Rəqəmsal İdarəetmə Mərkəzi iki mərtəbədən ibarətdir. Birinci mərtəbədə hər birinin gücü 2500 kV olan iki güc transformatoru, 35 və 0,4 kV-luq qapalı paylayıcı qurğular, ikinci mərtəbədə isə idarəetmə, texniki və köməkçi otaqlar yerləşir.
Mərkəzin elektrik təchizatı üçün 110/35/10 kilovoltluq “Zəngilan” yarımstansiyasından ikidövrəli yeraltı kabel xətləri çəkilib.
Diqqətə çatdırılıb ki, Mərkəz elektrik şəbəkəsinin vəziyyəti haqqında bütün məlumatları toplayan və emal edən, eləcə də avadanlığın rəqəmsal formatda idarə olunmasını təşkil edən nəzarət, mühafizə və idarəetmə sistemlərinin innovativ həll layihəsidir. Bu layihə yarımstansiyalarda optik rəqəmsal ölçmə transformatorlarının və yeni nəsil rəqəmsal avadanlıq komplekslərinin işlənib hazırlanmasını təmin edir. Yeni nəsil yarımstansiya bütün ölçülərin yüksək dəqiqliyini təmin edir, avtomatlaşdırma insan amilinin şəbəkənin işinə təsirini azaltmağa, etibarlılığını artırmağa və elektrik enerjisinin ötürülməsi zamanı itkiləri azaltmağa imkan verir. Həmçinin enerjinin əldə olunması dəyəri və istismar xərcləri azalır.
Prezident İlham Əliyev “Azərişıq” ASC-nin Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzini işə salıb.
Qeyd olunub ki, rəqəmsal yarımstansiyadan qidalanan istehlakçılar elektrik enerjisi verilişində fasilələrin yaranması barədə məlumatları onlayn qaydada əvvəlcədən ala bilərlər. Bərpaolunan enerji mənbələrinin şəbəkələrə inteqrasiya edilməsi prosesi rəqəmsal yarımstansiyada avtomatik idarə edildiyindən elektrik enerjisi təchizatında fasilələrin yaranması tam aradan qaldırılır. Rəqəmsal yarımstansiya alınan və ötürülən elektrik enerjisinin miqdarına görə işin multifunksional rejimdə qurulmasını, cihaz və avadanlıqların bir-biri ilə koordinasiyasını tam təmin edir. Bundan əlavə, əməliyyatların paylayıcı şəbəkənin tələblərinə avtomatik uyğunlaşdırılmasını, informasiya və texniki təhlükəsizlik sistemlərinin qərarvermə qabiliyyətini, yaşıl enerji mənbələrinin şəbəkəyə inteqrasiyasını da həyata keçirir. Yarımstansiya qapalı tiplidir, istismar və idarəetmə əməliyyatları məsafədən həyata keçirilir, daimi işçi heyətə ehtiyac olmur.
***
14:10
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında yeni müəssisələrin təməlqoyma mərasimlərində iştirak ediblər.
İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət başçısına və birinci xanıma sənaye parkında görülən işlər barədə məlumat verib.
Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan yeni dövrün iqtisadi inkişaf tələbləri ilə uzlaşan mütərəqqi mexanizmlərin - sənaye zonalarının (sənaye parkları və məhəllələri) yaradılması və fəaliyyətinin genişləndirilməsi xüsusi önəm kəsb edir.
İşğaldan azad edilmiş torpaqlarımızın ölkə iqtisadiyyatına reinteqrasiyası, yeni əməkdaşlıq imkanları, beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin artan potensialı Azərbaycanın sürətli inkişafı üçün əlavə stimul yaradır. İqtisadi resursları, təbii ehtiyatları, enerji mənbələri, yeraltı metal filizi yataqları, termal suları, tikinti materialları üçün xammal bazası, nəqliyyat-tranzit, turizm imkanları və s. azad edilmiş ərazilərimizə investorların marağını artırır. Cəbrayıl rayonunun Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovuşuğunda yerləşməsi və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir.
Dövlətimizin başçısının 2021-ci il 4 oktyabr tarixli Fərmanına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı yaradılıb. Sənaye Parkının əsas fəaliyyət istiqaməti kimi Parkda logistika və ticarət mərkəzi, anbar kompleksləri, topdan və pərakəndə satış obyektləri, TIR parkı, gömrük, yanacaqdoldurma, avtomobil və digər texnikaların təmiri məntəqələrinin yaradılması planlaşdırılır.
Ərazisi 200 hektar olan sənaye parkı logistik imkanlar baxımından çox əlverişli ərazidə təşkil olunub ki, bu da sahibkarların diqqətini cəlb edən əsas məqamlardan biridir. Belə ki, bu Sənaye Parkı yeni salınan magistral avtomobil və dəmir yollarının üzərində yerləşir.
Sənaye parkının hazırda 13 rezidenti və 1 qeyri-rezidenti var. İnvestorlar tərəfindən ümumi olaraq Parka 133,8 milyon manat investisiyanın yatırılması, 2 mindən çox iş yerinin yaradılması nəzərdə tutulur. Artıq bu günədək rezidentlər tərəfindən Sənaye Parkına 20 milyon manatdan artıq investisiya yatırılıb, 40-dan çox daimi iş yeri yaradılıb.
Rezidentlər tərəfindən sənaye parkında fibrobeton və polistirolbeton blokların, quru inşaat qatqılarının, tamet daşların, müxtəlif çeşiddə yapışqan lentlərin, ayaqqabıların, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhlulların və digər məhsulların istehsalı, 40 otaqlı otelin və 100 nəfərlik restoranın tikintisi həyata keçiriləcək, logistik mərkəz inşa olunacaq.
Hazırda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında bir müəssisə fəaliyyət göstərir. Müəssisədə kənd təsərrüfatı texnikalarına, yük maşınlarına texniki servis xidməti göstərilir.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Prestij-Kimya” MMC-nin zavodunun təməlqoyma mərasimində iştirak ediblər.
Bildirilib ki, şirkət Sənaye Parkının 2,15 hektar ərazisində dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhlulların istehsalını həyata keçirəcək zavod inşa edəcək. İnvestisiya dəyəri 5,8 milyon manat olan müəssisədə 214 nəfər daimi işlə təmin ediləcək.
Türkiyənin, Çinin, Avropanın qabaqcıl ölkələrinin texnologiyalarından istifadə ediləcək müəssisədə il ərzində 30 min ton müxtəlif dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların istehsal olunması nəzərdə tutulur. Müəssisədə istehsal olunacaq məhsulların daxili bazarla yanaşı, xarici bazarlarda da satışı planlaşdırılır.
Dövlət başçısı zavodun təməlini qoyub.
***
13:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında “Karabakh Stone” MMC-nin zavodunun təməlqoyma mərasimində iştirak ediblər.
Məlumat verilib ki, “Karabakh Stone” MMC 2024-cü ilin iyulunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyatdan keçib. Şirkət Sənaye Parkının 3,5 hektar ərazisində yol və müxtəlif sahələrin abadlaşdırılması üçün dekorativ daşlar (tamet daşlar) və səki bordürlərinin istehsalı ilə məşğul olacaq.
İnvestisiya həcmi 7,8 milyon manat olan layihə çərçivəsində 95 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur.
İstehsal gücü 1 milyon 250 min kvadratmetr təşkil edəcək müəssisədə hazırlanacaq məhsullar daxili bazarın tələbatının ödənilməsinə yönəldiləcək. Türkiyə texnologiyasından istifadə ediləcək müəssisənin 2025-ci ildə fəaliyyətə başlaması planlaşdırılır.
Dövlət başçısı zavodun təməlini qoyub.
***
13:52
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında Litvanın “Dominari” şirkətinin mebel klasterinin təməlqoyma mərasimində iştirak ediblər.
Məlumat verilib ki, Litvanın “Dominari” şirkəti “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Şirkət tərəfindən Sənaye Parkının 10 hektar ərazisində 5 mərhələdən ibarət mebel klasteri layihəsinin həyata keçirilməsi nəzərdə tutulur.
İlkin mərhələdə döşək istehsalının əsas xammalı olan paralon materialının istehsalı zavodunun və mebel klasterinin müxtəlif mərhələlərini parça ilə təmin edəcək toxuculuq fabrikinin qurulması planlaşdırılır. İnvestisiya dəyəri 50 milyon manatdan çox olan müəssisədə ilkin mərhələdə 650 nəfər işlə təmin ediləcək. İşçilərin Cəbrayıl və ətraf rayonlardan cəlb olunması nəzərdə tutulur.
Şirkət ildə 6 min ton elastik poliuretan, 250 min ədəd müxtəlif mebel, həmçinin, döşəklər, divanlar və çarpayılar üçün 1 milyon ədəd üzlük, 200 min döşək, 5,5 min kubmetr mebel komponentləri istehsal edəcək. İstehsal olunan məhsulların daxili bazarda satılması ilə yanaşı, ixracı da həyata keçiriləcək.
Qeyd edilib ki, Litvanın “Dominari” şirkəti qısa müddət ərzində Baltikyanı ölkələrin və Şərqi Avropanın aparıcı mebel istehsalçılarından birinə çevrilib. Hazırda şirkət 2 min işçi və 200-dən çox korporativ müştəri bazasına malikdir.
Prezident İlham Əliyev “Dominari” şirkətinin mebel klasterinin təməlini qoyub.
***
13:50
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Cəbrayıl rayonunda “Hicaz quşçuluq” müəssisəsinin damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub.
“Hicaz” MMC-nin təsisçisi Səfər Sadıqov dövlət başçısına müəssisə haqqında məlumat verib.
Bildirilib ki, müəssisə 3 sahədən - damazlıq yumurta, inkubator və yem fabriklərindən ibarət olacaq.
Birinci mərhələdə 30 hektar ərazidə hər biri 1600 kvadratmetr olmaqla 24 damazlıq yumurta istehsalı sahəsi tikiləcək. Burada illik 24 milyon ədəd damazlıq yumurta istehsal ediləcək.
Bununla yanaşı, 2 hektar ərazidə saatda 40 ton istehsal gücünə malik yem fabriki və inzibati bina inşa olunacaq. Həmçinin 2 hektar ərazidə yerləşən soyuducu anbar və illik 24 milyon ədəd yumurta tutumuna malik inkubasiya fabriki fəaliyyət göstərəcək.
Bütün istehsal zamanı müasir avadanlıqlardan istifadə olunacaq. Müəssisədə istehsal olunan məhsulun keyfiyyətini daim nəzarətdə saxlanılması məqsədilə ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriya da fəaliyyət göstərəcək.
Layihə üzrə 150 daimi iş yerinin yaradılması nəzərdə tutulub.
Prezident İlham Əliyev fabrikin təməlini qoyub.
***
13:14
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Cəbrayıl şəhərində “Azərsun Holdinq” MMC-nin alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub.
“Azərsun Holding” şirkətinin Müşahidə Şurasının sədri Abdolbari Gözəl dövlət başçısına istehsal kompleksi haqqında məlumat verib.
Bildirilib ki, qazlı və qazsız su, soyuq çay, soyuq qəhvə, limonadlar, təbii meyvə şirəli içkilərin istehsal ediləcəyi müəssisənin illik istehsal gücü 250 milyon PET şüşə, 350 milyon alüminium tənəkə qutu təşkil edəcək. Ölkəmizdən valyuta axının qarşısının alınmasına töhfə verəcək alkoqolsuz içkilərin istehsalı kompleksi müasirlik və dayanıqlılıq prinsiplərinə uyğun avadanlıqlarla təmin ediləcək. Müəssisədə alternativ enerji mənbələrindən istifadə olunacaq.
Tam istehsal gücü ilə fəaliyyətə başladıqdan sonra kompleksdə Prezident İlham Əliyev tərəfindən imzalanan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Cəbrayıl şəhərinə qayıdacaq 300-ə yaxın sakinin işlə təmin edilməsi nəzərdə tutulur.
Alkoqolsuz içkilərin istehsalı kompleksinin istismara verilməsi üçün ilkin mərhələdə 35 milyon manat həcmində investisiyanın qoyuluşu nəzərdə tutulur.
Prezident İlham Əliyev kompleksin təməlini qoyub.
***
13:09
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl şəhərində Mehdi Mehdizadə adına 960 şagird yerlik tam orta məktəbin binasının açılışında iştirak ediblər.
Elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına və birinci xanıma məktəbdə yaradılan şərait barədə məlumat verib.
Diqqətə çatdırılıb ki, ərazisi 2,7 hektar olan məktəbdə 40 sinif otağı və 5 inzibati otaq var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Təhsil ocağında, həmçinin kimya, fizika, biologiya laboratoriyaları, texnologiya və informatika otaqları, 4 STEAM otağı, çağırışaqədərki hazırlıq kabineti, kitabxana, akt və idman zalları, yeməkxana yaradılıb.
Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil ocağının həyətində abadlıq işləri görülüb, futbol, basketbol, voleybol və açıq oyun meydançaları yaradılıb.
Xatırladaq ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq Cəbrayıl şəhərində məktəb binasının layihələndirilməsi və tikintisi məqsədilə Azərbaycan Prezidenti 2021-ci ildə Sərəncam imzalayıb.
Təhsil ocağının təməli 2021-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.
Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam edən hərbi təcavüzü nəticəsində işğal olunan rayonların təhsil infrastrukturu da tamamilə dağıdılıb. İşğaldan azad edilən ərazilərdə təhsil infrastrukturunun bərpası istiqamətində Prezident İlham Əliyevin müvafiq sərəncamları və tapşırıqları ilə hazırda mühüm işlər görülür. Bu, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapıb. Tədbirlər Planına əsasən, Elm və Təhsil Nazirliyinə 2022-2026-cı illərdə ərazi planlaşdırma sənədlərinə uyğun olaraq, yaşayış məntəqələrində təhsil müəssisələrinin tikintisi və bərpası ilə bağlı təkliflərin hazırlanması tapşırılıb.
***
12:26
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 3-də Cəbrayıl rayonunun Horovlu kəndində fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar.
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev dövlət başçısına və birinci xanıma kənddə görülən işlər barədə məlumat verib.
Bildirilib ki, layihələndirilən ümumi ərazi 248 hektardır və perspektivdə bu kənddə 3470 nəfərin (867 ailə) yaşaması nəzərdə tutulub.
Birinci mərhələdə Horovluya 1395 nəfərin köçürülməsi üçün tikilən 334 fərdi evin hörgü işləri tamamlanıb, hazırda xarici və daxili bəzək işləri görülür. İnşa olunan evlər iki, üç, dörd və beş otaqdan ibarətdir. Həmçinin burada məktəb binası, uşaq bağçası və digər iaşə obyektlərinin tikintisi davam etdirilir.
Diqqətə çatdırılıb ki, kəndin dayanıqlı su təchizatını təmin etmək məqsədilə burada əvvəllər mövcud olmuş kəhrizlərin bərpası üçün layihə də həyata keçirilib.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənddə hazır evlərə baxıblar.
Qeyd edək ki, Horovlu kəndinin təməli 2023-ci il mayın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub.