İranda həbsdə saxlanılan Fərid Səfərli azadlığa buraxıldı
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyi birgə mətbuat məlumatı yayıb

İranda həbsdə olan Fərid Səfərli Azərbaycana qaytarılıb.
Bu barədə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici İşlər Nazirliyi birgə mətbuat məlumatı yayıb.
Məlumatda bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində yanvarın 18-də İrandan təhvil alınaraq ölkəmizə qaytarılıb:
"Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.
Azərbaycan Respublikasının vətəndaşlarının ölkə hüdudlarından kənarda hüquq və mənafelərinin qorunması istiqamətində zəruri tədbirlərin görülməsi bundan sonra da davam etdiriləcək".
Qeyd edək ki, Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərli 2023-cü il fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib.
F. Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.
Daha sonra ona İranın rəsmi qurumları tərəfindən casusluq ittihamı irəli sürüldüyü məlum olub.
19 iyul 2023-cü il tarixində keçirilmiş məhkəmə iclası zamanı Fərid Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.
Məhkəmənin hökmü ilə o, 2 il yarım müddətinə azadlıqdan məhrum edilib.
***
İranda günahsızcasına həbsdə saxlanılan Azərbaycan vətəndaşı Fərid Səfərli azadlığa buraxılıb.
Yerli mətbuat yazır ki, Fərid Səfərli yanvar ayının 19-u həbsxanadan çıxarılıb. O, hazırda Azərbaycandadır.
Xatırladaq ki, 19 iyul 2023-cü il tarixində keçirilmiş məhkəmə iclası zamanı F.Səfərliyə qarşı irəli sürülmüş “casusluq” ittihamı “casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub. Növbəti mərhələdə məhkəmənin qərarı ilə onun həbsi barəsində hökm 2 il yarım müddətinə tətbiq edilib.