14:24
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Müstəqillik Günü münasibətilə mayın 28-də Xankəndi şəhərindəki Zəfər parkında ucaldılan Zəfər tağının önünə gül dəstələri düzüb.


***
14:16
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı şəhərində “Qarabağ Tekstil Evi” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) açılışında iştirak edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və “Qarabağ Tekstil Evi” MMC-nin təsisçisi Rizvan Təhməzov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat veriblər.

Bildirilib ki, Türkiyə və Çin texnologiyalarının quraşdırıldığı müəssisədə il ərzində 1,4 milyon ədəd tekstil məhsulu istehsal olunacaq. İlkin mərhələdə müəssisədə müxtəlif çeşiddə və ölçülərdə ev tekstili məhsulları, o cümlədən yataq dəsti, çarpayı və divan örtüyü, dəsmal və digər məhsulların istehsalı nəzərdə tutulur. Xammal tədarükü əsasən daxili bazar hesabına təmin ediləcək müəssisəyə, eyni zamanda, Türkiyə, Özbəkistan və Çindən də xammal idxal olunacaq. Müəssisənin məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək.
Müəssisədə 85 nəfər daimi işlə təmin olunub ki, onlar da əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlardır. Bununla yanaşı, Xocalı və Ağdam rayonlarının 40 sakini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə təşkil edilən 2 aylıq peşə təliminə cəlb olunacaq. Təlim proqramını uğurla başa vuran iştirakçılar müəssisədə işlə təmin ediləcəklər. Gələcəkdə iş yerlərinin sayının 200-ə çatdırılması, əlavə olaraq geyim istehsalının təşkili planlaşdırılır. Qeyd edək ki, “Qarabağ Tekstil Evi” MMC-nin Xankəndi şəhərində yerləşən tikiş fabrikində hazırda 60 nəfər çalışır.

İstehsal müəssisəsinin ilkin investisiya dəyəri 4,2 milyon manatdır. Onun yaradılmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 3,2 milyon manat məbləğində güzəştli kredit ayrılıb, 1 milyon manat isə özəl investisiya yönləndirilib. Müəssisə işğaldan azad edilmiş ərazilərin rezidentləri üçün nəzərdə tutulan bütün güzəşt və azadolmalardan yararlanacaq.

Müəssisənin fəaliyyətə başlaması ölkəmizdə sənayenin inkişafına, yerli istehsalın və ixrac potensialının genişləndirilməsinə, idxaldan asılılığın azaldılmasına töhfə verəcək, işğaldan azad edilmiş ərazilərdə məşğulluğun artırılmasına şərait yaradacaq. Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün əlverişli investisiya və biznes mühiti yaradılıb ki, bu da regionda iqtisadi fəaliyyətin genişlənməsinə və dayanıqlı inkişafın təmin olunmasına xidmət edir. İşğaldan azad edilmiş ərazilərin rezidentləri üçün geniş vergi, gömrük və sosial güzəştlər tətbiq olunur.
***
14:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı rayonunda əsaslı təmir edilən və Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub.
Dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verilib.


Bildirilib ki, burada ümumilikdə 191 fərdi ev var. Onlardan 1-i ikiotaqlı, 70-i üçotaqlı, 93-ü dördotaqlı, 8-i beşotaqlı, 1-i isə səkkizotaqlıdır. Bundan başqa, ərazidə ikimərtəbəli, yeddiotaqlı 18 ev də var.
Evlərdə sakinlərin rahat yaşaması və istirahəti üçün zəruri şərait yaradılıb. Evlər elektrik enerjisi və qazla təchiz olunub. Həmçinin ərazidə kommunikasiya layihələri, o cümlədən məhəllədaxili yolların yenidən qurulması icra olunub. Sakinlərin istirahəti üçün park salınıb, Bayraq meydanı yaradılıb.

Qeyd edək ki, hərbi qulluqçuların xidməti evlərlə təmin olunması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mühüm istiqamətlərindəndir. Bu yanaşma ilk növbədə hərbi qulluqçuların, onların ailələrinin sosial qayğılarının həllinə xidmət edir. İndiyədək minlərlə hərbçinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların dövlət vəsaiti hesabına mənzillərlə təmin edilməsi istiqamətində konkret layihələr icra olunub.


***
13:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xankəndidə “GP Safety” MMC-nin iş əlcəkləri istehsalı müəssisəsinin açılışında iştirak edib.

“GP Safety” MMC-nin təsisçisi Hikmət Əsədov dövlətimizin başçısına müəssisənin fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, burada müxtəlif təyinatlı 4 növdə iş əlcəkləri istehsal ediləcək. Müəssisənin illik istehsal gücü 25 milyon cüt əlcəkdir. Məhsullar daxili bazarın tələbatını ödəmək üçün nəzərdə tutulur. Gələcəkdə isə onların Avropa bazarına ixracı da planlaşdırılır. Burada 35 nəfər işlə təmin olunacaq. Müəssisənin investisiya həcmi 3,5 milyon manatdır. Onun yaradılmasına dövlət dəstəyi də göstərilib. Belə ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1 milyon manat güzəştli kredit ayrılıb. Bundan başqa, investisiya təşviqi sənədi əsasında idxal olunan texnika və avadanlıqlar üzrə 238 min manat ƏDV-dən azadolma tətbiq edilib.

Qeyd edək ki, bu müəssisənin yaradılması Xankəndidə yüngül sənaye sahəsinin inkişafına töhfə verməklə yanaşı, şəhərin iqtisadi potensialının bərpasında da rol oynayacaq. Bu cür sənaye infrastrukturunun yaradılması yerli əhalinin işlə təmin olunmasına şərait yaradır, həm daxili bazarın tələbatını ödəməyə, həm də ixracyönümlü istehsalın həcmini artırmağa xidmət edir. Bütün bu işlər Azərbaycan dövlətinin Qarabağın iqtisadi potensialının bərpası, onun möhkəmləndirilməsi və müxtəlif təyinatlı məhsul istehsalının təşkili istiqamətində atdığı ardıcıl və məqsədyönlü addımların bir hissəsidir.
***
12:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xankəndi şəhərində əsaslı şəkildə yenidən qurulmuş Mədəniyyət Mərkəzinin açılışında iştirak edib.

Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verib.

Qeyd edək ki, Xankəndi şəhərində yerləşən Mədəniyyət Mərkəzinin binası XX əsrin 60-70-ci illərində tikilib. Uzunmüddətli istismar nəticəsində binanın yükdaşıyan konstruksiyalarında aşınmalar, deformasiyalar və müxtəlif zədələnmələr yaranmışdı.
Aparılmış əsaslı yenidənqurma işləri nəticəsində Mədəniyyət Mərkəzində müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti, yaradıcılıq, təlim, məşğələ, inzibati idarəetmə, turizmyönümlü xidmətlərin həyata keçirilməsi üçün zəruri şərait yaradılıb. Üçmərtəbəli binada akt və kino zalları, müxtəlif sahələrə aid dərnəklərin yerləşdiyi çoxfunksiyalı zona, qrim otaqları, bufet, kassa və suvenir mağazası var. Mərkəzin 348 yerlik zalında konsert, tamaşa, film nümayişi, təqdimat, rəsmi görüş və digər mədəni-kütləvi tədbirlərin keçirilməsi mümkün olacaq.

Yenidənqurma işlərindən sonra bu mərkəz əhalisi artan, o cümlədən tələbələrlə dolu Xankəndinin mədəni mühitinin canlandırılmasında mühüm rol oynayacaq, kütləvi tədbirlərin keçirilməsində əsas məkanlardan biri olacaq.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə digər sahələrlə yanaşı, mədəni abidələrimizin bərpasına da xüsusi diqqət yetirilir. Bu, ilk növbədə zəngin mədəni irsimizin qorunmasına Azərbaycan dövlətinin böyük əhəmiyyət verdiyini göstərir. Eyni zamanda, bu cür layihələrin icrası ümumilikdə işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinin həcmini nümayiş etdirir.
***
12:36
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Şuşa rayonunun Böyük Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb.

Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına görülmüş işlər barədə məlumat verib.

Qeyd edək ki, Böyük Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsində yerləşir.

Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Böyük Qaladərəsi işğaldan azad olunub.

Bildirilib ki, kənddə yaşayış üçün lazımi şəraitin yaradılması və sosial məsələlərin həlli istiqamətində bir sıra layihələr icra olunub. Burada transformator quraşdırılıb, yeni elektrik xətləri çəkilib, mövcud xətlər isə bərpa olunub. İlkin mərhələdə məskunlaşdırılacaq fərdi evlər sayğaclaşdırılıb. Bundan başqa, kənddə yeni qaz xətti çəkilib və sayğacların quraşdırılması işlərinə başlanılıb. Sakinlərin içməli su ilə təmin olunması üzrə də işlər görülüb, paylayıcı su xətləri çəkilib, sayğaclar quraşdırılıb. Hazırda kənddə rabitə xətlərinin çəkilməsi işləri davam etdirilir. Kənddaxili yollar abadlaşdırılıb. Həmçinin Böyük Qaladərəsində sakinlərin istirahəti üçün park salınıb, Bayraq meydanı yaradılıb.

Kənddə ümumilikdə 50 fərdi ev var. Onlardan 13-ü yararsızdır, 37-si isə qismən yararlıdır.
Birinci mərhələdə artıq 17 ev bərpa olunub. Növbəti mərhələdə isə 20 evin bərpası planlaşdırılır.
İlkin olaraq kəndə 64 nəfər (14 ailə) qayıdıb.
***
Sonra dövlətimizin başçısı Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşüb.







11 dəqiqə