İlham Əliyev, Tramp, Paşinyan Birgə Bəyannamə imzalayıb MƏTN
Sənəd üç ölkənin liderinin görüşündən sonra imzalanıb

Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzaladılar.
Sənəd üç ölkənin liderinin görüşündən sonra imzalanıb.
Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair Birgə Bəyannamə
Biz Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri 2025-ci il avqustun 8-də Vaşinqtonda görüşərək aşağıdakıları bəyan edirik:
1. Biz Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və ikitərəfli münasibətlərin yaradılması haqqında Sazişin mətninin xarici işlər nazirlərimiz tərəfindən paraflanmasının şahidi olduq. Biz bu Sazişin imzalanması və sonradan ratifikasiyası üçün əlavə addımların atılmasının zəruriliyini dərk edirik və ölkələrimiz arasında sülhün təmin edilməsi və möhkəmləndirilməsinin vacibliyini vurğulayırıq.
2. Xarici işlər nazirləri tərəfindən ATƏT-in Minsk prosesinin başa çatdırılması və onunla əlaqəli strukturların bağlanması tələbi ilə ATƏT-ə birgə müraciətin imzalanmasının da şahidi olduq. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı dəstəkləməyə çağırırıq.
3. Biz suverenliyə, ərazi bütövlüyünə və yurisdiksiyaya hörmət əsasında sülh, sabitlik və rifahı təşviq etmək üçün açıq kommunikasiyaların – daxili, ikitərəfli və beynəlxalq nəqliyyat əlaqələrinin vacibliyini bir daha təsdiq edirik. Bu səylərə Azərbaycanın materik hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqənin, eləcə də Ermənistana xidmət edən qarşılıqlı faydalı nəqliyyat marşrutlarının təmin edilməsi daxildir.
4. Ermənistan Respublikası Ermənistanda Trampın Sülh və Rifah Marşrutu Layihəsi (TRIPP) üçün çərçivə yaratmaq üçün ABŞ və digər razılaşdırılmış tərəfdaşlarla işləyəcək. Biz bu məqsədə ən qısa zamanda nail olmaq əzmində olduğumuzu bir daha təsdiq edirik.
5. BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq, biz beynəlxalq sərhədlərin toxunulmazlığına və ərazilərin güc yolu ilə əldə edilməsinin yolverilməzliyinə əsaslanan münaqişəsiz gələcəyin qurulmasının zəruriliyini qəbul edirik. İnsanların dərin iztirablarına səbəb olan münaqişədən sonra mehriban qonşuluq münasibətlərinin bərpası üçün şərait yaranmışdır. Biz həm indi, həm də gələcəkdə qisas almaq niyyətlərini qətiyyətlə rədd edirik və istisna edirik.
6. Biz əmin olduğumuzu bildiririk ki, bu sammit regionda qarşılıqlı hörmətin və sülhün təşviqi üçün möhkəm zəmin yaradacaq.
7. Səmimi qonaqpərvərliyinə və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ikitərəfli münasibətlərin normallaşması prosesinə mühüm töhfəsinə görə ABŞ Prezidenti Donald Trampa dərin minnətdarlığımızı bildiririk.