İlham Əliyev ŞƏT çərçivəsində görüşlər keçirir YENİLƏNİR
Azərbaycan Prezidentinin Mətbuat Xidməti xəbər verir

11:45
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Çinin Tiencin şəhərində Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti Cin Liqun ilə görüşüb.
örüşdə Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub, bankın ölkəmizlə müxtəlif sahələrdə, o cümlədən yaşıl enerji sahəsində uğurlu əməkdaşlığı qeyd edilib.
Söhbət zamanı Orta Dəhliz, metro tikintisi, su, yaşıl enerji ilə bağlı gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Sonda strateji əməkdaşlıq üzrə imzalanmış birgə bəyannamə dövlətimizin başçısının və bankın prezidentinin iştirakı ilə mübadilə edilib.
***
10:05
Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü olub.
Məhəmməd Şahbaz Şərif bu ilin aprel-may aylarında Hindistanın Pakistana qarşı hərbi təcavüzü zamanı Azərbaycanın göstərdiyi siyasi dəstəyə və həmrəyliyə görə Pakistan xalqı və hökuməti adından dövlətimizin başçısına bir daha təşəkkürünü bildirib.
Azərbaycan-Pakistan əlaqələrinin qardaşlığa əsaslandığını deyən dövlətimizin başçısı Pakistanın Hindistan üzərində qələbəsi münasibətilə təbriklərini çatdırıb. Prezident İlham Əliyev ölkəmizin Pakistana göstərdiyi dəstəyə cavab olaraq Hindistanın beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışdığını deyib. Bunun ölkəmiz üçün heç bir əhəmiyyət daşımadığını vurğulayan dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan üçün qardaşlıq münasibətləri hər şeydən üstündür.
Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb, həmçinin Laçında Azərbaycan, Türkiyə və Pakistan arasında üçtərəfli formatda keçirilmiş görüşün əhəmiyyətini qeyd edib.
Dövlətimizin başçısı öz növbəsində üçtərəfli əsasda - Azərbaycan-Türkiyə-Pakistan formatında müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində addımların atıldığını vurğulayıb.
Pakistanın Baş naziri Prezident İlham Əliyevə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması və sülh gündəliyi ilə əlaqədar əldə olunmuş nəticələr münasibətilə təbriklərini çatdırıb, bunun tarixi əhəmiyyət daşıdığını qeyd edib.
Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib, Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə əlaqədar əldə edilmiş uğurların regionda davamlı sülhün təmin olunması baxımından önəminə toxunub.
Prezident İlham Əliyev, həmçinin Vaşinqtona səfərinin Azərbaycan-ABŞ əlaqələrinin inkişafı baxımından da mühüm əhəmiyyətə malik olduğunu deyib və bütün bu proseslərdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi vurğulayıb.
Görüşdə Azərbaycanla Pakistan arasında hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub, mövcud siyasi münasibətlərimizin ruhuna uyğun olaraq iqtisadi, ticari əlaqələrin inkişafına dair müzakirələr aparılıb, hökumət üzvlərinə əlavə tapşırıqlar verilib. Azərbaycanın “ASAN Xidmət” modelinə uyğun olaraq Pakistanda da analoji layihənin həyata keçirilməsi məsələsi müsbət addım kimi qiymətləndirilib.
***
09:39
Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşü olub.
Maldiv Prezidenti COP29 çərçivəsində Azərbaycana səfərini və dövlətimizin başçısı ilə görüşü zamanı aparılmış müzakirələri məmnunluqla xatırlayıb, COP29 konfransının yüksək səviyyədə təşkil olunduğunu qeyd edib.
Prezident İlham Əliyev də öz növbəsində Məhəmməd Muizzu ilə Bakıda keçirdiyi görüşə toxunub, aparılmış müzakirələr zamanı qarşıya qoyulmuş tapşırıqlara uyğun olaraq Azərbaycan nümayəndə heyətinin Maldivə səfər etdiyini, orada siyasi məsləhətləşmələrin aparıldığını və iqtisadi-ticari, investisiya sahələrində əməkdaşlıq məsələlərinin müzakirə olunduğu vurğulayıb.
Söhbət zamanı ölkələrimiz arasında turizm və insanlararası təmasların artırılması baxımından böyük potensialın olduğu bildirilib, Azərbaycandan Maldivə birbaşa uçuşların turizmin inkişafında roluna toxunulub, viza prosedurunun sadələşdirilməsi, qarşılıqlı investisiyalar sahələrində əməkdaşlıq, həmçinin ölkələrimiz arasında hüquq-müqavilə bazasının genişləndirilməsi məsələləri müzakirə olunub.
Məhəmməd Muizzu dövlətimizin başçısını Maldivə rəsmi səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.