XƏBƏRLƏR / Rəsmi

İlham Əliyevin Misirə səfəri YENİLƏNİR FOTO / VİDEO

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti xəbər verib

İlham Əliyevin Misirə səfəri YENİLƏNİR FOTO / VİDEO
  • Oxuma müddəti:

    20 dəqiqə

  • 18:00

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasına rəsmi səfəri iyunun 8-də başa çatıb.

    Qahirə Beynəlxalq Hava Limanında dövlətimizin başçısını rəsmi şəxslər yola salıblar.

    ***

    İyunun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qahirədə Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşü olub.

    Görüşdə Prezident İlham Əliyev Əl-Əzhərdə ikinci dəfə olduğunu xatırlayıb, Misirə rəsmi səfəri çərçivəsində yenidən burada olmağından və Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib ilə görüşündən məmnunluğunu bildirib.

    Dövlətimizin başçısı Azərbaycan-Misir münasibətlərinin çox yaxşı səviyyədə olduğunu, ölkələrimiz arasında tarixi əlaqələrin mövcudluğunu qeyd edib. Prezident İlham Əliyev bütövlükdə ərəb dövlətləri ilə əlaqələrin inkişaf etdirilməsinin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb.

    Dövlətimizin başçısı Azərbaycanda dinlər, mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun inkişafı ilə bağlı mühüm tədbirlərin keçirildiyini, ölkəmizin dinlərarası dialoqa öz töhfəsini verdiyini bildirib, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyibi ölkəmizə səfərə dəvət edib.

    Azərbaycan Prezidenti ölkəmizin bu il COP29-a ev sahibliyi edəcəyini diqqətə çatdırıb. Prezident İlham Əliyev Azərbaycanın Əl-Əzhər ilə birlikdə dini liderlərin növbəti görüşünün COP29 çərçivəsində keçirilməsi təşəbbüsü ilə çıxış etdiyini vurğulayıb.

    Dövlətimizin başçısı Azərbaycan torpaqlarının otuz ilə yaxın müddətdə işğal altında qaldığını xatırladaraq, işğal dövründə Azərbaycanın İslam dininə aid maddi-mədəniyyət abidələrinin, o cümlədən 67 məsciddən 65-nin tamamilə dağıdıldığını diqqətə çatdırıb. Prezident İlham Əliyev bu münaqişənin həllinin siyasi yolla mümkün olmadığını təəssüf hissi ilə vurğulayaraq, Azərbaycanın özünümüdafiə hüququndan istifadə edib işğala son qoyduğunu, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini deyib. Dövlətimizin başçısı azad olunmuş ərazilərdə məscidlərin, İslam irsinin bərpası istiqamətində tədbirlərin həyata keçirilməsinə başlandığını, artıq beş məscidin bərpa olunduğunu bildirib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan İslam həmrəyliyinə töhfə verir və bu istiqamətdə qardaş müsəlman ölkələri ilə birlikdə səylərini davam etdirir.

    Azərbaycan Prezidenti Şuşa şəhərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasının və bu çərçivədə Şuşada keçirilən tədbirlərin önəmini vurğulayıb. Dövlətimizin başçısı, həmçinin vaxtilə Şuşada mövcud olmuş 17 məsciddən 16-sının işğal dövründə tamamilə dağıdıldığını deyib.

    Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib bu ziyarətə görə dövlətimizin başçısına təşəkkürünü bildirib və Misirlə Azərbaycan arasında əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edib. O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsindən məmnunluğunu bildirib. COP29-a dəvətə görə təşəkkürünü bildirən Əhməd Məhəmməd Əhməd Əl Tayyib bu tədbirdə məmnunluqla iştirak edəcəyini deyib.

    Əl-Əzhəri Şərifin şeyxi Bakıda dünya dini liderlərinin II Sammitinin keçirildiyini xatırladaraq, Azərbaycanın İslam həmrəyliyinə verdiyi töhfəyə görə Prezident İlham Əliyevə şəxsən təşəkkürünü bildirib və COP29 çərçivəsində də dini liderlərin toplantısının keçirilməsi üçün birgə işlərin aparıldığını qeyd edib.

    O, Əl-Əzhəri Şərifin Azərbaycanda ərəb dilinin tədrisinə öz dəstəyini verməyə hazır olduğunu vurğulayıb, Əl-Əzhərdə azərbaycanlı tələbələrin də təhsil aldıqlarını diqqətə çatdırıb.

    Ölkəmizdə ərəb dilinin tədrisinə dəstək niyyətinə görə təşəkkürünü ifadə edən Prezident İlham Əliyev tarixən Azərbaycanda ərəb dilinin və İslam mədəniyyətinin tədqiqinə və tədrisinə böyük diqqət yetirildiyini vurğulayıb, Bakı Dövlət Universitetində şərqşünaslıq fakültəsinin, Azərbaycan Milli Elmlər Akademiyasında Şərqşünaslıq İnstitutunun fəaliyyət göstərdiyini qeyd edib.

    Sonra xatirə hədiyyələri təqdim olunub.

    ***

    17:00

    İyunun 8-də Qahirədə Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah Əs-Sisinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verilib.

    ***

    13:44

    İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi mətbuata bəyanatlarla çıxış ediblər.

    VİDEO

    Əvvəlcə Misir Prezidenti bəyanatla çıxış edib.

    Prezident Əbdülfəttah əs-Sisinin bəyanatı

    - Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev.

    Zati-alilərinizi və Sizi müşayiət edən nümayəndə heyətinizi qəbul etməkdən xoşbəxtəm. Bu səfəriniz ikitərəfli əlaqələrimizin möhkəmləndirilməsinə xidmət edir və yol açacaq. Eyni zamanda, Zati-alinizin Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi etməyiniz münasibətilə də ürəkdən təbrik edirəm.

    Bu gün Azərbaycan Respublikasının Prezidenti ilə keçirdiyim danışıqlar ikitərəfli əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq məsələlər ətrafında müzakirələr apardıq. O cümlədən inşaat, nəqliyyat, əczaçılıq, neft və infrastruktur sahələrində mümkün əməkdaşlıq imkanlarını müzakirə etdik. Həmçinin iki ölkə arasında birgə komissiyanın fəaliyyətinin və növbəti iclasının təşkilinin önəmini qeyd etdik. Tezliklə komissiyanın növbəti iclasının keçirilməsini qərara aldıq ki, iqtisadi-ticari sahədə əlaqələrimiz daha da inkişaf etsin.

    Xanımlar və cənablar, regional məsələlər Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri ilə müzakirələr əsnasında diqqət mərkəzində olub. Cənab Prezidentlə müzakirələrdə, eyni zamanda, Qəzzada fələstinli insanlar üçün humanitar yardımların həcminin artırılması istiqamətində Misirin səylərini müzakirə etdik və 1967-ci il iyunun 4-dən əvvəlki sərhədlər çərçivəsində müstəqil Fələstin Dövlətinin yaradılmasının zəruriliyini vurğuladıq.

    Cənab Prezidentə Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təmin edilməsi istiqamətində səylərin vacibliyini və bu səyləri dəstəklədiyimizi bir daha bildirdim. Bu səylər region ölkələrinin və xalqlarının inkişafı üçün böyük töhfə olacaq. Həmçinin cənab Prezidentə bildirdim ki, növbəti mərhələdə ikitərəfli əlaqələrin bütün sahələrdə inkişafının şahidi olacağıq.

    Buyurun, cənab Prezident, söz Sizindir.

    ***

    Sonra Azərbaycan Prezidenti bəyanatla çıxış etdi.

    Prezident İlham Əliyevin bəyanatı

    -Hörmətli cənab Prezident, Zati-aliləri.

    İlk növbədə, dəvətə və qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Qədim tarixə malik ölkənizdə olmağımdan çox məmnunam.

    Bu səfər Misir-Azərbaycan əlaqələrinin inkişafına böyük töhfə verəcək. Keçən il biz Prezident əs-Sisini Azərbaycanda qəbul etmişdik, bu il mən səfər edirəm. Yəni, bu onu göstərir ki, siyasi dialoq müntəzəm xarakter daşıyır. Biz razılaşdıq ki, bu siyasi dialoq bundan sonra da davam etdirilsin. Mən Prezident əs-Sisini Bakıda keçiriləcək COP29 konfransına dəvət etdim və şadam ki, mənim dəvətim qəbul edilmişdir. Eyni zamanda, bildirdim ki, Misirin COP27 sədrliyi və ev sahibliyi böyük uğurlarla nəticələndi. Bu münasibətlə həmkarımı təbrik etdim və eyni zamanda, Misirin bu sahədəki təcrübəsini öyrənmək üçün müraciət etdim və bizim nümayəndələrimiz daim təmasdadırlar.

    Beynəlxalq məsələlərin müzakirəsi zamanı aydın oldu ki, fikir ayrılığımız yoxdur. Bütün beynəlxalq məsələlərdə bizim fikrimiz üst-üstə düşür. Əslində, biz beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışırıq, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edirik, İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstəririk. Bildiyiniz kimi, Misirin dəstəyi ilə Azərbaycan dörd il ərzində Qoşulmama Hərəkatına sədrlik etmişdir. Bu sədrliyin nəticəsində Hərəkat daha böyük imkanlara malik olmuşdur.

    Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması bizim Qoşulmama Hərəkatına sədrliyimiz dövründə hər zaman diqqət mərkəzində idi, bir çox tədbirlər keçirilmişdir və Azərbaycanın mövqeyi birmənalıdır - müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Bu gün Qəzzada yaşanan faciə tezliklə dayandırılmalıdır, müharibə dayandırılmalıdır və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Mən Prezident əs-Sisiyə bildirdim ki, biz Misirin bu istiqamətlərdəki səylərini dəstəkləyirik və Misir tərəfindən irəli sürülmüş təşəbbüslər diqqətə alınmalıdır.

    Eyni zamanda, biz Cənubi Qafqazdakı prosesləri də müzakirə etdik. Mən bildirdim ki, hazırda Azərbaycan və Ermənistan öz dövlət sərhədlərini müəyyənləşdirmək işində müəyyən uğurlara nail olublar. Demək olar ki, 12,7 kilometr dövlət sərhədi razılaşdırıldı. Azərbaycanın Qazax rayonunun otuz ildən çox müddət ərzində işğal altında olmuş dörd kəndi danışıqlar yolu ilə Azərbaycana geri qaytarılmışdır və biz bunu müsbət hal kimi qiymətləndiririk. Eyni zamanda, hesab edirəm ki, danışıqlar prosesində də irəliləyiş üçün yaxşı imkanlar var. Hər halda Azərbaycan buna hazırdır.

    Onu da bildirdim ki, Azərbaycan keçən ilin sentyabr ayında öz dövlət suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmişdir. Əlbəttə ki, bu, Ermənistan ilə normallaşdırma yolumuzda önəmli amil olacaqdır. Həmkarımın diqqətinə o da çatdırıldı ki, iki ilə yaxındır Azərbaycan-Ermənistan şərti sərhədində sakitlikdir, heç bir atəşkəs pozuntusu müşahidə edilmir.

    İkitərəfli münasibətlərə gəldikdə, ticarət həcminin artırılması təbii ki, müsbət haldır. Əgər statistik rəqəmlərə baxsaq görərik ki, ticarət dövriyyəsi bir neçə dəfə artıb. Ancaq mütləq rəqəmlər hələ bizi qane etmir və bu gün imzalanmış sənədlər, əldə edilmiş razılaşmalar əminəm ki, bu istiqamətdə də bizə kömək edəcək. Əminəm ki, ilk növbədə, energetika, bərpaolunan enerji növlərinin istehsalı, neft sənayesi, əczaçılıq, alüminium sənayesi sahələrində və digər sahələrdə yaxşı nəticələr əldə etmək mümkün olacaq.

    Biz bu gün, eyni zamanda, yeni nəqliyyat dəhlizləri ilə əlaqədar fikir mübadiləsi apardıq. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir. Azərbaycan ərazisində bütün infrastruktur yaradılıb və beləliklə, nəqliyyat-logistika sahəsində əməkdaşlıq üçün çox gözəl imkanlar açılmaqdadır.

    Birgə hökumətlərarası komissiyanın növbəti iclası ilə bağlı nümayəndə heyətlərinin üzvləri bizə məlumat vermişlər. Komissiyanın sonuncu iclası iki il bundan əvvəl Azərbaycanda keçirilmişdir. Yəqin ki, komissiyanın növbəti iclası bu il keçiriləcək və prezidentlər tərəfindən verilmiş bütün göstərişlər, əminəm, ciddi müzakirə ediləcək və beləliklə, biz əməkdaşlıq istiqamətində növbəti önəmli addım atacağıq.

    Hörmətli cənab Prezident, Zati-aliləri, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə bir daha təşəkkürümü bildirmək istəyirəm. Əminəm ki, noyabr ayında Bakıda COP29 çərçivəsində biz Sizinlə yenidən görüşəcəyik.

    ***

    12:59

    İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin iştirakı ilə Azərbaycan-Misir sənədlərinin imzalanması mərasimi olub.

    Misirin xarici işlər naziri Sameh Həssən Şukri və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Misir Ərəb Respublikasının Gənclər və İdman Nazirliyi arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu və “Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti ilə Misir Ərəb Respublikasının Qahirə Qubernatorluğu arasında dostluq və əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.

    Misirin xarici işlər naziri Sameh Həssən Şukri və Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Misir Ərəb Respublikasının Elektrik və Bərpaolunan Enerji Nazirliyi arasında elektrik və bərpaolunan enerji sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.

    Misirin xarici işlər naziri Sameh Həssən Şukri və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misir Ərəb Respublikasının Sərmayə və Azad Zonalar üzrə Baş Qurumu (GAFI) arasında 2024-2025-ci illər üzrə Birgə Fəaliyyət Planı”nı imzalayıblar.

    Misirin neft və mineral ehtiyatlar naziri Tarek Əhməd Əl Molla və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Neft və Mineral Ehtiyatlar Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu”nu imzalayıblar.

    Misirin beynəlxalq əməkdaşlıq naziri xanım Raniyə Əl Maşat və Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında təcrübə mübadiləsi haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.

    Misirin rabitə və informasiya texnologiyaları naziri Amr Talaat və Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Misir Ərəb Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayblar.

    ***

    12:24

    Bu dəqiqələrdə Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə geniş tərkibdə görüşü keçirilir.

    Görüşdə Azərbaycan ilə Misir arasında ikitərəfli siyasi əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirilib, bu xüsusda Qoşulmama Hərəkatında və İslam Əməkdaşlıq Təşkilatında işbirliyi vurğulanıb. Misirin COP27-yə, Azərbaycanın isə COP29-a sədrlik etməsi vurğulanaraq, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq və təcrübə mübadiləsinin aparılması qeyd olunub.

    BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) vasitəsilə Dünya Şəhərsalma Forumuna Misirin bu il, Azərbaycanın isə 2026-cı ildə ev sahibliyi edəcəyi nəzərə alınaraq, bu sahədə də təcrübə mübadiləsinin və birgə əməkdaşlığın önəmi vurğulanıb.

    Söhbət zamanı ölkələrimiz arasında enerji, tikinti, sənaye, əczaçılıq, nəqliyyat və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub, hökumətlərarası komissiyanın növbəti iclasının Misirdə keçiriləcəyi bildirilib. Azərbaycanın biznes nümayəndə heyətinin Misirə səfər etdiyi və müxtəlif sahələrdə əməkdaşlıq imkanlarının hazırda nəzərdən keçirildiyi qeyd olunub.

    Həmçinin Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin imkanlarının artırılması, Misirin Türkiyənin Mersin limanı vasitəsilə bu xətdən istifadə edərək, Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Şimal-Cənub Nəqliyyat Dəhlizi və bu xüsusda əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

    Görüşdə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşma prosesinin Misir tərəfindən dəstəkləndiyi, dörd kəndin danışıqlar yolu ilə Azərbaycana qaytarıldığı, iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində aparılan işlər təqdir olunub.

    Misir şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərində iştirak etməkdə maraqlı olduqları vurğulanıb.

    ***

    12:05

    İyunun 8-də Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi ilə təkbətək görüşü olub.

    ***

    11:53

    İyunun 8-də Misirin paytaxtı Qahirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Dövlətimizin başçısının şərəfinə toplardan yaylım atəşi açılıb.

    Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

    Azərbaycan Respublikasının və Misir Ərəb Respublikasının Dövlət himnləri səsləndirilib.

    Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib.

    Azərbaycan və Misir prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçiblər.

    Misir nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Prezident Əbdülfəttah əs-Sisiyə təqdim olunub.

    Dövlət başçıları rəsmi foto çəkdiriblər.