Pakistanın Baş naziri Şahbaz Şərifin Bakı səfəri YENİLƏNİR
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti xəbər verir FOTO / VİDEO

12:30
Fevralın 24-də Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin iştirakı ilə mübadiləsi mərasimi olub.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Frontier Works Organisation” (FWO) və “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumunu Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və “Frontier Works Organisation” şirkətinin Baş direktoru Abdul Sami mübadilə ediblər.
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ilə “Pakistan Refinery Limited” (PRL) və “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumunu Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və “Pakistan Refinery Limited” şirkətinin İcraçı direktoru Zahid Mir mübadilə ediblər.
“SOCAR Trading SA” ilə “Pakistan LNG Limited” arasında mayeləşdirilmiş təbii qaz yüklərinin alqı-satqısı ilə bağlı Çərçivə Sazişinə 1 nömrəli Əlavəni Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və “Pakistan LNG Limited” şirkətinin İcraçı direktoru Masood Nabi mübadilə ediblər.
“SOCAR Trading SA” ilə Pakistan İslam Respublikasının “Pakistan State Oil Company Limited” şirkəti arasında Anlaşma Memorandumunu və “SOCAR Trading SA” ilə Pakistan İslam Respublikasının “Pakistan State Oil Company Limited” şirkəti arasında neft məhsullarının uzunmüddətli alqı-satqı Sazişini Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və “Pakistan State Oil Company Limited” şirkətinin İcraçı direktoru Syed Muhammad Taha mübadilə ediblər.
“Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhəri və Pakistan İslam Respublikasının Pəncab Əyalətinin Lahor şəhəri arasında mədəniyyət, turizm, şəhərsalma, təhsil, elm, iqtisadiyyat və ictimai həyatın digər müvafiq sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İşaq Dar mübadilə ediblər.
Qeyd edək ki, səfər çərçivəsində, həmçinin “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə Pakistan İslam Respublikasının Federal Gəlirlər Şurasının Gömrük Xidməti arasında ilkin elektron məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Pakistan İslam Respublikasının Milli Ərzaq Təhlükəsizliyi və Tədqiqatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Pakistan İslam Respublikasının İqlim Dəyişmələri və Ətraf Mühitin Koordinasiyası Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Niyyət Protokolu”, “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi ilə Pakistanın Milli Müdafiə Universiteti arasında elmi tədqiqat və əməkdaşlıq fəaliyyətləri sahəsində Anlaşma Memorandumu” və “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Pakistan İslam Respublikasının Milli Peşə və Texniki Təlim Komissiyası (NAVTTC) arasında peşə təhsili sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
***
12:01
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mətbuata bəyanatlarla çıxış edirlər.
***
11:03
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə geniş tərkibdə görüşü başlayıb.
Dövlətimizin başçısı görüşdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
- Əziz qardaşım, cənab Baş nazir, nümayəndə heyətinin hörmətli üzvləri, Azərbaycana xoş gəlmisiniz.
Hazırda dövlət səfərinə gəlmiş əziz qardaşımı ölkəmizdə qəbul etməkdən çox məmnunam. Ötən il Pakistana dövlət səfərimdən, mənə və nümayəndə heyətimə göstərilmiş qonaqpərvərlikdən xoş xatirələrim var. Biz buna görə çox minnətdarıq.
Bu gün cənab Baş nazirlə görüşüm əsnasında ikitərəfli gündəliyin əsas hissəsini artıq nəzərdən keçirdik və hazırda söhbət nümayəndə heyətləri ilə davam edir.
Əminəm ki, səfər ölkələrimiz arasında qardaşlıq əlaqələrini gücləndirəcək. Biz beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləməkdə davam edəcəyik. Bu gün çox geniş iqtisadi gündəliyi razılaşdırdıq və iqtisadi əməkdaşlığımıza, eləcə də sərmayə imkanlarına aid praktiki layihələri müzakirə etdik. Azərbaycanın Pakistana sərmayələri ilə bağlı imzalanacaq sənədlərin bir ay ərzində hazırlanması məqsədilə artıq öz heyətlərimizə fəal çalışmaq təlimatlarını verdik. Mənim Pakistana dövlət səfərim zamanı rəsmən bəyan etdim ki, Azərbaycan Pakistanda müxtəlif layihələrə minimum 2 milyard dollar sərmayə yatırmağa hazırdır.
Biz təxminən bu yaxınlarda həmin layihələrin siyahısını artıq almışıq və heyətlərimiz onları dəyərləndirir. Beləliklə, hər bir məsələni yekunlaşdırmaq və bizə hesabat vermək üçün qardaşımla birgə bir ay müddət veririk. Münasibətlərimiz nəinki xalqlarımız, o cümlədən təmsil etdiyimiz regionlar üçün həqiqətən vacibdir. Pakistan ilə Azərbaycan arasında bu cür qardaşlıq münasibətlərini görmək iki qardaş müsəlman ölkəsi arasında tərəfdaşlığın yaxşı nümunəsidir. Biz beynəlxalq təsisatlarda hər zaman bir-birimizi dəstəkləyirik, ölkələrimizin ərazi bütövlüyünə, suverenliyinə güclü dəstək veririk və qeyd etdiyim kimi, qarşımızda çox geniş sərmayə gündəliyi dayanır. Əminəm ki, bu gün əhatə edəcəyimiz bütün məsələlər, eləcə də bir çox digər sahələr üzrə işimiz Biznes Forumunda davam edəcək və aramızda daha sıx tərəfdaşlıq olacaq. Biz iqtisadi tərəfdaşlığımızı siyasi sahədəki səviyyəyə çatdırmalıyıq və bu, qarşılıqlı siyasi iradənin aydın təzahürünə çevriləcək.
Əziz qardaşım, bir daha xoş gəlmisiniz və Sizə Bakıda xoş səfər arzu edirəm.
Sonra Pakistanın Baş naziri çıxış edib.
- Əziz qardaşım, Prezident İlham Əliyev, təşəkkür edirəm. Administrasiyanızın hörmətli üzvlərinə və nümayəndə heyətimin üzvlərinə minnətdaram. Məni çox səmimiyyətlə dəvət etdiyinizə görə Sizə çox sağ olun deyirəm.
Burada - hər zaman yaşıl və gözəl Bakı şəhərindəyik. Lakin bu gün şəhər qar örtüyünə bürünüb və hətta daha gözəl görünür. Bu gözəllik mənə çox nəzakətli töhfənizi – İslamabadda yaşıllıq ekspertlərindən ibarət heyətinizi xatırladır. Onlar İslamabadın abadlaşdırılmasında əla iş görüblər və Əlhəmdüllah, şəhərimiz də gözəldir. Bununla belə, heyətinizin yanaşması çox əladır və bu jestə görə Sizə təşəkkürümü bildirirəm.
Zati-aliləri, Sizin Pakistana son səfəriniz ikitərəfli əlaqələrimizi çox böyük dərəcədə gücləndirdi. Pakistan xalqı səfəriniz zamanı çox sevindi və məmnun oldu. Düşünürəm ki, Azərbaycan və Pakistan xalqlarının ürəyi bir döyünür. Mən bunu tam səmimi qəlbdən söyləyirəm. Siz hər zaman Pakistanın böyük dostu olmusunuz. Siz Pakistan xalqını sevirsiniz.
Eyni zamanda, Pakistanın bütün hökumətlərini, ölkəmizin bütün siyasi partiyalarını ortaq məqsəd birləşdirir: bu, bizim Azərbaycanla, Sizinlə və Azərbaycan xalqı ilə olan dostluğumuz və qardaşlığımızdır. Mən çox istərdim ki, sabah Şuşaya səfər edim, lakin, bildiyiniz kimi, kəskin hava şəraiti var. Mən bu ilin iyulunda keçiriləcək konfransa gələn zaman həmin yerlərə məmnunluqla səfər edərdim. O vaxt biz həmin əsrarəngiz məkanları görə bilərik.
Zati-aliləri, bu səhər keçirilmiş təkbətək görüşümüzdə bizim çox yaxşı və məhsuldar müzakirəmiz oldu.
***
10:25
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə təkbətək görüşü başlayıb.
***
10:20
zərbaycan Respublikasına dövlət səfərinə gələn Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin fevralın 24-də rəsmi qarşılanma mərasimi olub.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Pakistanın Baş nazirinin şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Pakistanın Baş nazirinə raport verib.
Pakistan İslam Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Prezident İlham Əliyevin və Baş nazir Məhəmməd Şahbaz Şərifin qarşısından keçib.
Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif rəsmi foto çəkdiriblər.