Xələf Xələfov Qərbi Azərbaycana qayıdış barədə
Xarici işlər nazirinin müavini Paşinyanın cəfəng bəyanatlarına aydınlıq gətirib
Azərbaycan çalışmalıdır ki, Ermənistan könüllü olaraq qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmasına razı olsun.
Bunu parlamentdə keçirilən ictimai dinləmələrdə xarici işlər nazirinin müavini Xələf Xələfov deyib
“O (Ermənistan) mülkiyyət hüquqlarını da təmin etməlidir. Qaçqınların öz doğma yurdlarına qayıtmaq hüququ beynəlxalq təşkilatların sənədlərində də öz əksini tapıb”, - Xələfov bildirib.
O əlavə edib ki, Ermənistan qərbi azərbaycanlıların təhlükəsiz qayıtması üçün təminat verməlidir.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Berlində Almaniya Xarici Siyasət Şurasının iclasında çıxış edərək beynəlxal içtimayyəti çaşdırmağa cəhd edib. O deyib ki, "Əliyevin “Qərbi Azərbaycan” təşəbbüsü çox qəribədir. Bu o deməkdir ki, Ermənistanın suveren ərazisi yoxdur, Ermənistan Respublikasının bütün ərazisi qondarma “Qərbi Azərbaycan”dır, eyni zamanda sülh istəyirik və s. Bu, çox qəribə bir vəziyyətdir. Bu, bizim münasibətlərimizin əsas problemidir”, - Paşinyan bildirib.
Lakin Xələf Xələfov bir də vurğulayıb ki, Azərbaycanın Ermənistana qarşı ərazi iddıası yoxdur. Rəsmi Bakı sadəcə olaraq Ermənistan ərazisinə azərbaycanlıların kompakt yaşadıqları yerlərə qayıtmağını tələb edir. Əgər Azərbaycanda ermənilər yaşayacaqlarsa, Ermənistana da azərbaycanlılar qayıtmalıdır.