Tokayev İlham Əliyevə zəng edib YENİLƏNİB
Qazaxıstan Azərbaycan və Ermənistan arasında danışıqlar üçün yenə ev sahibliyinə hazırdır
Sentyabrın 9-da Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Qazaxıstan Prezidenti, ilk növbədə, ölkəmizdə parlament seçkilərinin uğurla keçirilməsi və Yeni Azərbaycan Partiyasının inamlı qələbəsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırıb.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.
Kasım-Jomart Tokayev Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə Azərbaycan Respublikası Prezidentinin iştirakını xüsusi qeyd edib.
Prezident İlham Əliyev Məşvərət görüşünə dəvətə görə minnətdarlığını bildirib.
Dövlətimizin başçısı hazırda Qazaxıstanda keçirilən V Dünya Köçəri Oyunlarının uğurlu təşkili münasibətilə təbriklərini çatdırıb. Qazaxıstan Prezidenti, öz növbəsində, Azərbaycan idmançılarının bu Oyunlarda fəal iştirak etdiklərini vurğulayıb.
Bu ay Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi məsələsi də məmnunluqla qeyd olunub.
Tərəflər Azərbaycan və Qazaxıstan arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıblar.
Qazaxıstan Prezidenti Astananın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib.
Dövlətimizin başçısı Azərbaycan üçün Astanada iki ölkə arasında bu danışıqların aparılması təklifinin məqbul olduğunu qeyd edib.
Telefon söhbəti zamanı ikitərəfli gündəliyə aid məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
***
14:41
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. "Akorda"nın mətbuat xidməti xəbər verir.
“Tokayev Qazaxıstan tərəfinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması üzrə danışıqları üçün Almatı platformasını təmin etməyə davam etməyə hazır olduğunu təsdiqləyib”, - deyə məlumatda bildirilir.
Səmimi söhbətdə Tokayev Ümumdünya Köçəri Oyunlarına idman nümayəndə heyətini göndərdiyinə görə İlham Əliyevə minnətdarlığını bildirib. Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günlərinin keçiriləcəyini deyən Prezident Tokayev onların əhəmiyyətini qeyd edib.
Strateji tərəfdaşlıq ruhunda ikitərəfli ticarət-iqtisadi, mədəni-humanitar əməkdaşlığın yüksək dinamikasına diqqət çəkilib. Əliyev Bakının Astana ilə ikitərəfli münasibətlərin bütün spektri üzrə əməkdaşlığı daha da gücləndirmək üçün səylərini davam etdirmək niyyətində olduğunu bildirib.
Tokayev həmkarını Qazaxıstan nümayəndələrinin də müşahidə etdiyi parlament seçkilərinin uğurla keçirilməsi münasibətilə təbrik edib.
Yada salaq ki, Azərbaycan Prezidenti bundan əvvəl Bakının Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanda görüşünə razılıq verdiyini bildirmişdi. Aprelin 29-da Əliyev Almatıda Azərbaycan-Ermənistan danışıqlarının aparıldığını elan edib.
Bu il mayın 10-da Almatıda Dostluq Evində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin və Qazaxıstan Xarici İşlər Nazirliyinin iştirakı ilə ikitərəfli danışıqlar aparılıb. Təxminən dörd saat davam edən görüşdə səlahiyyətlilər onun nəticələri barədə heç bir məlumat verməyiblər.