İndoneziya hökuməti Sebeles adalarında Ruanq vulkanının davamlı şəkildə püskürməsi səbəbindən Malay arxipelaqının mərkəzi bölgəsini əhatə edə biləcək sunami ehtimalı barədə xəbərdarlıq edib, 1600 nəfər ərazidən təxliyə olunub.
İndoneziyanın Vulkanologiya Mərkəzinin məlumatına görə, Ruanq vulkanının püskürməsi son vaxtlarda baş verən zəlzələlər nəticəsində baş verib.
Hakimiyyət orqanları 2018-ci ilin dekabrında torpaq sürüşməsinə və sunamiyə səbəb olan Yava və Sumatra adaları arasındakı Sunda boğazında Anak Krakatau vulkanının püskürməsi nəticəsində yaranan oxşar ssenarinin qarşısını almağa çalışırlar. Həmin vaxt azı 426 nəfər həyatını itirmişdi.
Çərşənbə axşamı Ruanq vulkanı kül qatını 3 min metrədək yuxarıya atdıqdan və kiçik zəlzələlərə səbəb olduqdan sonra Vulkanologiya Mərkəzi vulkanın təhlükə səviyyəsini maksimal - IV səviyyəyə qaldırıb.
“Zoom Earth” portalının məlumatına görə, vulkanın püskürməsi o qədər güclü olub ki, o, hətta peyk görüntülərində də qeydə alınıb.
Öz növbəsində Yaponiya Meteorologiya Agentliyi potensial sunaminin ölkənin vulkandan təxminən 4 min kilometr məsafədə yerləşən qərb sahillərinə çatıb-çatmayacağını araşdırır.
Külün yayılması Manado şəhərindəki Sam Ratulangi beynəlxalq hava limanının bağlanmasına və 10-a yaxın uçuşun ləğvinə səbəb olub.
İndoneziyada 400-dən çox vulkan var, onlardan azı 129-u aktivdir, 65-i isə təhlükəli kimi təsnif edilir.
2023-cü ilin dekabrında Sumatra adasındakı Merapi vulkanının qəfil püskürməsi 23 nəfərin ölümünə səbəb olub.
İndoneziya ildə təxminən 7 min kiçik maqnitudalı zəlzələnin baş verdiyi güclü seysmik və vulkanik fəaliyyət zonası olan Sakit okean odlu halqasında yerləşir.