BLOQ

İnqilabın iki rəngi var - ağ və qırmızı

Birini seçək

İnqilabın iki rəngi var - ağ  və qırmızı
  • Oxuma müddəti:

    6 dəqiqə

  • Təbriz İran tarixində paytaxt statusunu çoxdan itirsə də... Ancaq bir müddət Qacar vəliəhdlərinin paytaxtı olub. Vəliəhdləri girov saxlayıb bir növ. İndi unudarsınız. Ancaq Səttarxan inqilabı, Məşrutə hərəkatınin bir səbəbi də da bax bu vəliəhdin -Məmmədəli şahın Tehrana qaçması idi.

    Təbriz indi də İranın taleyini girov saxlayır. 

    Birincisi, İranda inqilab Təbrizsiz mümkün deyil. Son 50 il bunu bir daha sübut etdi. Yəni Tel-Əviv, Vasinqton özlərini, raketlərini nə qədər əhlət daşına, yəni Fordo, Ərək, Natanz nüvə obyektlərinə çırpsalar da, bu nöqtələri nöqtə atəşləri ilə dağıtsalar da, sonunda arzuladıqlarına çatmayacaqlar. Çünkü Təbrizsiz İranda heç nə dəyişmir. Nəticə əldə edilmir. O vaxt - Qacarlar dövründə vəliəhdləri girov saxlamaq, həəə, bildik, Təbrizin bir növ siyasi hakimiyyət manevri idi. Sonralar bu manevrlərimizin sayını artırdıq - İranın inqilab məşəlini qoymadıq sönsün. Soyusun. Zərdüştdən, Məzdəkdən, Babəkdən, Şah İsmayıldan gələn etirazçılığı, eskatoloji ssenariləri reallaşdırdıq. İran permanent inqilabının cəbbəxanasına çevrildik.

    1978-79-cu il hər iki bəhmən inqilabları məhz Təbrizin fəallığı, Təbriz fədailərinin iştirakı ilə mümükün olub. Özü də biz Təbriz fədailər bu 1979-cu il Bəhmən inqilabını deyirsiniz elə-belə Türkmənçay müqaviləsinin 150-ci ildönümünə salmışıq? Yox! Mesajımız subliminal məzmunlu idi. Gizli şifrələri çoxdur.

    Yaxşı, bəs indi, əlan, bəs biz nələri girov saxlayırıq İranda?

    Birincisi, ən vacibi - İranın siyasi seçki sistemidir. Tehran yaxşı bilir - prezident seçkisi olsun, yaxud tale seçkisi, fərqi yoxdur, məhz Təbriz seçicilərinin mütəşəkkil səsi İranda siyasi seçkilərə nöqtə qoyur.

    İbrahim Rəisi bu cür seçildi.

    Təbrizlilərin səsi o vaxt da həlledici oldu, indiki Pezeşkian fenomenində də.


    İranın Almaniyadakı yeni səfiri Məcid Nili də Tehranda təyinatını aldlqdan sonra Təbrizə gəldi. Təbriz qubernatoru Bəhrəm Sərməstlə  birlikdə mətbuata açıqlama verdi ki, bəs Təbriz Ticarət Sənaye Palatası artıq İrandakı daxili nüfuzu ilə kifayətlənmir. Almaniya sənaye nəhənglərinin İrana açılan qapısına çevrilir.

    Türkmənçay müqaviləsinin növbəti ildönümündə Rusiyanın 19 aparıcı şirkətinin, banklarının Təbrizə gəlişi də təsadüfü deyildi.

    Yəni, Təbriz bu gün İran iqtisadiyyatını da müəyyən qədər girov saxlayır.

    Son İran futbol birinciliyində bizim "Traxtur" futbol takımımızın qələbəsi də göstərdi ki, İranın idmanı da artıq Təbrizin girovuna çevrilib.

    Təbriz Ticarət və Sənaye Palatasının səhmləri də son zamanlar məhz bu səbəbdən yüksələn şkala ilə inkişaf etməkdə idi.

    Yəni, Təbriz bu gün artıq qanlı, yəni qırmızı inqilablar dövrünü ancaq "Traxtur" fanatlarının qırmız qurd kabusunda, rəngində yaşayır. Əməldə isə Təbriz çoxdan bütün İrana, dünyaya tam yeni inqilab modelini, ağ inqilab modelini sərgiləyir. Düzdür, Təbriz Səttarxan, Xiyabani, Pişəvəri inqilablarını unutmur. Ancaq bilir ki, bu qanlı inqilablar məğlub inqilablardır. Rəngləri çox qırmızıdır. Nəticələri də özünə ziddir.

    Bu acı taleyindən nəticə çıxaran Təbriz indi tam mədəni, tam yeni inqilab modelini - futbol inqilabı modelini İrana, ilk növbədə farslara sərgiləyir. Farsların feministik, Ariana sevdalı, şahpərəst inqilab topunu mahir bir futbolçu kimi öz qapısından vurub uzaqlaşdırır. Auta göndərir. Təbriz bu gün də oxşar digər təsadüfü topları öz qapısından uuzaqlaşdırmağa qadirdir.

    İranın taleyi Təbrizdə həll olunacaq.

    Artıq bir ildən çoxdur Güneydə biz özünüməxsus müstəqil hərəkətlərə, uzunvədəli əməliyyatlara əl atırıq. Təbriz özünün bəzi muxtar layihələri ilə ümumiran siyasi proseslərində istisna mövqeyini, həlledici mövqeyini işarələyir. Siyahıdakı "Traxtur" qələbəsi, Pezeşkianın qələbəsi tək, bircə nüsxədə görünməsin gözlərinizə. Cəfər Pənahi kimi kinorejissorlarımızın Kann qələbəsi bir daha sübut edir - uca Olimpdə biz öz triadamızı, yəni, uç məşəlimizi tüstülətdik.

    İdmanda, siyasətdə, sənətdə üç qələbə qazandıq. Triada, necə deyərlər, bizdədir.

    Bizə ərəblərin qanlı inqilabları, ərəb baharları, naharları yaraşmaz. Şərqi böyük xarabaya çevirən bu inqilab tələləri, modelləri Təbrizlik deyil. Biz, vaxtilə Hindistandakı qansız qandizm hərəkatını xatırladan bir yeni inqilab səfərbərliyi, modelini bölgəmizə, İrana sərgilədik. Furbol inqilabı, ağ inqilab modelimizlə tarixin, inqilablarının yeni səhifəsini açdıq. Bu ssenaridən, amandır, çıxmayaq.

    Vaxtilə, Rumınya kommunistləri Təbrizdə "Traktorsazi" karxanasını tikməklə İranda həm də inqilab qərargahı tikmək, gələcək sol inqilabın kadrlarını məhz bu karxanada yetişdirmək istəyirdilər. Aradan illər keçdi. Rumınyanın özündə indi solçular hakimiyyətdə deyil. Uzaq 1970-də vurulan bu küncdən zərbə, qapıya tuşlanan bu futbol topu bir-iki dəfə dirəkdən geri qayıtdı son 50 il ərzində. Qəfil öz zərbə trayektoriyasını, əyri xəttini düzəldi havada. Zamanda. Qapıçıdan yan ötüb, qapı torunu qəfil silkələdi. Qələbə topunu bu dəfə də tarixin qapısına sən vuracaqsan, doğma Təbrizim.

    P. S. Nümunəni İspaniyanın "Barselona" futbol azarkeşlərindən götürsək də, həmin projeyə öz əlavələrimizi də etdik. Kataloniya muxtariyyətçilərinin İspaniyadakı təcrübələrindən istifadə etdik lazımınca.