İrəvanın Zəngəzur dəhlizindən imtinası üçün İran nə vəd edir
Bu şirnikləndirici təklifləri İrəvana İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş gətirib
İran Ermənistanla yol ödənişlərini sıfırlamaq barədə razılığa gəlib.
Bunu İrəvanda səfərdə olan İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş deyib.
Onun sözlərinə görə, bu sayədə iş adamları üçün çox ciddi problem həllini tapacaq, belə ki, onlar daha az xərclə üçüncü ölkələrə mal daşıya biləcəklər.
İranlı nazir Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyanla "Şimal-Cənub" marşrutunun İranla həmsərhəd Aqarak şəhərindən Qacaran şəhərinədək uzanan 32 km uzunluqda cənub hissəsinin tikintisinə dair müqavilə imzalayıb.
Qeyd edək ki, İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Ermənistan Respublikasının regional idarəetmə və infrastruktur nazirinin dəvəti ilə bu səhər İrəvana gəlib.
Bu səfərdə iki ölkə arasında İran aviaşirkətləri üçün lisenziyaların verilməsi, yol rüsumlarının qaldırılması, Şimal-Cənub Dəhlizi və Fars Körfəzi-Qara dəniz dəhlizi çərçivəsində əməkdaşlığın təşviqi ilə bağlı əməkdaşlıq; habelə, dəmir yolu daşımalarının genişləndirilməsi və İranın logistika və liman imkanlarından istifadə edilməsi mövzularında danışıqlar və fikir mübadiləsi aparılıb.
Daha sonra Bəzrpas Araz çayı üzərində daha bir sərhəd körpüsünün tikintisi üçün işçi qrup yaradılması təşəbbüsü ilə çıxış edib. Mehrdad Bəzrpaş qeyd edib ki, mövcud körpünün tutumu artan yük daşımalarına uyğun gəlmir. Yenisinin tikintisi isə ikitərəfli iqtisadi əlaqələri stimullaşdırır. Lakin layihənin kim tərəfindən maliyəşdiriləcəyi haqda məlumat verilməyib.
Bundan başqa, Mehrdad Bəzrpaş vurğulayıb ki, Tehran erməni tikinti şirkətlərinin İran bazarına daxil olmasına dəstək verməyə hazırdır.
Bu təkliflərin əvəzində iranlı nazir Ermənistandan Arazdəyən(Yerasx)-Culfa-Meqri-Qoradiz dəmir yolundan imtina etməyi tələb edib. "İranın mövqeyi dəyişməz olaraq qalır: qondarma “Zəngəzur dəhlizi” qəbuledilməzdir" - İranın yol və şəhərsalma naziri deyib.
Mehrdad Bəzrpaş xatırladıb ki, İran ilk gündən bu yoldan razı olmadığını bəyan edib. Azərbaycan rəsmiləri ilə keçirilən bütün görüşlərdə bu mövqe səsləndirilib.
İran istəyir ki, Şərqi Zəngəzuru Naxçıvanla birləşdirən dəmir yolu onun ərazisindən keçsin və Ermənistan bu sahədə ona rəqabət yaradmasın.