ABŞ kəşfiyyatının məlumatına görə, İran “Şahed” pilotsuz uçuş aparatları (PUA) və qanadlı raketlərdən istifadə edərək İsrailə cavab zərbəsi endirməyi planlaşdırır. Bu barədə ABŞ-ın "CBS News" kanalı məlumat yayıb.
İddiaya görə, İranın cavabı mütənasib olacaq, yəni İsrailin region ölkələrindən birindəki səfirliyinə hücum ediləcək.
Kanalın məlumatına görə, hücumun 5-10 aprel tarixləri arasında baş verəcəyi gözlənilir.
Telekanal qeyd edir ki, dronların və raketlərin İraqdan, Suriyadan və ya İranın ərazisindən haradan atılacağı hələ də bəlli deyil.
İsrail hakimiyyəti dünyadakı 28 diplomatik missiyasının işini dayandırmağa qərar verib.
"The New York Times" mənbələrə istinadən yazıb ki, ABŞ və İsrail qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib İsrail Silahlı Qüvvələri döyüş hissələrinin buraxılmasını ləğv edib. Nəşrin məlumatına görə, İsrail ehtiyatda olan bəzi əsgərləri hava hücumundan müdafiə bölmələrinə çağırıb, GPS siqnallarını bloklayıblar.
İranın da iki rəsmisi bildirib ki, İslam Respublikasında silahlı qüvvələr də yüksək döyüş hazırlığı vəziyyətindədir.
İsrail aprelin ilk günü Suriyanın paytaxtı Dəməşq şəhərinə aviazərbələr endirib. Hücum nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 hərbçisi ölüb. Bunlar generallar Məhəmməd Rza Zahedi və Məhəmməd Hadi Haca Rəhimi, eləcə də SEPAH-ın zabitləri - Seyid Mehdi Cəlalati, Möhsün Sədaqat, Əli Ağa Babai, Seyid Əli Salehi Rozbahani və Hüseyn Əmanullahidir.
Tehran zərbə endirilən obyektin konsulluq binası olduğunu bildirib. İsrailin "Ynet" portalının iddiasına görə, İsrail İranın Suriyadakı konsulluğuna hücumu inkar edir, hücuma məruz qalan binanın İran səfirliyinə aid olmadığını iddia edir. Qeyd olunub ki, SEPAH-ın Qüds xüsusi təyinatlı qüvvələrinin istifadə etdiyi hərbi strukturdur.
İranın Dəməşqdəki səfiri Hüseyn Əkbəri dövlət televiziyasında bildirib ki, zərbə İsrail Hərbi Hava Qüvvələri tərəfindən F-35 qırıcılarından istifadə edilərək həyata keçirilib.
İranın Ali Dini Lideri və Prezidenti qisas alınacağını bildirib. İran prezidenti İbrahim Rəisi İsrailin bazar ertəsi İranın Suriyadakı konsulluq binasına hücumuna toxunaraq deyib ki, bu hadisə cavabsız qalmayacaq. Bir sıra İran rəsmiləri İsrailin dünyanın digər ölkələrindəki səfirliklərinə oxşar hücumlartəşkil etməyə çağırıb.