İran Məhkəməsi Fərid Səfərlinin hökmünü qüvvədə saxladı
Bunu İranda qanunsuz saxlanılan azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilyarə Əsgərova deyib
"Apellyasiya Məhkəməsi Fərid Səfərlinin şikayətini təmin etməyib. Qərara əsasən, onun barəsində olan hökm dəyişdirilmədən saxlanılıb. Fəridin əfv olunacağına ümidim var. Azərbaycan hökuməti onun azadlığa çıxması üçün əlindən gələni edir."
Bunu İranda saxlanılan azərbaycanlı tələbə Fərid Səfərlinin anası Dilyarə Əsgərova deyib.
Onun sözlərinə görə, Fəridin azadlığa buraxılması üçün aparılan danışıqlar nəticə verməsə, beynəlxalq məhkəmələrə müraciət edəcək.
“Hansı məhkəməyə müraciət edəcəyimizi hələ dəqiqləşdirməmişik. Çünki Azərbaycan oğlumun azad olunması üçün İranla danışıqlar aparır, onun azadlığa çıxacağına ümidim var”, - deyə qadın bildirib.
Dilyarə Əsgərova qeyd edib ki, oğlu psixoloji gərginlikdədir.
“Biz Fəridlə hər gün əlaqə saxlayırıq. Xaricə zəng etmək imkanı olmadığı üçün konsulluğa zəng edir, əlaqə saxlamağımızın yeganə yolu budur. O, saxlanma şəraitindən şikayət etmir. Törətmədiyi bir işdə ittiham olunmasından çox narahatdır”, - deyə D.Əsgərova əlavə edib.
Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Qabil oğlu Səfərli (1997-ci il təvəllüdlü) 2023-cü il fevralın 20-də İrana səfər edib və martın 4-dən ondan xəbər yoxdur. Sonradan onun həbs olunduğu məlum olub.
İyulun 19-da məhkəmə prosesində Fərid Səfərliyə qarşı irəli sürülən “casusluq” ittihamı “casusluq niyyəti” ilə əvəz edilib.
F.Səfərli 2 il müddətinə azadlıqdan məhrum edilib.