İran qazının tədarükü ilə əlaqədar heç bir fasilə yoxdur
Bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib

Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar İran və İsrail arasında gərginlik fonunda İrandan qaz tədarükündə heç bir fasilənin olmadığını bildirib.
Türkiyənin Energetika Nazirliyinin rəhbəri jurnalistlərlə söhbətində xatırladıb ki, Ankara 2019-cu ildən bəri İrandan neft almır və bu gün söhbət yalnız təbii qaz idxalından gedir.
Onun sözlərinə görə, regionda eskalasiya ilə əlaqədar Türkiyə iqtisadiyyatına təsir edən əsas mənfi amil enerji qiymətlərinin qlobal artımıdır.
“Bir barelinin qiymətinin 60 dollar olduğu neft bu gün 76 dollara qədər bahalaşıb. Oxşar vəziyyət qaz bazarı ilə də bağlıdır. Enerjidaşıyıcılarının alınmasına gəlincə, bu məsələdə heç bir problem yoxdur”, - deyə Bayraktar bildirib.