“Günəşli” yatağında yeni hasilat quyusu istismara verilib
Yataqdakı 341a nömrəli quyunun debiti sutkada 32 tondur
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizinin Azərbaycan sektorundakı “Günəşli” yatağında yeni hasilat quyusunu istismara verib.
“Günəşli” yatağındakı 341a nömrəli quyu debiti sutkada 32 ton olan quyu yan yol qazılaraq istismara verilib.
“Quyuda yaranan fəsadlara baxmayaraq, SOCAR əməkdaşlarının birgə səyi nəticəsində qazma işlərindən sonra uğurlu nəticə əldə edilib”, - deyə şirkətdən bildirilib.
Qeyd edək ki, “Günəşli” yatağı Bakıdan 120 km şərqdə, “Neft Daşları” dəniz yatağından 12 km cənub-şərqdə yerləşir. Bu ərazidə dəniz səviyyəsi 80-300 metr arasında dəyişir.
Hazırda “Günəşli” yatağında 370 quyu qazılıb, onlardan 279-u istismardadır. İşlənmənin əvvəlindən bu quyulardan 201,3 milyon ton neft (kondensat da daxil olmaqla) və 127 milyard m3-dən çox qaz hasil edilib.
Qeyd edək ki, “Günəşli” yatağında maksimum hasilat 1991-ci ildə olub. Həmin il 114 aktiv quyudan 6,7 milyon ton neft hasil edilib. 2008-ci ildə maksimal qaz hasilatı 6,6 milyard kubmetr olub. Hazırda yataq üçüncü işlənmə mərhələsindədir, onu SOCAR-ın “Azneft” İstehsalat Birliyinin Neft və Qazçıxarma İdarəsi idarə edir.