
İran İraq, Küveyt, BƏƏ, Qətər, Türkiyə və Bəhreyni xəbərdar edib ki, ABŞ-a hücumda hər hansı yardım, o cümlədən onların məkanından istifadə edilməsi "ciddi nəticələrə" malik düşmənçilik aktı kimi qiymətləndiriləcək. Bu barədə adının çəkilməsini istəməyən yüksək səviyyəli İran rəsmisi "Reuters" agentliyinə bildirib.
Eyni rəsminin sözlərinə görə, Tehran ABŞ-la Donald Trampın təklif etdiyi birbaşa danışıqları rədd edir, lakin Oman vasitəsilə danışıqları davam etdirməyə hazırdır. O qeyd edib ki, Birləşmiş Ştatlar “niyyətlərinin ciddiliyini nümayiş etdirərsə” bu cür danışıqlar tezliklə başlaya bilər.
Bu məlumatı şərh edən Türkiyə Xarici İşlər Nazirliyi xəbərdarlıqla bağlı heç nə bilmədiklərini, lakin başqa kanallarla da ötürülə biləcəyini bildirib. Küveyt daha əvvəl İranı əmin etmişdi ki, onun ərazisindən hücuma icazə verməyəcək.
“Reuters”in məqaləsində həmçinin deyilir ki, Tehran Moskvanın tam dəstəyinə şübhə edir, onun mövqeyi ABŞ danışıqlarının uğurundan asılı olaraq dəyişə bilər.