BQXK Laçın DSBM-də saxlanılan 3 erməni ilə görüşdü
BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib
30 və 31 avqust tarixlərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri avqustun 28-də saxlanılan üç şəxsə baş çəkilib.
Bu barədə ANS Press-ə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
O bildirib ki, saxlanılanlarla təkbətək görüş keçirilib və onlara ailələri ilə əlaqə yaratmaq imkanı yaradılıb.
Xatırladaq ki, avqustun 28-də 3 nəfər – Alen Sarqsyan, Vahe Hovsepyan və Levon Qriqoryan Laçın sərhəd-buraxılış məntəqəsində saxlanımış və 10 gün müddətinə inzibati qaydada həbs qərarı qəbul edilmişdi.
2021-ci ilin dekabr ayında sosial şəbəkələrdə, KİV-də erməni futbolçularının futbol matçı zamanı Azərbaycan Dövlət bayrağı üzərində təhqiredici hərəkətlər etmələri barədə videogörüntülər yayılmışdı.
O zaman Azərbaycan Baş Prokurorluğunun bununla bağlı yaydığı açıqlamada Ermənistanın hərbi-siyası rəhbərliyi özünün təcavüzkar mahiyyətini növbəti dəfə nümayiş etdirməklə milli ədavət və düşmənçilik niyyəti ilə beynəlxalq hüququn fundamental norma və prinsiplərini kobud şəkildə pozmaqla ölkəmizə qarşı təxribat yönümlü hərəkətləri davam etdirdiyi vurğulanmışdı.
Həmin faktla bağlı Azərbaycan Respublikası Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddəsi ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə olunub.
Qeyd olunmuşdu ki, iş üzrə hüquqi yardım haqqında vəsatətlər göndərilməklə digər ölkələrin prokurorluq orqanları, o cümlədən aidiyyəti dövlət qurumları ilə birgə cinayət törətmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlərin görülməsi təmin ediləcək.