XƏBƏRLƏR / Münaqişə

İslamabadda keçirilən İran-ABŞ danışıqları başa çatıb

YENİLƏNİB

İslamabadda keçirilən İran-ABŞ danışıqları başa çatıb
  • Oxuma müddəti:

    8 dəqiqə

  • 02:55

    İslamabadda Pakistanın vasitəçiliyi ilə İran və ABŞ arasında keçirilən danışıqların ilk günü 14 saatlıq intensiv məsləhətləşmələrdən sonra başa çatıb.

    Bu barədə İslam Respublikası hökumətinin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.

    "Pakistanın vasitəçiliyi ilə İran və Amerika nümayəndə heyətlərinin danışıqları 14 saatdan sonra başa çatıb və hazırda hər iki tərəfin texniki qrupları ekspert mətnlərinin mübadiləsini aparır. Mövcud fikir ayrılıqlarına baxmayaraq, danışıqlar prosesi davam etdiriləcək", - deyə paylaşımda bildirilib.

    "Tasnim" agentliyinin məlumatına görə, tərəflər bazar günü Pakistanın danışıqları davam etdirmək təşəbbüsünü təsdiqləyiblər.

    ***

    11 aprel 2026-cı iı

    19:35


    İslamabadda İran və ABŞ arasında keçirilən danışıqlar bəzi məsələlər üzrə ümumi müzakirə mərhələsini geridə qoyaraq texniki detallara keçib.

    Bu barədə “Tasnim” Agentliyi məlumat yayıb.

    Eyni zamanda, danışıqların bir gün uzadılması ehtimalı ilə bağlı müzakirələr aparılır, lakin bu hələ təsdiqlənməyib.

    İlkin görüşlər və məsləhətləşmələrdən sonra İran və ABŞ nümayəndə heyətləri arasında dialoq artıq bəzi ümumi mövzuları keçərək konkret detallara və texniki müzakirələrə daxil olub.

    Buna uyğun olaraq, hər iki tərəfin ekspertləri müəyyən məsələlərin detallı aspektlərini araşdırır.

    Danışıqlar ilkin olaraq bir günlük sessiya kimi planlaşdırılsa da, ekspert səviyyəli müzakirələrin davam etdirilməsi üçün onların əlavə bir gün uzadılması ehtimalı mövcuddur. Lakin bu məsələ hələ yekunlaşdırılmayıb.

    ***

    18:56

    İslamabadda ABŞ və İran nümayəndə heyətləri arasında danışıqlar birbaşa aparılır.

    Bu barədə Pakistanın dövlət televiziyası məlumat yayıb.

    Pakistan da keçirilən danışıqlarda İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Baqir Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edir.

    ABŞ nümayəndə heyətinin tərkibinə prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner daxildir.

    İran nümayəndə heyətində isə Mərkəzi Bankın rəhbəri Əbdolnasir Hemmati, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədian və xarici işlər naziri Abbas Əraqçi təmsil olunur.

    ***

    17:24

    İran-ABŞ danışıqları İslamabadda başlayıb.

    Bu barədə "Tasnim" məlumat yayıb.

    Qeyd edilib ki, Pakistanın vasitəçiliyi ilə baş tutan danışıqlar zamanı müzakirə edilən mövzular arasında Livanda atəşkəsin təmin edilməsinə İsrailin məcbur edilməsi, ABŞ-ın İranın aktivlərinin azad etməsi kimi məsələlər də daxildir.

    ***

    14:29

    ABŞ-nin vitse-prezidenti Cey Di Vens hazırda İslamabadda Pakistanın Baş naziri Şahbaz Şəriflə danışıqlar aparır.

    Bu barədə "Al-Jazeera" məlumat yayıb.

    Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, Küveyt, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

    Aprelin 8-də isə İran ilə ABŞ və onların müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.

    ABŞ və İran arasında İslamabadda danışıqlar yerli vaxtla 17:00-dan (Bakı vaxtı ilə 16:00) sonra başlamalıdır.

    Qeyd edək ki, ABŞ və İran arasında danışıqların əsas mövzuları kimi hərbi əməliyyatların dayandırılması, sanksiya siyasəti və regionun strateji kommunikasiyalarına nəzarət müəyyən edilib.

    Tehran dialoqun yalnız Livanda atəşkəs və sanksiyaların qismən ləğvi şərti ilə başlamasında israr edir, Vaşinqton isə məhdudiyyətlərin yumşaldılmasını yalnız Tehranın nüvə və raket proqramları ilə bağlı güzəştləri müqabilində müzakirə etməyə hazırdır.

    Tərəflər Hörmüz boğazının statusu məsələsində də fərqli mövqedədirlər: İran faktiki nəzarət və tranzit üçün ödəniş almaq hüququ tələb edir, ABŞ isə onun beynəlxalq gəmiçilik üçün tam açıq olmasında israrlıdır.

    Əlavə olaraq, Tehran dondurulmuş aktivlərin açılması və münaqişə nəticəsində ona dəyən ziyana görə kompensasiya ödənilməsi məsələsini qaldırır.

    İran həmçinin ABŞ qoşunlarının Yaxın Şərqdən çıxarılmasını və hücum edilməyəcəyinə dair zəmanət tələb edir, Prezident Donald Tramp administrasiyası isə tam razılaşma əldə olunana qədər hərbi mövcudluğun saxlanılmasını mümkün hesab edir və danışıqlar uğursuzluqla nəticələnəcəyi təqdirdə eskalasiyanı istisna etmir.

    ***

    13:40

    İran nümayəndə heyəti İslamabadda ABŞ ilə danışıqlar ərəfəsində bu gün Pakistanın Baş naziri Şahbaz Şəriflə görüş keçirib.

    Bu barədə İranın "Tasnim" agentliyi məlumat yayıb.

    Bildirilib ki, İran nümayəndə heyətinə parlamentin spikeri Məhəmməd Baqer Qalibaf rəhbərlik edir. Görüşdə xarici işlər naziri Abbas Əraqçi də iştirak edib.

    Görüşün detalları açıqlanmır.

    ***

    12:30

    ABŞ və İran arasında İslamabadda (Pakistan) danışıqlar bir gün davam edəcək.

    Bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

    Agentlik həmçinin, ABŞ KİV-lərinin danışıqların bir neçə gün davam edə biləcəyi barədə məlumatını təkzib edib.

    "Hazırda danışıqların bir gün davam etməsi planlaşdırılır", - "Tasnim" qeyd edib.

    Eyni zamanda, "Al-Khadath" telekanalı bildirib ki, ABŞ-İran danışıqları Pakistan vaxtı ilə saat 17:00-dan (Bakı vaxtı ilə 16:00) sonra başlayacaq.

    Danışıqların keçirilməsindən əvvəl İran nümayəndə heyəti yerli vaxtla saat 13:00-dan (Bakı vaxtı ilə 12:00) sonra Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşəcək.

    ***

    10:18


    Bəzi dəlillər İran və ABŞ arasında danışıqların bu günortadan sonra İslamabadda başlayacağını göstərir.

    "Tasnim" xəbər verir ki, bəzi mənbələr İran-ABŞ danışıqlarının yerli vaxtla səhər saat 8-də Pakistanın İslamabad şəhərində keçiriləcəyini elan etsələr də, bu mümkün deyil.

    Belə ki, nümayəndə heyətləri əvvəlcə Pakistanın Baş naziri Şahbaz Şəriflə ayrıca görüşəcək və daha sonra mümkün danışıqlar başlayacaq.

    Agentliyin əldə etdiyi məlumata görə, Qalibafın rəhbərlik etdiyi İran nümayəndə heyəti bu gün günorta saatlarından əvvəl Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşəcək.

    Əgər Amerika tərəfi İran nümayəndə heyətinin ilkin şərtlərini qəbul edərsə, danışıqlar bu gün günortadan sonra İslamabaddakı "Serena" otelində başlayacaq.

    ABŞ-ın birinci vitse-prezidenti J.D. Vancenin rəhbərlik etdiyi Amerika nümayəndə heyəti təxminən 300 nəfərlik heyətlə birlikdə İran nümayəndə heyətindən əvvəl Pakistana gəlib və İslamabaddakı səfirliyində yerləşdirilib.

    Bu danışıqlarda iştirak edən İran nümayəndə heyətinə siyasi komitənin rəhbəri Abbas Əraqçi, iqtisadi komitənin rəhbəri Abdolnasser Hemmati, hərbi komitənin rəhbəri, kontradmiral Əhmədian və hüquq komitəsinin rəhbəri İsmayıl Bəqai daxildir.

    ***

    06:40

    İran parlamentinin sədri Məhəmmədbaqer Qalibafın rəhbərliyi altında İslam Respubliklasının nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Pakistanın İslamabad şəhərinə gedib.

    Bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.

    Bildirilib ki, nümayəndə heyətinə təhlükəsizlik, siyasi, hərbi, iqtisadi və hüquq komitələrinin üzvləri daxildir.

    Qeyd olunub ki, Qalibafı İranın xarici işlər naziri Abbas Əraqçi, Müdafiə Şurasının katibi Əli Əkbər Əhmədian, Mərkəzi Bankın sədri Əbdülnasir Hemməti də müşayiət edirlər.

    VİDEO

    Məlumata görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens, Prezident Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner də İslamabad şəhərinə çatıblar.

    "Qarşı tərəf danışıqların başlaması üçün İranın ilkin şərtlərini qəbul edərsə, bu danışıqlar başlayacaq", - məlumatda bildirilib.