XƏBƏRLƏR / Münaqişə

İran XİN G7 liderlərinin birgə bəyanatını pisləyib

Bunu İran XİN-in sözçüsü İsmayıl Bəqai deyib

İran XİN G7 liderlərinin birgə bəyanatını pisləyib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • İranın Xarici İşlər Nazirliyi (XİN) Kanada hökumətinin bazar ertəsi dərc etdiyi G7 liderlərinin birgə bəyanatını pisləyir.

    Bunu İran XİN-in sözçüsü İsmayıl Bəqai “X” sosial şəbəkəsində bildirib.

    "G7 liderlərinin bəyanatında İsrailin İrana qarşı açıq təcavüzü və bizim dinc nüvə infrastrukturumuza qarşı qanunsuz hücumları, həmçinin yaşayış məntəqələrinə qarşı qeyri-seçici zərbələr və vətəndaşlarımızın öldürülməsi açıq şəkildə gözardı edilir. G7-nin üzvü olan dövlətlər, xüsusilə BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, BMT üzvünə qarşı bu açıq təcavüz aktına görə hüquqi və mənəvi məsuliyyət daşımalıdır", - o qeyd edib.

    İ.Bəqai həmçinin yazıb ki, İsrail dinc nüvə obyektlərinə qarşı güc tətbiqi/güc tətbiqi təhdidinin qadağan olunmasına baxmayaraq, BMT Nizamnaməsinin 2-ci maddəsini 4-cü bəndini pozaraq İranın nüvə obyektlərinə hücum edib.

    O qeyd edib ki, hücumlar nəticəsində yüzlərlə günahsız insan öldürülüb, xəstəxanalar və tibb mərkəzləri də daxil olmaqla ictimai və dövlət obyektləri dağıdılıb.

    Xatırladaq ki,"Yeddilik Qrupu" (G7) ölkələri liderlərinin Kanadanın Kanananskis əyalətində keçirilən sammitinin birgə bəyanatında deyilir:

    "Biz, G7 liderləri, Yaxın Şərqdə sülh və sabitliyə sadiqliyimizi bir daha təsdiqləyirik.

    Bu kontekstdə biz İsrailin özünümüdafiə hüququna malik olduğunu bir daha təsdiq edirik. Biz İsrailin təhlükəsizliyinə dəstəyimizi bir daha təsdiq edirik.

    Biz həmçinin mülki şəxslərin müdafiəsinin vacibliyini bir daha təsdiqləyirik.

    İran regional qeyri-sabitliyin və terrorun əsas mənbəyidir.

    Biz ardıcıl olaraq bəyan etmişik ki, İran heç vaxt nüvə silahına malik ola bilməz.

    Biz Qəzzada atəşkəs də daxil olmaqla, Yaxın Şərqdə hərbi əməliyyatların daha geniş şəkildə deeskalasiyasına gətirib çıxarmaq üçün İran böhranının həllinə çağırırıq.

    Biz beynəlxalq enerji bazarları üçün nəticələri yaxından izləməyə davam edəcəyik və bazar sabitliyini təmin etmək üçün həmfikir tərəfdaşlarla da daxil olmaqla, hərəkətləri əlaqələndirməyə hazırıq."