İrana qayıdan səfirimizdən paylaşım
Ötən ilin yanvarında Tehrandakı səfirliyə silahlı hücumdan sonra səfirliyin fəaliyyəti dayandırılmışdı
"Səfirliyimizin fəaliyyətinin yeni ünvanda bərpası ilə xidmətimizi davam etdirmək üçün bu gün Tehrana qayıtdıq."
Bunu Azərbaycanın İrandakı səfiri Əli Əlizadə öz şəxsi "Facebook" hesabında yazıb.
"İnanıram ki, birgə səylərimizlə qarşılıqlı hörmətə, dostluğa və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin daha da möhkəmlənməsinə, əməkdaşlığımızın daha da genişlənməsinə nail olacağıq", - deyə səfir bildirib.
Xatırladaq ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.
Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 3 fevral 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib.
Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.
Terror aktını törədən Yasin Hüseynzadə saxlanılıb.
Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları 29 yanvar 2023-cü il tarixində Tehrandan Bakıya təxliyə olunub. Səfirlik əməkdaşları və onların ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb.
Azərbaycanın İrandakı səfirliyinə hücum etmiş Yasin Hüseynzadənin bir il ərzində məhkəməsi keçirilib.
İran Ədliyyə Nazirliyi onun barəsində edam hökmünün çıxarıldığı barədə məlumat yayıb.