XƏBƏRLƏR / Qonşular

Ermənistanda hərbi parad keçirilib YENİLƏNİB

Paradda əsasən məhz 2022-ci ildən sonra alınmış silahlar nümayiş etdirilib

Ermənistanda hərbi parad keçirilib YENİLƏNİB
  • Oxuma müddəti:

    4 dəqiqə

  • 13:23

    “Ordunun yeganə vəzifəsi Ermənistan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədlərini qorumaqdır”.

    Ermənistan KİV-i xəbər verir ki, bunu mayın 28-də İrəvanda Respublika Günü ilə bağlı keçirilən hərbi paradda çıxış edən baş nazir Nikol Paşinyan bildirib.

    Onun sözlərinə görə, Ermənistan ordusu beynəlxalq müqavilələr əsasında həyata keçirilən sülhməramlı missiyalar istisna olmaqla, respublikanın sərhədlərindən kənarda istifadə edilməməlidir. Baş nazir qeyd edib ki, bu gün paradda nümayiş etdirilən silahların alınması da məhz bu yanaşma sayəsində mümkün olub.

    “2022-ci ilə qədər xarici hərbi texnika və silah bazarları əsasən bağlı idi və ya Ermənistanın onlara çıxışı çətinləşdirilmişdi. Beynəlxalq tərəfdaşlar bizə silah verməkdən imtina edirdilər, çünki əmin idilər ki, Ermənistan həmin silahları beynəlxalq səviyyədə tanınmış ərazisindən kənarda istifadə edəcək. Yalnız Praqada əldə olunan razılaşmalardan sonra, Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıdıqdan sonra beynəlxalq silah bazarı İrəvan üçün açıldı”, - deyə Ermənistan hökumətinin başçısı bildirib.

    Paşinyan əlavə edib ki, bugünkü paradda 7 ölkədə istehsal olunmuş silahlar nümayiş etdirilib. Onun sözlərinə görə, bu hərbi əməkdaşlığın coğrafiyası “Real Ermənistan” konsepsiyasına əsaslanan siyasətin nəticəsidir.

    “Paradda həmçinin Ermənistanın özündə istehsal olunan texnika və silahlar da nümayiş etdirilir. Bu istehsal bu gün beynəlxalq bazarda öz yerini tutmaq üçün ilk, lakin inamlı addımlarını atır”, -  deyə baş nazir vurğulayıb.

    Paşinyanın sözlərinə görə, 2022-ci ildən etibarən Ermənistan hökuməti hərbi-sənaye kompleksinə təxminən 170 milyard dram sərmayə yatırıb.

    ***

    10:50

    Bu gün Ermənistanda Respublika Günü qeyd olunur.

    Respublika Günü münasibətilə İrəvandakı Respublika meydanında hərbi parad keçirilir.

    Bu, son 10 ildə keçirilən ilk paraddır.

    Respublika Meydanında keçirilən hərbi parada Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Edvard Asryan rəhbərlik edir. Paradı Ermənistanın müdafiə naziri Suren Papikyan izləyir.

    Dəvət olunmuş qonaqlar arasında xarici ölkələrin səfirləri də var.

    Ermənistan sakinləri və paytaxtın qonaqları paradı izləyir.

    Paradda əsasən məhz 2022-ci ildən sonra alınmış silahlar nümayiş etdirilir.

    Bura Rusiya, Hindistan, Fransa, İran, Çin və bir sıra digər ölkələrdən alınan silah və hərbi texnika daxildir.

    Ermənistan KİV-i yazır ki, silahların əksəriyyəti ilk dəfə nümayiş olunur. Bunların arasında TOS-1 ağır odsaçan sistemləri və Rusiya istehsalı olan Pole-21 elektron müharibə var. İctimaiyyət ilk dəfə olaraq Hindistan silahlarını - Pinaka MLRS, ATAGS yedəkli haubitsaları, MArG özüyeriyən artilleriya qurğuları, Akash zenit-raket sistemləri və tank əleyhinə sistemləri görür. Hərbçilər həmçinin Fransa istehsalı olan Sezar özüyeriyən haubitsaları və Bastion zirehli maşınlarını, İran istehsalı olan AD-08 Məcid hava hücumundan müdafiə sistemlərini və Çin istehsalı olan CH-4 strateji dronlarını nümayiş etdirirlər. Bunlar hücum və kəşfiyyat PUA-larıdır.

    Baş nazir Nikol Pashinyan bildirib ki, bu parad müəyyən mənada Ermənistanın 2022-ci ildən sonra əldə etdiyi silah və hərbi texnikanın hesabatıdır.

    Siyasi müxalifət qüvvələri isə bunu seçkiqabağı təşviqata yönəlmiş addım hesab edirlər.

    Ermənistanın Müdafiə Nazirliyi bəyan edib ki, hərbi parad çərçivəsində 3 artilleriya yaylımı solacaq, həmçinin Ermənistan Silahlı Qüvvələrinin aviasiyası uçuş həyata keçirəcək.