İrandakı səfirliyimizə hücum edən şəxs edam olunub FOTO
Azərbaycanın Tehrandakı səfirliyinin nümayəndəsi bu gün səhər qərarın icrasında iştirak edib YENİLƏNİB

10:50
“Mənim üçün vacib olan oğlumun qatilinin layiq olduğu cəzanı almasıdır. O, cəzasını aldı. Buna görə, Azərbaycan Prezidentinə minnətdaram. Ailəmiz adından dövlət başçısına təşəkkür edirik”.
Bunu Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı həlak olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun atası Rizvan Əsgərov APA-ya deyib.
Azərbaycanın Tehrandakı səfirliyinə hücum edən Yasin Hüseynzadə barəsində məhkəmənin edam qərarının icrasına münasibət bildirən R. Əsgərov bunları deyib: “Şübhəsiz ki, məhkəmə qərarının icrasında iştirak etmək istəyirdim. Əvvəlcə İran tərəfi valideynin icra prosesində iştirakının vacib olduğunu bildirmişdi. Mən də iştirak etmək istəyirdim. Ancaq Azərbaycanda ölüm hökmü olmadığı üçün bizim ölkənin vətəndaşı gedib başqa ölkədə ölüm hökümünün icrasını izləyə bilməz. Onlar da bununla razılaşdılar. Biz icrada iştirakı vəkilimizə həvalə elədik. Məndə olan məlumata görə, səfirliyin nümayəndəsi də bu gün səhər qərarın icrasında iştirak edib”.
***
10:16
Bu gün səhər saatlarında Azərbaycanın İrandakı səfirliyinə hücum edən şəxs edam olunub.
İran mənbələri xəbər verir ki, bu barədə İranın Məhkəmə Sistemi məlumat yayıb.
Bildirilib ki, hökm Ali Məhkəmənin aşağı instansiya məhkəməsinin qərarını təsdiqləməsindən sonra icra olunub.
Xatırladaq ki, hadisə 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30-da baş verib. Yasin Hüseynzadə “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin əməkdaşları Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.
Azərbaycan Xarici İşlər Nazirliyi yanvarın 30-da səfirliyin əməkdaşlarını Tehrandan təxliyə edib və səfirliyin fəaliyyəti dayandırılıb. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətində Azərbaycan Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
2023-cü il fevralın 3-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.
Hadisədən sonra Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyəti dayandırılıb. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvləri 2023-cü il yanvarın 29-da Tehrandan Bakıya təxliyə olunub.
İki dövlət arasında aparılmış danışıqlar nəticəsində 2024-cü il iyulun 15-dən etibarən Azərbaycanın İrandakı səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib, səfir və səfirliyin heyəti İrana geri dönüb.
Terror aktını törədən Yasin Hüseynzadənin isə iki il ərzində məhkəməsi keçirilib. Məhkəmədən sonra İran Ədliyyə Nazirliyi onun barəsində edam hökmünün çıxarıldığı barədə məlumat yayıb. İran Ali Məhkəməsi səfirliyə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib və iş Tehrana cinayət hökmlərinin icrasına göndərilib.