İyul ayının 27-də saat 10:50-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Cəlilabad rayonunun Məlikqasımlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Bu barədə DSX-dən bildirilib.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhəd xətti istiqamətində kolluq ərazidə gizlədilmiş bir ədəd bağlamada ümumi çəkisi 8 kiloqram 200 qram narkotik vasitə “marixuana”, narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən 1725 ədəd “pregobalin 150” və 12 ədəd “Golden wolf” həbi aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.