BLOQ

İranlıların əksəriyyəti seçkiləri boykot etdi

Aşağı seçici fəallığı radikal mühafizəkarlara qarşı ictimai etiraz sayıla bilər

İranlıların əksəriyyəti  seçkiləri boykot etdi
  • Oxuma müddəti:

    2 dəqiqə

  • İranda 1 mart seçkiləri gözlənildiyi kimi intriqasız keçdi. 2020-ci il parlament seçkiləri və 2021-ci il prezident seçkilərində 50 faizdən aşağı düşən seçici fəallığı bu dəfə 40 faizdən aşağı düşüb. Hökumət seçicilərin 40 faizinin, müxalifətin, eləcə də Qərb mediasının 34 faizinin seçici fəallığının olduğunu bildirir. 

    İran hakimiyyəti seçki namizədlərini xüsusi “süzgəcdən” keçirərək, nəticələrdən çox seçici fəallığına diqqət yetirib. Ölkənin ali dini lideri, din xadimləri və SEPAH komandanlığının davamlı çağırışlarına baxmayaraq, seçici fəallığı əvvəlki seçkilərlə müqayisədə bir qədər azalıb və 40 faizdən aşağı düşüb. Paytaxt Tehranda isə seçici fəallığı cəmi 11% olub. Bununla belə, ölkə rəhbərliyi seçici fəallığına az qala ümummilli məsələ, Qərbə cavab kimi baxırdı.

    Seçkilərin boz keçməsinin iki əsas səbəbi var:

    1. Mövcud rejimdən, ölkədəki sosial-iqtisadi və siyasi vəziyyətdən narazı kütlənin passiv etirazı. Bu, əvvəlki seçkilərdə həmişə boykot və etiraz xəttinə sadiq qalan ənənəvi müxalifət kütləsidir. Onların sayı azdır.

    2. Əsas narazılıq odur ki, “islahatçılar” qanadının seçkilərdə iştirakına icazə verilmədi. Konstitusiya Keşikçiləri Şurası (Şurai Negahban) keçmiş prezident Həsən Ruhaninin də daxil olduğu əksər “islahatçıların” namizədliyini rədd edərək, ümumi seçki prosesinə etimadı sarsıdıb. Nəticədə, keçmiş prezident Məhəmməd Hatəmi də daxil olmaqla, islahat qanadına yaxın olan nüfuzlu şəxslər seçkiləri boykot etməyə çağırıblar.

    Hakimiyyətdəki ultra-mühafizəkar qanad və hərbçilər (SEPAH) dövlətin bütün əsas sahələrinə nəzarəti davam etdirmək üçün seçki sisteminə nəzarəti saxlamağa çalışırlar ki, bu da etirazlara səbəb olur. Nəticədə bir çox seçici passiv etirazı seçdi. Onların bəziləri seçki məntəqələrinə gedərək qutuya boş bülletenlər atıblar.